Modern.az

Güclü lider, güclü dövlət - Azərbaycan və Ukrayna reallıqları fonunda

Güclü lider, güclü dövlət - Azərbaycan və Ukrayna reallıqları fonunda

Analitika

22 Noyabr 2025, 16:05

Dörd ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi zamanın sınağına çevrildikcə, Ukraynanın qarşısında duran dilemmanın özlüyündə daha da dərinləşdiyi müşahidə olunur. Ukrayna rəhbərliyi müharibənin ilk mərhələsində əldə etdiyi beynəlxalq dəstəyi və daxili birlik ovqatını uzun müddət qorumağa ümid etsə də, hazırkı vəziyyət göstərir ki, bu strategiya həm hərbi, həm diplomatik, həm də psixoloji aspektdən öz limitlərinə çatıb. Bu gün isə Ukrayna cəmiyyəti müharibənin uzun müddət davam etməsinin səbəblərini rəhbərlik tərəfindən ölkəni sülhə apara biləcək real planın təqdim olunmaması ilə əlaqələndirir.

Ukraynada müharibənin uzanması cəmiyyətdə yorğunluq, narazılıq və ümidsizlik hisslərini artırır. Yaşanan humanitar itkilər və daimi təhlükə şəraiti əhalinin psixoloji tükənmişliyini daha da dərinləşdirir. Artıq bir çox ukraynalı üçün müharibə “qələbə və ya məğlubiyyət” məfhumundan çox “dayandırılmalı olan proses” kimi görünür.

Cəmiyyətdə ərazi güzəştləri də daxil olmaqla, “sülh üçün kompromis” fikirləri formalaşıb. Çünki Ukrayna ordusu bir sıra taktiki uğurlar qazansa da, bu uğurların strateji nəticələr yaratmadığı faktdır. Uzun müddət davam edən müharibə nəticəsində Ukraynanın canlı qüvvə ehtiyatları tükənir, uzunmüddətli müdafiə əməliyyatları resurs və logistika baxımından daha çətinləşir, əlillərin sayında artım, könüllülərin sayında isə azalma müşahidə olunur, Qərbin hərbi yardımı isə əvvəlki səviyyədə deyil və daha çox siyasi şərtlərlə gəlir.

Müharibənin ilk vaxtlarında Ukraynanın ən böyük gücü beynəlxalq dəstək idi. Lakin vaxt keçdikcə bu dəstəyin intensivliyi azalıb. Qərb ölkələrində ictimaiyyətin Ukraynaya yardımların davam etdirilməsinə münasibəti dəyişib, siyasi dairələrdə isə “Ukrayna müharibəsinin sonsuzluğu” narahatlıq doğurmağa başlayıb. Bir çox siyasi analitiklər isə bu vəziyyəti Ukrayna hökumətinin diplomatik strategiyasının zəifliyi ilə əlaqələndirirlər.

Trampın 28 bəndlik planının Ukrayna-Rusiya münaqişəsinə təsiri

ABŞ Prezidenti administrasiyası tərəfindən irəli sürülən 28 maddəlik sülh sənədi isə Ukrayna-Rusiya münaqişəsinin gedişatında yeni mərhələnin başlanğıcına işarə edir. Sənədin hazırlanması onu göstərir ki, Vaşinqton indi açıq şəkildə müharibənin sonsuzluq fazasına keçməsinin qarşısını almağa çalışır. Artıq Avropa İttifaqı (Aİ) daxilində də müharibənin sonsuz şəkildə davam etməsinin Avropaya iqtisadi, hərbi və sosial baxımdan ağır zərbə vurduğu açıq şəkildə etiraf olunur. Bu səbəbdən Avropanın bir çox dövlətləri Kiyevin emosional siyasətinə deyil, ABŞ-ın ortaya qoyduğu “praqmatik sülh” konsepsiyasına yaxınlaşır. Çünki Avropa İttifaqı daxilində Ukrayna ilə bağlı vahid mövqeni qorumaq çətinləşib. Bir sıra Avropa ölkələri Ukraynanın son aylarda apardığı siyasəti qeyri-ciddi və qeyri-praqmatik hesab edir. Hətta Ukraynanın öz daxili problemlərini gizlətmək üçün müharibənin uzanmasında maraqlı olduğu düşünülür.

ABŞ Prezidenti Donald Trampın 28 bəndlik planının təklif olunmasından sonra Ukrayna Prezidenti Volodimir Zelenskinin Ukrayna xalqına müraciətindəki açıqlaması, – “Ukrayna ya öz ləyaqətini, ya da mühüm tərəfdaşını itirə bilər”, – əslində, Kiyevin diplomatik sferada nə qədər çıxılmaz vəziyyətə düşdüyünü göstərir. Bu açıqlama bir daha təsdiqləyir ki, Ukrayna Qərbin dəstəyindən tam asılı vəziyyətə düşüb, alternativ təhlükəsizlik modeli formalaşdıra bilməyib, Ukrayna danışıqlarda öz şərtlərini irəli sürəcək gücdə deyil və Kiyev üçün indi əsas məsələ “qələbə” deyil, “tam məğlub olmadan prosesdən çıxmağın yolu”dur.

Azərbaycanın müharibə təcrübəsi və güclü Liderlik nümunəsi

Bu gün Ukraynada davam edən qeyri-müəyyənlik, diplomatik təzyiqlər və hərbi dalana dirənmiş müharibə fonunda yaddaşları Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan dövrə yönəltmək zərurəti yaranır. Çünki iki ölkənin müharibə təcrübələri, beynəlxalq münasibətlərdə üzləşdikləri çətinliklər və böhran anlarında ortaya qoyduqları davranışlar arasında ciddi fərqlər var. Məhz bu fərqlərdən doğan nəticələr də bu gün iki ölkəni tamamilə müxtəlif reallıqlara aparıb.

Azərbaycan 1990-cı illərdən başlayaraq işğal gerçəkliyi ilə üzləşib. Belə ki, 30 il ərzində xalq öz torpaqlarının azad olunması üçün siyasi və diplomatik mübarizə aparıb. Lakin həmin dövrdə özlərini beynəlxalq hüququn, ədalətin və insan haqlarının müdafiəçisi kimi təqdim edən qüvvələr Azərbaycanın səsini eşitmək istəməyiblər. Faktlar, sənədlər, təcavüz aktları, minlərlə qaçqın və məcburi köçkün – bütün bunlara baxmayaraq dünya Azərbaycanın haqlı mövqeyinə qarşı 30 illik səssizlik nümayiş etdirib. Bu çətinliklər fonunda Azərbaycan dövlətinin davranışını formalaşdıran əsas amil isə güclü liderlik nümunəsidir. Prezident İlham Əliyevin davam etdirdiyi qətiyyətli, məqsədyönlü və praqmatik siyasəti ölkəni həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan davamlı şəkildə gücləndirib. Azərbaycan torpaqlarının işğal dövründə diplomatiyada ardıcıl və prinsipial xətt tutub, paralel şəkildə öz Ordusunu modernləşdirib, iqtisadi müstəqilliyini möhkəmləndirib, beynəlxalq arenada nüfuzunu artırıb. Həmçinin Azərbaycan öz haqlı mövqeyini beynəlxalq təşkilatlara, aparıcı dövlətlərə və regional güclərə çatdırmaq üçün ardıcıl fəaliyyət göstərib. Lakin Azərbaycanın haqlı tələbləri, ədalətli çağırışları, pozulmuş hüquqların bərpası üçün səsləndirdiyi mesajlar, təəssüf ki, beynəlxalq gündəmdə kifayət qədər əksini tapmayıb. Bu çətin və qeyri-bərabər şərtlər fonunda Prezident İlham Əliyev ölkəni həm siyasi, həm iqtisadi, həm də geosiyasi baxımdan yeni mərhələyə daşıyıb. Ermənistanın havadarlarının status-kvonu rəsmiləşdirmək cəhdləri isə tamamilə iflasa uğrayıb. Azərbaycan nəinki zəifləməyib, əksinə, günü-gündən daha güclü, daha çevik və daha təsirli aktora çevrilib. Nəhayət, 2020-ci ildə Azərbaycan heç kimdən yardım almadan, yalnız öz siyasi iradəsinə, güclü Ordusuna, milli həmrəyliyinə və Liderinə güvənərək haqq savaşında şanlı Qələbə qazanıb, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Ən önəmlisi isə odur ki, müharibədən sonra yaranmış yeni reallıq bütün dünya tərəfindən qəbul edilib və hər kəs Azərbaycanın haqq işinə qarşı çıxmağın mümkün olmadığını görüb. Bütün bunlar güclü, xarizmatik, strateji baxışa malik, milli maraqları hər şeydən üstün tutan Lider fenomeninin nəticəsidir.

Sülh, sabitlik və güc - Azərbaycanın uğurlu strategiyası

Müasir beynəlxalq münasibətlərdə dövlətin gücü yalnız iqtisadi imkanlarla ölçülmür, onun təməlində liderlik dayanır. Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycanı yalnız regional siyasətdə fəal aktora çevirməyib, həm də ölkənin gücünü real faktora, milli maraqlarını prinsipial mövqeyə əsaslandırıb. Azərbaycanın diplomatiyası hərbi-siyasi güclə uzlaşdırılıb, beynəlxalq münasibətlərdə balans yaradılıb və ölkə Cənubi Qafqazda regional təhlükəsizliyin əsas oyunçusuna çevrilib. 44 günlük Vətən müharibəsi bu modelin ən parlaq təsdiqidir. Belə ki, Azərbaycanın 2020-ci ilin Vətən müharibəsindən sonra əldə etdiyi Qələbə yalnız ərazi bütövlüyünü bərpa etməklə kifayətlənməyib, həm də ölkənin daxili və xarici siyasətində yeni reallıqlar yaradıb. Bu gün Azərbaycan həm regional, həm də qlobal səviyyədə sabitliyin və sülhün qorunmasında mühüm oyunçulardan biri kimi çıxış edir.

Dövlətin daxili siyasəti sabitliyi təmin edir, iqtisadiyyat dayanıqlı inkişaf yolundadır və vətəndaşların rifahı yüksəlir. Ölkə iqtisadiyyatını şaxələndirmək, enerji və nəqliyyat sahələrini inkişaf etdirmək istiqamətində məqsədyönlü addımlar atılır. Azərbaycanın regionda etibarlı tərəfdaş olaraq mövqeyi, sərhəd təhlükəsizliyinin təmin edilməsi və münaqişə sonrası bərpa işləri bu sabitliyi möhkəmləndirir.

Beynəlxalq münasibətlər baxımından isə Azərbaycan fəal, eyni zamanda, müstəqil siyasət yürüdür. Ölkə müxtəlif qlobal və regional təşkilatlarda iştirak edir, fərqli regional güclərlə balanslı və qarşılıqlı maraqlara əsaslanan əlaqələr qurur. Bu siyasət Azərbaycanın beynəlxalq arenada nüfuzunu artırır, həmçinin regionda sülh və təhlükəsizlik məsələlərində konstruktiv rol oynamağa imkan verir.

Azərbaycanın hazırkı siyasətinin mühüm elementlərindən biri də sülhə və dialoqa yönəlmiş yanaşmadır. Ölkə qonşularla iqtisadi əməkdaşlığı inkişaf etdirir, nəqliyyat və enerji layihələrini təşviq edir, regional inteqrasiyanı dəstəkləyir. Bu siyasət nəticəsində Azərbaycan həm beynəlxalq etimad yaratmaqda, həm də regional təhlükəsizliyi möhkəmləndirməkdə vacib rol oynayır.

Eyni zamanda, ölkənin güclü liderliyi və strateji baxışı milli maraqları qorumaqla bərabər, beynəlxalq təşkilatlarla əməkdaşlığı da səmərəli şəkildə aparmağa imkan verir. Bu, Azərbaycanın həm daxildə, həm də xaricdə stabilliyi təmin edən mühüm amil olaraq qalır.

Azərbaycanın əldə etdiyi Qələbə və yaradılan yeni regional düzən Prezident İlham Əliyevin liderliyinin nəticəsidir. Ukraynanın yaşadığı böhran isə liderlik çatışmazlığının dövlət üçün nə qədər ağır nəticələr doğura biləcəyini göstərir. Bu iki fərqli nümunə bir daha təsdiqləyir ki, güclü lider güclü dövlət deməkdir, qətiyyətli lider qələbəyə aparan yoldur və strateji lider yalnız ədalətin təmin edilməsinin zəmanətini yarada bilər. (Mənbə: Azərtac)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?