Moskva ilə Vaşinqtonun Ukraynadakı müharibəyə son qoymaq üçün birgə hazırladıqları 28 maddəlik sülh planı ciddi müzakirələrə səbəb olub. Ukrayna tərəfi 28 maddəlik planı qəbul etmədiyini deyib. Lakin müzakirələrdən də tam imtina edilməyib. ABŞ prezidenti Donald Tramp bildirib ki, 28 maddədən ibarət olan sülh planı yenidən nəzərdən keçirildikdən sonra 22 bəndə endirilib.
“28 punktlu plan sadəcə konsepsiya idi. Hər bir bəndi yenidən dəyərləndirdik və nəticədə onların sayı 22-yə düşdü. Bir çox məsələlər artıq çox əlverişli şəkildə həll olunub”,-Tramp deyib.
Məlumatlara görə, Vaşinqton və tərəflər arasındakı danışıqlar davam edir, yenilənmiş sənəd yekun razılaşma üçün əsas baza kimi nəzərdən keçirilir.
Bundan sonrakı proseslərin hara istiqamətlənəcəyi, Ukraynanın hazırki durumu, sülhlə bağlı məsələnin necə nəticələnəcəyi suallar doğurur.
“Ukrayna müzakirələri qəbul etməklə Rusiyanın oyununu boşa çıxardı”
Bunu Modern.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.
O, qeyd edib ki, Rusiya Ukraynanın müzakirələrdən imtinasını gözləyib:
“Cenevrə danışıqlarında açar məsələ sayılan əsas strateji, prinsipial məsələlər mövcuddur. O məsələlər sənəddən çıxarılıb və prezidentlərarası danışıqların predmeti olacaq. Bundan başqa, Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkəsinin güzəştə getməyəcəyi məsələlər var. Rusiyanın tələbi ilə Donbasın 9000 kvadrat kilometrlik, yəni Donetskin işğal olunmayan digər ərazilərinin Rusiyaya təhvil verilməsi, Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsi, Ukrayna ordusunun əsgər sayının endirilməsi Ukraynanın qəbul etməyəcəyi nüanslardır. Digər məsələlər konkret Ukraynanın təhlükəsizliyi və suverenliyi əsas götürülərək müəyyən korrektələrə məruz qalıb. Əsas məsələlərin Trampla Zelenski arasında görüşdən sonra həll olunması gözlənilir. O zamana kimi korrektə olunmuş yeni variantın müzakirə predmeti kimi qəbul edildiyi bildirilir. Həm də Ukrayna sülh prosesindən imtina etməyib. Bu, əslində, doğru addımdır. Bu planın hazırlanmasında iştirak edən Rusiyanın müharibəni bitirmək niyyəti olmayıb. Düşünürdülər ki, Ukrayna Rusiyanın bu planını qəbul etməyəcək, nəticə edibarilə ABŞ-la Ukrayna arasında münasibətlər korlanacaq. ABŞ Ukraynaya silah, kəşfiyyat məlumatlarının verilməsini dayandıracaq.
Bu baxımdan Ukrayna hiyləni anladığı üçün bu layihdən birmənalı olaraq imtina etmədi. Ukrayna bir çox prosesləri aydınladaraq, ABŞ-da onu dəstəkləyən "istəklilər koalisyası"nı, Avropa Birliyinə üzv dövlətləri, o cümlədən Yaponiya və digər dövlətləri prosesə qoşaraq, onların lobbisinin təsiri ilə bu sənədin bir çox korrektələrə məruz qalmasına nail oldu. Korrektə olunmuş yeni variant var, Ukrayna üçün açar məsələlər prezidentlər arasında danışılıb həll olunacaq. Ancaq sülh prosesində bu sənədin müzakirəsinə Ukrayna razılıq verib. Dolayısı ilə bununla da, Ukrayna topu Rusiyanın meydanına atıb. Rusiya indi korrektə olunmuş sənəd kontekstində sülh prosesinə razı olub-olmadığını bəyan etməlidir. Düşünürəm ki, Ukrayna düzgün addım atdı”.

“Zelenskinin mövqeyi güclü deyil”
Politoloq hazırda Ukraynanın yaşadığı əsas problemlər barədə bunları deyib:
“Ukraynanın hazırkı vəziyyəti açığı, o qədər də ürəkaçan deyil. Bu plan ortalığa çıxmazdan əvvəl Ukrayna hökuməti və onun rəhbərliyinin vəziyyəti ilə bağlı bir çox həssas durumlar işlənib hazırlanıb. Məhz Trampın sülh mətni ortalığa çıxmazdan öncə Rusiya Donetskin qala şəhərlərinə, o cümlədən Zaporejye vilayətinə, Xarkovun Kubyansk şəhəri istiqamətinə intensiv hücuma keçdi. Rusiyanın Pakrovsk istiqamətində 100 mindən çox qoşun və texnika topladığı bildirilir. Bu ona görə edilmişdi ki, noyabrın 21-nə qədər Donetskin son qala şəhərləri-Pakrovsk, Mirnoqrad və Konstantinov tam işğal olunsun. Beləliklə də, Rusiya masaya mövqeyi güclü olaraq otura bilsin və iddialarını daha da artırmaq imkanı olsun. Rusiya “Ukrayna bu əraziləri vermək istəmirsə, biz öz ordumuz vasitəsilə də bu torpaqları azad edə bilərik” məntiqini ortaya qoymaq istəyirdi. Ancaq bu günə qədər Rusiya istəklərini yerinə yetirə bilməyib. Paralel olaraq, qalmaqallı məsələ - Ukraynada korrupsiya ilə bağlı, xüsusilə də, Zelenski və digər iki nazir - enerji və ədliyyə nazirlərinin adlarının çəkildiyi korrupsiya qalmaqalı ortaya çıxdı. Nəticə etibarilə Ali Rada bu nazirlərin istefasını qəbul etdi. Bu vəziyyət Ukrayna Prezidentinin mövqelərini Qərbdə müttəfiq saydığı ölkələr arasında çox sarsıtdı. Bu gün Zelenskinin mövqeyi güclü deyil. Bu vəziyyət əvvəlcədən düşünülərək yaradılmışdı. Son anda belə bir korrupsiya qalmaqalının ortaya çıxması təsadüfi deyil. Bu qalmqalı üzə çıxardıb, Zelenskinin mövqeyini zəiflətdilər ki, Rusiyanın iştirakı ilə hazırlanan 28 maddəlik sülh mətninin qeyri-şərtsiz qəbul olunmasına o, razı olsun. Vəziyyət budur. Üstəlik Ukraynanın rotasiya qaydası ilə əsgərlərin əvəzlənməsində də xeyli çətinlikləri mövcuddur. Rusiya ilə nisbətdə canlı qüvvə çatışmazlığı məsələsində Ukraynada böyük problemlər var. Əsgərlər, zabitlər, insanlar yorulub. Təbii ki, strateji silahlar baxımından müəyyən çatışmazlıqlar da var. Eyni zamanda Avropa Birliyinin hələlik ləngitdiyi, o cümlədən ABŞ-ın verməli olduğu silahların da ləngidiyi hiss olunur. Doğrudur, Aİ maliyyə baxımından müəyyən çətinliklər yaşayır. Çünki onlar Rusiyanın 300 milyard dollarlıq dondurulmuş aktivlərinin Ukraynaya verilməsi ilə maliyyə məsələlərini yaxın illərdə həll olunacağını düşünürdü. Lakin buna əngəl olan dövlətlər mövcuddur. Burada əsas mane məhz Belçikadır. Çünki bu vəsaitlərin böyük əksəriyyəti məhz Belçika bankına yerləşdirilib. Belçika da müəyyən hüquqi təminatlar istəyir. Çünki prespektivdə Rusiyanın beynəlxalq hüquq instansiyalarında hüquqi məsələ qaldıra biləcəyindən narahatdır. Rusiya haqlı olduğu təqdirdə, məsuliyyət təkbaşına Belçikanın üzərinə düşəcək. O baxımdan da Belçika belə bir hüquqi təminat istəyir. Bu baxımdan indiyə qədər razılıq əldə olunmayıb. Düşünürəm ki, bu məsələ il sonuna qədər həllini tapa bilər. NATO Baş katibi Mark Ruttenin açıqlamasına görə, dekabrın sonuna qədər 5 milyard dollar civarında Ukraynaya əlavə silahlar verəcək. Lakin bu o demək deyil ki, Ukrayna Rusiyanın qarşısında qaçıb digər Donbass ərazilərini Rusiyaya təhvil verəcək. Belə bir şey yoxdur, ukraynalılar döyüşür və sona qədər də döyüşməyə hazırdılar ki, hər hansı ərazi Rusiyaya verilməsin. Buna görə də, Rusiya üçün hər şeyin rahatlıqla baş verəcəyi ehtimalı mövcud deyil”.

“Sülh üçün Uitkoff vəzifəsindən azad edilməlidir”
Politoloq vurğulayıb ki, Uitkoff istefaya göndərilməyənə qədər normal, ədalətli, davamlı sülhün olacağına qətiyyən inamır:
“ABŞ-da Tramp və ya onun administrasiyasındakı Uikoff kimi Rusiyayönümlü naşı şəxslər var ki, onların istəkələrinə rəğmən heç də prosesi birmənalı olaraq, Ukraynanın əleyhinə döndərmək mümkün olmaycaq. Çünki ABŞ ictimaiyyəti də Rusiyayönümlü addımların əleyhinədir. Bu kontekstdə Trampın siyasi nüfuzu 30%-lərdə gəzməyə başlayıb. Bu son seçilən prezidentlər arasında ən aşağı faiz nümunəsidir. Bütün bunlar Donald Tramp və administrasiya tərəfindən nəzərə alınır. Bu sülh prosesi Trampın xüsusi nümayəndəsi Uitkoffun rəhbərliyi altında davam etdikcə, dayanıqlı və ədalətli sülh olmayacaq. Uitkoffun Rusiyayönümlü davranışı eyni zamanda Ukrayna və Avropanın maraqlarını Rusiyaya qurban verərək prosesi davam etdirməsi, gördüyü işlər açıq şəkildə ifşa olunub. Aylardır ki, bunu təkrarlayır. Uitkoff naşı olduğu qədər, qeyri-ciddi, diplomatiya və siyasətdən xəbərsiz, o cümlədən Putinin ailəsinin ən yaxın adamlarından olan Krill Dmitriyevlə biznes tərəfdaşıdır. İstər Rusiyada, istər ərəb ölkələrində, ABŞ-ın özündə birgə biznes fəaliyyətləri olduğu bildirilir. Buna görə də Uitkoff istefaya göndərilməyənə qədər normal, ədalətli, davamlı sülhün olacağına qətiyyən inamıram. İndiki mərhələdə Tramp administrasiyası "müttəfiqlərinin" gözündən düşmüş vəziyyətdədir. Tramp doğrudur, gülərək, siyasi don geyindirməmək şərti ilə ifşadan qaçmaq istədi. Düşünürəm, bu o qədər də asan olmayacaq. Uitkoffun rəhbərliyi altında sülh danışıqları aparmaq mümkün olmaz. Çünki bu məsələlərdə tərəfsizliyə və inanca, etimada ehtiyac var ki, son ifşa prosesi ABŞ-a, onun nümayəndəsinə etimadı sarsıtdı”.