Modern.az

Mərkəzi Asiyada yeni ittifaq YARADILACAQ

Mərkəzi Asiyada yeni ittifaq YARADILACAQ

Analitika

20 Noyabr 2025, 17:47

Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə qəbul edilmiş qərar son illərin ən əhəmiyyətli diplomatik nəticələrindən biri oldu.

Belə ki, Azərbaycan rəsmi olaraq regional inkişafın ən həssas və strateji əhəmiyyətli məsələlərinin müzakirəsi üçün səmərəli format kimi çıxış edən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi qoşulub.

Hazırki formatın Azərbaycanın da iştirakı ilə daha da güclənməsi gözlənilir. Habelə iştirakçı dövlətlərin iqtisadi imkanları nəzərə alındıqda formatın dəyişməsi, onun daha institusional iqtisadi birliyə çevrilməsi ehtimallarını gündəmə gətirir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələrinin yeni regional əməkdaşlıq təşkilatının yaradılmasını təklif edib. Mirziyoyev yeni qurumu “Mərkəzi Asiya İttifaqı” adlandıraraq bunun bölgədə iqtisadi inteqrasiyanı gücləndirmək məqsədi daşıdığını bildirib.

O, qeyri-rəsmi formatda keçirilən liderlər görüşlərinin rəsmi regional bloka çevrilməsini təklif edib.

Özbəkistan lideri həmçinin iqtisadiyyat, təhlükəsizlik və ekoloji sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Zəngin enerji və mineral ehtiyatlara malik Mərkəzi Asiya uzun illər iqtisadi və siyasi baxımdan Rusiyanın təsirlərinə məruz qalıb, lakin son dövrlər region Qərbin diqqət mərkəzinə düşüb. Çin isə bölgədə kommersiya təsirini daha da gücləndirir.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli bildirib ki, Mərkəzi Asiya regionu son illərdə həm iqtisadi dinamika, həm də siyasi inteqrasiya baxımından diqqət mərkəzindədir:

“Məşvərət Məclisi, mahiyyət etibarilə, Mərkəzi Asiya dövlət başçılarının regional məsələləri müzakirə etdiyi yüksək səviyyəli siyasi platformadır. Lakin son illərdə formatın strukturlaşdırılması istiqamətində bir sıra addımlar atılıb.

Milli Koordinatorlar Şurasının yaradılması, qərarların icrasına nəzarət mexanizminin formalaşması, iqtisadi, nəqliyyat və enerji üzrə paralel tədbirlər toplantıları siyasi səviyyədən çıxarıb çoxsahəli platformaya çevirir.

Azərbaycanın tamhüquqlu iştirakçı kimi qəbul edilməsi formatın genişlənməyə və regional blokdan daha artıq bir struktur olmağa meyilli olduğunu göstərir.

Mərkəzi Asiya ölkələri uzun illər ərzində həm Rusiya, həm də Çin kimi böyük güclərin təsir dairəsində olsalar da, son dövrdə müstəqil regional siyasət qurmağa daha çox maraq göstərirlər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Mərkəzi Asiya İcması” ideyasını irəli sürməsi də məhz bu istiqamətdə düşünülmüş addımdır. Bu təşəbbüs gələcəkdə institusional blokun yaranması üçün siyasi iradənin mövcudluğunu göstərir.

Region ölkələri enerji resursları, su ehtiyatları, nəqliyyat marşrutları və sərhəd keçidlərinin açıq şəkildə koordinasiya edilməsini tələb edir. Orta Dəhliz kimi böyük layihələrin uğuru da məhz belə koordinasiyadan asılıdır. Bu isə inteqrasiyanın təbii zərurət olduğunu göstərən əsas amildir”.

Deputatın sözlərinə görə, Avropa Birliyinin Global Gateway proqramı çərçivəsində Mərkəzi Asiyaya yönəltdiyi iri maliyyə və infrastruktur yatırımları regionda normativ standartlaşdırmanı, qanunvericilik uyğunluğunu, institusional şəffaflığı və idarəetmə harmonizasiyasını gücləndirir ki, bu da  Avropa modelinin müəyyən elementlərinin Mərkəzi Asiyaya köçürülməsi üçün əlverişli zəmin yarada bilər:

“Mərkəzi Asiya ölkələrinin Avropa İttifaqı kimi supradövlət səlahiyyətlərinə malik struktura çevrilməsi üçün bəzi fundamental maneələr mövcuddur.

Avropa İttifaqının təcrübəsi göstərir ki, dərin inteqrasiya üçün üzv dövlətlər suverenliklərinin müəyyən hissəsini Brüsselə ötürməyə razı olmalıdırlar. Mərkəzi Asiya ölkələrində isə siyasi sistemlərin xarakteri, dövlətçilik mədəniyyəti və idarəetmə ənənələri belə bir addımı çətinləşdirir.

Rusiya və Çin regionda təsirini itirmək istəmir. Tam müstəqil və güclü regional ittifaqın yaranması isə bu balansı dəyişə bilər. Bu səbəbdən xarici təzyiqlər inteqrasiya prosesinin sürətini azalda bilər.

Avropa İttifaqı çoxpilləli administrativ aparata, qanunverici və icraedici institutlara, daimi katibliklərə malikdir. Mərkəzi Asiya ölkələri isə hələlik belə bir struktur yaratmaq mərhələsinə keçməyiblər.

Region ölkələri arasında siyasi rejimlər, idarəetmə modelləri və demokratik standartlar kəskin fərqlənir. Bu, vahid normativ məkanın formalaşdırılmasını çətinləşdirir.

Strateji proqnoz olaraq Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Məclisinin gələcəkdə daha geniş və institusional inteqrasiya qurumu kimi formalaşması real və ehtimalı yüksək olan bir prosesdir.

Qısamüddətli perspekivdə iqtisadi əməkdaşlığın genişlənməsi, nəqliyyat və enerji layihələrinin koordinasiyası, institusional mexanizmlərin formalaşması mümkündür.

Uzunmüddətli perspektivdə isə vahid iqtisadi məkanın formalaşması və ya daha sıx iqtisadi inteqrasiya modelinin yaradılması ehtimal oluna bilər  Tam AB modelinə keçid ehtimalı isə çox azdır.

Bütövlükdə isə, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Məclisi artıq adi sammit formatından çıxaraq regionda inteqrasiyanın əsas koordinasiya platformasına çevrilməkdədir. Azərbaycanın bu prosesdə iştirakı formatı daha geniş regional əməkdaşlıq müstəvisinə daşıyır. Ümumilikdə, mövcud tendensiyalar göstərir ki, Mərkəzi Asiya uzunmüddətli perspektivdə vahid iqtisadi mərkəzə çevrilə bilər, lakin bu proses ehtiyatla, mərhələlərlə və regional güc balansı nəzərə alınmaqla həyata keçiriləcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə