Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş sonrası İran XİN başçısı Ceyhun Bayramovla mətbuat konfrasında İlham Əliyevi Tehranda gözlədiklərini söyləyib.
Qeyd edək ki, bir müddət əvvəl İran mətbuatında İlham Əliyevin Tehrana səfər edəcəyi barədə xəbərlər yayılıb.
Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-İran Parlamentlərarası əlaqələr komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, Azərbaycanla İranın müzakirə edəcəyi məsələlər çoxdur:
“Azərbaycanla İran arasında yaxşı münasibətlər var. Hər iki tərəf bu münasibəltərin daha da dərinləşməsinə, mehriban qonşuluğun daha da möhkəmlənməsinə çalışır. Azərbaycan üzərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirir. Rəsmilərin qarşılıqlı səfərləri artıq adi hal alıb. Bu isə göstərir ki, Azərbaycanla İranın müzakirə edəcəyi məsələlər çoxdur. İran XİN başçısının səfəri mühüm hadisədir. Bu milli maraqların ortaq nöqtələrini tapmağa, dünyada və regionda baş verənləri müzakirə edib, mövqeləri öyrənməyə kömək edir. Şimal-Cənub logistika xəttinin inkişafı, Ermənistan ərazisində açılacaq Zəngəzur dəhlizi, həmçinin iqtisadi əlqələr, İranın sərhədyanı zonası ilə Naxçıvan arasında ticarət-iqtisadi əlaqələr müzakirə edilib”.
Deputat vurğulayıb ki, mehriban qonşuluq olan yerdə humanitar əlaqələr də kifayət qədər önəmlidir:
“Elm, mədəniyyət, incəsənət adamlarının qarşılıqlı səfərləri, bir-biriləri ilə görüşləri vacibdir. Həmçinin bu səfər iki ölkə arasında gələcəyə yönələn məsələlər barəsində də fikir mübadiləsi etməyə imkan verir. Cənab Prezidentimizin İrana səfəri də tamamilə mümkündür. Təbii ki, səfərin vaxtı diplomatik kanallar vasitəsilə müəyyənləşdirilir. Azərbaycan İrana mehriban qonşuluğunu göstərib. Həqiqətən, İran da müvafiq cavab aldığımıza çox məmnunuq”.
Azərbaycanın İrandakı sabiq səfiri Nəsib Nəsibli qeyd edib ki, Azərbaycanla İran arasında həllini gözləyən çox məsələlər var:
“Abbas Araqçinin Bakıya səfəri normal, beynəlxalq münasibətlər sisteminin əlifbasına uyğun hadisədir. Yəni qonşu ölkələlrə sıx əlaqələrin saxlanılması xarici işlər nazirinin və digər yüksəksəviyyəli şəxslərin səfərləri ilə təmin olunur. Azərbaycanla İran arasında həllini gözləyən çox məsələlər var. Hansı məsələlərin prioritet müzakirə mövzusu olduğunu demək mümkün deyil”.
N.Nəsiblinin fikrincə, Azərbaycan Prezidentinin İran səfəri lazımlıdır:
“Azərbaycan Prezidentinin İrana səfəri baş tuta bilər. Ölkə başçısının İran səfəri hətta lazımdır. Ən ağrılı məsələlər, hətta səfirliyə hücum da belə danışıqlar yolu ilə həll edilməlidir. Prezident Məsud Pezeşkianın seçilməsindən sonra əlaqələrdə müsbət dinamika vaar. Bu müsbət dinamika ciddi məsələlərə sirayət etmiş olsun”.