Avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında Birgə Bəyannamənin imzalanmasından sonra regionda proseslər sürətlənib.
Sənəddə qeyd edilir ki, İrəvan Ermənistan ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. "Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik", - liderlər bəyan ediblər.
Artıq həm Bakı, həm İrəvan, həm də Vaşinqton rəsmiləri TRIPP layihəsinin (Zəngəzur dəhlizi) həyata keçirilməsi üçün praktiki addımları müzakirə edirlər. ABŞ rəsmiləri ard-arda regiona səfərlər edir, tərəflərlə texniki detalların, o cümlədən marşrutun dəqiq konfiqurasiyasının müzakirə olunduğu bildirilir.
Qeyd edək ki, dəhlizin uzunluğu ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak iyul ayında yolun 32 kilometr olduğunu bildirib, rəsmi açıqlamalarda yol 42–43,5 km, bəzi erməni və xarici mənbələrdə hətta 26 kilometr olduğu qeyd olunur.

Modern.az bu mövzuda araşdırma aparıb.
Zəngəzur dəhlizi ilə bağlı rəqəmlərin müxtəlif olmasının ilk səbəbi bu yolun marşrutu ilə bağlı fərqli yanaşmaların mövcudluğudur. Belə ki, Bəziləri TRIPP/Zəngəzur dəhlizi dedikdə yalnız Ermənistan ərazisindən keçəcək hissəni nəzərdə tutur. Bəziləri isə ümumi Naxçıvan–Zəngilan əsas xəttini, yəni bütün marşrutu hesablayır. Digərləri isə sovet dövrü dəmir yolu xətti ilə ölçür.
Öncə oradan başlayaq ki, 26 kilometr iddiası tamamilə yanlışdır. Ehtimal etmək olar ki, bəzi ekspertlər xəritə üzərində ölçmələr apararaq bu rəqəmi əsas götürüb və regionun coğrafi şərtlərini nəzərə almayıb.
Tom Barrakın 32 kilometr iddiası da regionun coğrafi şərtlərinə uyğun gəlmir. Güman edilir ki, bu rəqəm Ermənistan ərazisindən keçəcək ümumi koridorun uzunluğuna dair siyasi texniki qiymətləndirmədir.
Hazırda Zəngəzur dəhlizi ilə bağlı ən real rəqəm 42–43,5 kmdir. Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev də eyni fikirdədir.
O deyir ki, dəhlizin dəqiq uzunluğu ilə bağlı müxtəlif məlumatlar olsa da, daha çox 42-44 kilometr arasında olduğu bildirilir. Deputat bildirib ki, Zəngəzur dəhlizi coğrafi anlayış mənasında Şərqi Zəngəzurdan başlayır:
“Zəngəzur dəhlizi ifadəsi ilk dəfə şanlı zəfərimizdən sonra Prezident İlham Əliyev tərəfindən işlədilib və beynəlxalq siyasi leksikona da belə daxil olub. Bu fikir Azərbaycanın qərb əraziləri ilə onun Naxçıvan bölgəsi arasında maneəsiz əlaqənin təmin edilməsi məqsədilə bu dəhlizin qısa müddətdə açılması və gediş-gəlişin təmin olunması məqsədilə səsləndirilib".

Rizvan Nəbiyev xatırladıb ki, 8 avqust tarixli Vaşinqton razılaşmalarından sonra Zəngəzur dəhlizinə paralel bir ad - Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) ifadəsi işlədilir.
"Bu hissə məhz Ermənistan ərazisindən keçən, Azərbaycanın Ağbənd məntəqəsi ilə və Ordubad Salamməlik stansiyasını birləşdirir. Bu dəhliz coğrafi nöqteyi-nəzətdən əslində Şərqi Zəngəzurdan başlayır. Yəni Azərbaycanın Əhmədbəyli yaşayış məskənindən Horodizdən keçməklə Ağbəndədək, Ermənistanla şərti sərhədə qədər uzanan bir məsafədir. Bu gün klassik, həm də siyasi mənada Zəngəzur dəhlizi və ya TRIPP marşrutu üst-üstə düşür. Naxçıvan ərazisində isə bu, təxminən 188 kilometrlik ərazini birləşdirir. Sonrakı mərhələdə Ermənistan tərəfi onu Arazdəyəndən paytaxt İrəvana qədər uzatmağı planlayır”.

Deputat vurğulayıb ki, Zəngəzur dəhlizi ifadəsini coğrafi məfhum və siyasi-hüquqi məfhum kimi fərqləndirmək barədə düşünmək olar:
“Zəngəzur dəhlizi coğrafi məhfum mənasında Əhmədbəylidən və ya Horadizdən başlayır və Naxçıvanın Ordubad şəhərindəki Salamməlik stansiyasına qədər uzanır. Bu ifadə barədə düşünmək olar. Çünki coğrafi baxımdan bu fikirdə kifayət qədər həqiqətlər var. Məsələnin siyasi, hüquqi məsələləri ilə bağlı isə ekspertlər səviyyəsində, yaxud başqa müstəvidə müzakirələr aparıla bilər. Hər bir halda Orta Dəhlizin vacib seqmenti olan Zəngəzur dəhlizi Prezident İlham Əliyevin sözlərinə istinadla ifadə etsək, qitələri birləşdirir, həm şimal, həm cənub, həm şərqdə, həm də qərbdə yerləşən dövlətlərə dividendlər gətirəcək".