Modern.az

İrandakı etirazlar geri dönüşü olmayan mərhələdədir - PROQNOZ

İrandakı etirazlar geri dönüşü olmayan mərhələdədir - PROQNOZ

Analitika

13 Yanvar 2026, 17:12

Ötən gün İranda rejim tərəfindən mühafizəkarlardan ibarət mitin keçirilib. Mitinqdə iştirak edənlərin əksəriyyətinin məcburi, bir hissəsinin isə istəyərək iştirak etdiyi deyilir. Bununla yanaşı, İran rəhbərliyi vəziyyətin nəzarət altına alındığı ilə bağlı paylaşım edib.

2000-ci illərdən başlayaraq, İranda hər 2-3 ildən ciddi etiraz aksiyaları həyata keçirilib. Və bu etirazlardan hər biri yatırılıb.

İndiki məqamda da İran rejiminin  "yaxasını qurtarıb-qurtarmadığı" sual doğurur.

“İranda baş verənlər artıq dövlət böhranıdır”

Sabiq diplomat Nəsib Nəsibli Modern.az-a açıqlamasında  bildirib ki, hakimiyyətin təşkil etdiyi son mitinqlər rejimin özünü qoruma instinkti ilə bağlıdır:

“Hakimiyyətin son addımı rejimin qorunması baxımından maraqlı idi. Bütün resurslar səfərbər olundu. İnsanların bir qismi məcburən, bir qismi isə könüllü şəkildə aksiyalara qatıldı. Şüurlu şəkildə mitinqlərə çıxanlar həm Rza Pəhləvinin hakimiyyətə gəlməsinə, həm də xarici müdaxilələrə etiraz edirdilər. Digər yandan internetin və rabitə vasitələrinin kəsilməsi etiraz hərəkatının dərinləşməsini çətinləşdirir. Əlaqələr kəsildikdə hərəkat zəifləyir. Etirazlar spontan şəkildə yaranıb və onu istiqamətləndirən təşkilat yoxdur. Buna görə də bəziləri rejim tərəfdarlarının mitinqlərini etirazların zəifləməsi kimi qiymətləndirir. Lakin hələ tezdir, bir neçə gün sonra mənzərə daha aydın olacaq”.

Onun sözlərinə görə, son 20 ildə İranda etirazlar həmişə yalnız repressiyalar hesabına yatıra bilib:

“Problemlər isə həll olunmayıb. 2020-ci ildə qadın hərəkatı baş verdi. Bu gün İranda qadınlar başı açıq gəzə bilirlər, amma bu hüquqi çərçivəyə salınmayıb. Əvvəlki mərhələlərdən fərqli olaraq, hazırkı vəziyyət artıq dövlət böhranı kimi qiymətləndirilməlidir. Dövlət atributlarının dağılması çox ciddi məsələdir”.

Nəsib Nəsibli ABŞ-ın mümkün hərbi müdaxiləsini də istisna etmir:

“ABŞ-ın Venesuelaya müdaxiləsi, Maduronun həbsi, ötən il İranın nüvə obyektlərinin ABŞ və İsrail tərəfindən vurulması göz önündədir. Tramp administrasiyasının doktrinasında İranın nüvə silahı əldə etməsinin qarşısının alınması əsas prioritetlərdən biridir. İranla ticarət edən ölkələrə tətbiq edilən 25 faizlik gömrük rüsumu da faktiki olaraq hərbi müdaxiləyə bərabər təzyiq mexanizmidir. Əgər qonşu ölkələr və digər dövlətlər İranla iqtisadi əlaqələri dayandırsa, nəticələrin nə qədər ağır olacağını təsəvvür etmək çətin deyil”.

 “İranda artıq geri dönüşü mümkün olmayan proseslər başlayıb”

Siyasi şərhçi Elxan Şahinoğlunun sözlərinə görə, İranda baş verən son hadisələr əvvəlki etiraz dalğalarından köklü şəkildə fərqlənir və artıq geri dönüşü olmayan mərhələyə qədəm qoyub:

“Əlbəttə, 2000-ci illərdən başlayaraq İranda müxtəlif dövrlərdə etirazlar baş verib. Lakin hazırkı etirazlar əvvəlkilərdən köklü şəkildə fərqlənir. Bu dəfə prosesə cəmiyyətin demək olar ki, bütün təbəqələri qoşulub. Xüsusilə dükan sahibləri və kiçik sahibkarların inflyasiya və qiymət artımı ilə bağlı tələbləri etirazların əsas hərəkətverici qüvvəsinə çevrilib. Mühafizəkar dairələr də öz növbəsində yürüşlər təşkil edərək güc nümayiş etdirməyə çalışıblar. Lakin bu addımlar etiraz dalğasını zəiflətməyib. Əgər etirazlar səngiyibsə, niyə internet hələ də kəsilir? Niyə polis etirazçılara qarşı atəş açır? Ölənlərin və yaralananların sayı artır. Bu isə etirazların dayanmasına deyil, daha da dərinləşməsinə səbəb olur. Məncə, etirazlar davam edəcək”.

Siyasi şərhçinin fikrincə, mühafizəkar rejim etirazları silah gücü ilə müvəqqəti yatıra bilər, lakin bundan sonra ölkəni idarə etmək daha çətin olacaq:

“İnflyasiyanın yüksək olmasına etiraz olaraq bu prosesi məhz dükan sahibləri başlatdı. Qiymətlər artır, insanlar müflisləşir. Etirazlar yatırılarsa belə, problem həll olunacaqmı? İran ağır sanksiyalar altındadır. Xarici siyasət dəyişmədikcə vəziyyət də dəyişməyəcək. Sanksiyalar davam edəcək və bu da iqtisadiyyata ciddi zərbə vuracaq. Yaxın aylarda proseslərin hansı həddə qədər gedəcəyi daha aydın görünəcək. İran ya demokratikləşmə yoluna qədəm qoyacaq, ya da ölkənin parçalanması ehtimalı gündəmə gələcək. Çünki ölkə əhalisinin təxminən 60 faizi qeyri-fars millətlərdən ibarətdir və ortada fərqli maraqlar var”.

ABŞ faktoruna toxunan politoloq qeyd edir ki, Vaşinqton çətin seçim qarşısındadır:

“ABŞ müdaxilə etsə, rejim cəmiyyəti xarici düşmənə qarşı mobilizə edə bilər. Digər tərəfdən zərbələr endirildikdə rejimin çöküşü sürətlənə bilər. Donald Tramp iki seçim qarşısındadır. Zərbə endirilsə də, endirilməsə də rejim artıq çökmə mərhələsinə qədəm qoyub. 12 günlük müharibə göstərdi ki, mühafizəkarların cəmiyyəti uzunmüddətli şəkildə mobilizə etmək imkanı yoxdur. Qısa müddət sonra yenidən siyasi etirazlar başladı. Tramp artıq açıq şəkildə bəyan edib ki, əgər insanlar öldürülərsə, İranın hərbi mərkəzləri vurulacaq. Görünür, o, İrandakı ağır vəziyyəti diqqətlə izləyir və müəyyən müddətdən sonra qəti qərar verəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır