Prezident İlham Əliyev ötən gün yerli telekanallara müsahibə verib. Ölkə başçısı Çinlə hərbi əməkdaşlıqdan da bəhs edib. O, qeyd edib ki, Azərbaycanın bu regionda Çin üçün prioritet tərəfdaş olduğunu deyən dövlətimizin başçısı əldə olunmuş siyasi razılaşmalar çərçivəsində hərbi-texniki əməkdaşlığa başlanıb.
“Bu əməkdaşlığın bir hissəsi hərbi paradda nümayiş etdirilib, amma bu, yalnız başlanğıcdır. Biz bu halda böyük qarşılıqlı maraq görürük. Bundan əlavə, hərbi texnikanın əldə olunması ilə kifayətlənməyərək, biz müştərək müəssisələrin yaradılması üzərində işləyirik və bu sahədə işlər artıq başlayıb”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Modern.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin yerli telekanallara verdiyi son müsahibə ölkənin təhlükəsizlik və sülh gündəliyi baxımından mühüm mesajlarla yadda qalıb:
“Cənab Prezident müsahibəsində xüsusilə sülh dövrünün yaratdığı yeni çağırışlara diqqət çəkdi. Bu reallıq ondan ibarətdir ki, bir tərəfdən davamlı sülhü istəyirik, digər tərəfdən isə sabitliyin qorunması üçün müdafiə qabiliyyətinin gücləndirilməsi mütləq prioritet olmalıdır. Prezident açıq şəkildə qeyd etdi ki, sülh dövrü arxayınlaşma demək deyil və bu mərhələdə ordu və digər təhlükəsizlik mexanizmləri daha da möhkəmləndirilməlidir.
Əsas məsələlərdən biri müdafiə sənayesi və ordunun gücləndirilməsidir. Cənab Prezident son 5 ildə ordu quruculuğunda keçilən mərhələləri, əldə olunan nailiyyətləri və qarşıda duran vəzifələri bir daha diqqətə çatdırdı. Bununla kifayətlənməmək üçün çox ciddi işlərin görülməsinin vacibliyi vurğulandı. Müasir silahların, hərbi texnikanın alınması və bu texnologiyaları peşəkar şəkildə idarə edə bilən kadrların hazırlanması olduqca önəmlidir.
Ordu Vətən müharibəsindən sonra daha da möhkəmlənib. Lakin bu, prosesin sonu deyil, davamlı şəkildə inkişaf etdirilməlidir. Cənab Prezident həmçinin beynəlxalq hüququn bir çox hallarda kağız üzərində qaldığını qeyd edərək, Azərbaycanın öz təhlükəsizliyini təmin etmək üçün həm beynəlxalq hüquq müstəvisində, həm də güc balansının qorunması istiqamətində addımlar atmasının vacibliyini vurğuladı".

Komitə sədri vurğulayıb ki, Çin kimi yüksək texnologiyalara malik dövlətlərlə silah sənayesi sahəsində birgə müəssisələrin yaradılması strateji əhəmiyyət daşıyır:
“Hərbi sənaye kompleksinin inkişafı ilə bağlı da mühüm məqamlar səsləndirildi. Artıq Azərbaycan yalnız silah alan deyil, eyni zamanda silah ixrac edən ölkə kimi tanınır. Xüsusilə Çin kimi yüksək texnologiyalara malik dövlətlərlə silah sənayesi sahəsində birgə müəssisələrin yaradılması strateji əhəmiyyət daşıyır. Zəfər Paradında nümayiş etdirilən silahlar da bu istiqamətdə əldə olunan uğurların göstəricisi idi. Bu sahədə atılan addımlar ardıcıl və məqsədyönlüdür. Zenit-raket komplekslərinin Çindən alınması Azərbaycanın hava məkanının müdafiə imkanlarının daha da gücləndirilməsi deməkdir. Ümumilikdə, Çinlə bütün istiqamətlərdə çox ciddi və qarşılıqlı faydalı müqavilələr imzalanıb və bu cür əməkdaşlığın gələcəkdə də genişlənəcəyi gözlənilir.
Hazırkı mərhələdə Azərbaycan-Çin hərbi əməkdaşlığı tam silah istehsalından çox lokallaşdırma, texnologiya transferi və birgə modernizasiya modelinə əsaslanır.
Bu model isə Ordunun davamlı təchizatını, xarici asılılığın azalmasını, Azərbaycanın gələcəkdə silah ixrac edən ölkə kimi mövqeyini gücləndirməyə xidmət edir”.
Hərbi ekspert Ədalət Verdiyev vurğulayıb ki, Çin hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olmaqla yanaşı, hərbi və hərbi-texniki sahədə də imkanlarını dinamik şəkildə artırır:
“Bu gün Çin paralel olaraq həm iqtisadi, həm də hərbi potensialını gücləndirir. Eyni zamanda, Çin Mərkəzi Asiya, Qafqaz və Türkiyə ilə çoxşaxəli və sıx əməkdaşlıq həyata keçirir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olan Çin ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir və bu əlaqələr strateji xarakter daşıyır.
Azərbaycan ordusu Çin istehsalı olan uzaqmənzilli reaktiv yaylım atəş sistemlərini Vətən müharibəsi zamanı düşmənə qarşı kifayət qədər uğurla tətbiq edib. Bu, Çin hərbi texnologiyalarının real döyüş şəraitində səmərəliliyini bir daha nümayiş etdirdi.
Son illərdə Azərbaycan Pakistan və Çinin birgə istehsalı olan JF-17 Thunder Block III qırıcılarını da arsenalına daxil edib. Həmçinin, Zəfərimizin 5-ci ildönümünə həsr olunan hərbi paradda Çin tərəfindən keçmiş SSRİ məkanında yalnız Azərbaycana ixrac edilən HQ-9B hava hücumundan müdafiə sistemlərinin nümayiş etdirilməsi xüsusi diqqət çəkdi. Bu sistemlər Azərbaycanın hava məkanının etibarlı şəkildə qorunmasında mühüm rol oynayır.
Bununla yanaşı, Çin və Azərbaycan arasında müdafiə sənayesi şirkətləri səviyyəsində birgə məhsulların istehsalı ilə bağlı razılaşmalar əldə olunub. Biz bu razılaşmalar nəticəsində istehsal olunan məhsulları 2026-cı ilin sentyabrında Bakıda keçirilməsi gözlənilən ADEX hərbi sərgisində müşahidə edə biləcəyik.”.

Ekspert vurğulayıb ki, Azərbaycan-Çin hərbi əməkdaşlığı təkcə silah tədarükü ilə məhdudlaşmır, eyni zamanda uzunmüddətli strateji tərəfdaşlıq modelinə əsaslanır.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan ilə Çin arasında imzalanmış Strateji Partnyorluq Bəyannaməsi iki ölkə arasında müdafiə və təhlükəsizlik sahələrində uzunmüddətli əməkdaşlıq üçün rəsmi çərçivə yaradıb. Bu əməkdaşlıq çərçivəsində “Azersilah” ilə Çinin iri müdafiə sənayesi şirkətlərindən olan Norinco arasında pilotsuz uçuş aparatları, elektron müharibə sistemləri, uzun mənzilli raket kompleksləri və digər müasir hərbi texnologiyalar üzrə silah tədarükü və texniki əməkdaşlıq imkanları müzakirə olunur. Eyni zamanda, tərəflər arasında hərbi təlim, kadr hazırlığı, bilik və texnologiya transferi istiqamətində də əməkdaşlıq perspektivləri nəzərdən keçirilir. Mütəxəssislərin fikrincə, bu əməkdaşlıq Azərbaycan ordusunun döyüş qabiliyyətinin artırılması və milli müdafiə sənayesinin inkişafı baxımından strateji əhəmiyyət daşıyır.