Modern.az

Trampın bu addımı, NATO-nun sonu olacaq - PROQNOZ

Trampın bu addımı, NATO-nun sonu olacaq - PROQNOZ

Analitika

15 Yanvar 2026, 09:16

ABŞ Prezidenti Donald Tramp israrlı şəkildə Danimarkanın tərkibində olan Qrenlandiyanı ilhaq etmək istəyir. Artıq bu istiqamətdə Senata da lazımi layihə respublikaçı senatorlardan biri tərəfindən təqdim edilib. Digər yandan bəzi qərb ölkələri Qrenlandiyaya qoşun göndərməyi planlaşdırır.

ABŞ-nin hərbi müdaxiləsinin baş tutmasının NATO hərbi alyansının parçalanması ilə nəticələnə biləcəyi ilə bağlı müzakirələri artırır. 

Eləcə də ABŞ ilə hər hansı NATO üzvünün müharibə etmək məsələsi də ciddi ehtimallar sırasındadır ki, bu da Alyansın 5-ci maddəsinin pozulmasıdır. 

Belə ki, NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən bir NATO ölkəsinin hücum bütün üzv dövlətlərə hücum kimi dəyərlənədirilir.

Modern.az-a açıqlamasında politoloq Natiq Miri bildirib ki, ilhaqla bağlı hər hansı bir senatorun layihəni Konqresə təqdim etməsi qanunsuzdur:

“Xarici ölkələrə qarşı müharibə, yaxud hər hansı hərbi əməliyyatların həyata keçirilməsi ilə bağlı Konqresin aşağı palatası-nümayəndələr palatasının, həm də senatın mütləq şəkildə qərar qəbul etməsi vacibdir. İlhaq hüquqi prosedurdur. Hər hansı ərazini ilhaq etmək üçün öncə oranın əhalisinin razılığına ehtiyac var. Bu da referendum vasitəsilə mümkün olur. Qrenlandiyada yerli əhalinin hər hansı bir səsvermə keçirməməsindən öncə ilhaq prosesinin senatda başladılmasının özü qanunsuzdur. Doğrudur, bu hələ hər hansı senator tərəfindən ortaya atılmış məsələ kimi görünür. Amma bu, sadəcə hansısa senatorun iddiası kimi ortaya çıxmayb, əvvəlcədən Donald Trampla razılaşdırılıb, ancaq qanunsuzdur. Qrenlandiyanın rəsmi, hüquqi baxımdan məxsus olduğu Danimarka birmənalı olaraq, buna qarşı çıxır. Danimarkanın üzv olduğu Avropa Birliyi dövlətləri də ilhaq prosesinə qarşı çıxır”.

Politoloq vurğulayıb ki, Qranlendiyanın ilhaqı NATO-nun sonu demək olacaq:

“Bu ölkələr, o cümlədən Danimarka və ABŞ NATO üzvüdür. Belə bir vəziyyətin NATO daxilində  yaranması, hərbi alyansın parçalanması deməkdir. Onsuz da NATO-nun bir işə yaramadığı, özünü bitirdiyi barədə konkret fikirlər var. Rusiya-Ukrayna müharibəsi də NATO-nun işlək mexanizm olmadığı gerçəyi ortalığa çıxır. NATO-nun lazımsız təşkilat olması ilə bağlı Donald Trampın dəfələrlə açıqlamaları olub. Ona görə də belə bir hücum və ilhaq prosesi artıq “nonsens” yaradacaq. Bundan sonra NATO-nu saxlayıb, gələcəyə daşımaq mümkünsüz olacaq. Hətta ad olaraq ayaqda qalması görsənsə, qeyri-ciddi qəbul ediləcək ki, bu da Avro-Atlantik məkanın hərbi təşkilatı olan NATO adına böyük biabırçılıqdır. Belə bir layihənin Senata verilməsi Donald Trampın bu ilhaq prosesinə hazır olduğunu göstərir. Bundan öncə Donald Tramp bəyan etmişdi ki, yaxın prespektivdə "NATO, ya da Qrenlandiya" seçimi arasında qala bilər. Belə olduğu təqdirdə, Qrenlandiyadan yana qərar verəcək. Bu NATO-nun sonu deməkdir. Eyni zamanda bu, Avropa Birliyinin özünə gəlməsi  üçün düşünürəm, çox ciddi hadisə olacaq. NATO çökməsə, Avrpa Birliyi özü birgə ordu yaratmayacaq. İkinci Dünya Müharibəsindən sonra yaradılan Avropa Birliyi ABŞ-nin təhlükəsizliyi çətiri altında rahat və cənnətdə hesab edirdi ki, nə ciddi ordu, nə də hərbi sənaye kompleksi bərqərar edə bildi. Rusiya-Ukrayna müharibəsi NATO-nun qapılarını “döyərkən” hələ də Avropa Birliyi lazımi səviyyədə birlikdə bu stratejik qərarları qəbul edə bilmir. Bu yalançı birliyi hara qədər davam etdirmək mümkündür? Zaman-zaman Donald Tramp bunu dilə gətirərərk Avropa Birliyinin nə qədər gücsüz və fərsiz olduğunu bəyan edir. ABŞ-nin belə fərsiz mərkəzi müdafiə etmək məcburiyyətində olmadığını bəyan edir”.

N.Miri düşünür ki, ABŞ-ni təhrik edən Avropa Birliyidir:

“Yəni əslində bu gerçəyi ortalığa qoyan, ABŞ-ni buna təhrik edən Avropa Birliyinin fərsizliyi, yalançı birliyi, çevik qərarlar qəbul edə bilməməsidir. Burada qınanacaq tərəf Avropa ölkələri və Avropa Birliyidir. Yalançı demokratiya və insan hüquqları adına ABŞ-nin çətiri altında ona-buna ləkə yaxmaqla özünü qlobal güc kimi təqdim edən AB-nin əslində heç bir şeyə yaramadığı həqiqəti indi üzə çıxır. Əgər sözün əsl mənasında qlobal güc mərkəzi olmuş olsaydı, ABŞ belə bir addım ata bilərdimi? ABŞ bu addımı kiçik Şimali Koreyaya qarşı belə ata bilmir. Çünki qarşısında müqaavimət görəcəyinə əmindir və narahatdır.  Ancaq Avropa Birliyindən yalnız quru sözlərdən başqa toplaşıb dağılışmaqdan başqa birlik, müxtəlif struktur və qərarlar mövcuddur. Bunu ABŞ lideri və onun administrasiyası da bilir. Buna görə Avropa Birliyini yerdən-yerə vururlar”.

Hərbi ekspert Ədalət Verdiyev isə vurğulayıb ki, Ukrayna müharibəsi başlayandan sonra NATO daxilində parçalanmalar, fikir ayrılıqları, bölünmələr kifayət qədər artıb:

“ABŞ Rusiya və Çinin ərazidə möhkəmlənməsini, yeni dənizlər əldə etməsini bəhanə etsə də, əsas məqsəd  Arktikada öz mövcudluğunu təmin etməkdən ibarətdir. Hazırda Qrenlandiyada ABŞ-nin sadəcə erkən xəbərdarlıq radar sistemləri mövcuddur. Bu da döyüş əməliyyatları aparmaq üçün yox, hava məkanına və dəniz akvetoriyasını müşahidə imkanlarını təmin etmək üçün quraşdırılıb. ABŞ bütün qitə, dəniz və okenalar nəzarət imkanlarını genişləndirmək üçün bir çox addımlar atmağı planlaşdırır. Həyata keçiriləcək planlardan birincisi də Qrenlandiyanın ilhaqı olacaq. Hazırda ABŞ Sakit Okeanda çox böyük imkanlara malikdir. Rusiya və Çinin də okeanda çıxışları var. Amma Flippinlərdə, Yaponiyada çox böyük ABŞ bazaları mövcuddur. İranda Çin və Rusiya ABŞ-yə qarşı güc balansında geri qalırlar. Amma Atlantika məsələsində Rusiya Qara dəniz vasitəsilə ora çıxa bilir. Lakin Arktika məsələsində radar stansiyasından başqa ABŞ-nin əlində heç bir imkanları mövcud deyil”.

Ekspert vurğulayıb ki, Rusiya və Çin həmin ərazidə möhkəmlənmək üçün kifayət qədər ciddi addımlar atırlar:

“Bu addımların qarşısını almaq üçün istənilən yolla bu danışıqlar, hansısa maliyyə vəsaitinin ödənilməsi, yaxud güc tətbiqi ilə əldə edə bilər. Anna NATO-da da ABŞ-yə qarşı savaşacaq qüvvə yoxdur. ABŞ NATO-dan çıxmaq üçün müəyyən bəhanələr axtarır. Bəyanatlar olacaq, amma heç kim ABŞ-yə qarşı müharibə elan etməyəcək, çünki bu yaxşı sonluğa gətirib çıxarmaz. ABŞ ilə savaşmaq çox təhlükəlidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır