İranda son həftələrdə başlayan və qısa müddətdə genişmiqyaslı xalq etirazlarına çevrilən aksiyalar təkcə ölkə daxilində deyil, regionda da ciddi siyasi-diplomatik təsirlər yaratmağa başlayıb. Minlərlə insanın həlak olduğu, on minlərlə şəxsin saxlanıldığı bildirilən bu etirazlar İranın qonşu ölkələrlə münasibətlərində də yeni gərginlik xəttini formalaşdırır. Bu baxımdan diqqət mərkəzinə düşən ölkələrdən biri də Ermənistandır.
Diplomatik narahatlıq və qarşılıqlı ittihamlar
İran rəsmiləri son günlərdə açıq şəkildə Ermənistan ərazisinin və Ermənistan cəmiyyətinin İran əleyhinə fəaliyyətlər üçün istifadə olunduğuna dair narahatlıqlarını dilə gətiriblər. Xüsusilə, İrəvanda İran səfirliyi qarşısında keçirilən etiraz aksiyaları Tehranın kəskin reaksiyasına səbəb olub.
İran tərəfi bunu daxili işlərə müdaxilə və düşmən qüvvələrə dəstək kimi qiymətləndirir. İranın Ermənistandakı səfiri Xəlil Şirqulaminin açıqlaması isə bu baxımdan diqqət çəkir. O, İrəvandakı İran səfirliyinin qarşısında keçirilən etiraz aksiyalarını şərh edərkən bunları deyib: "Ermənistan İrana düşmən qüvvələrin mərkəzinə çevrilir. Tehran çətin anlarda həmişə İrəvana kömək əli uzadıb". Şirqolami həmçinin ABŞ-ın İrana qarşı istismar edə biləcəyi TRIPP-nin yaradılması ilə bağlı İranın narahatlığını bir daha təkrarlayıb. Və narahatlığın erməni həmkarlarına çatdırıldığını əlavə edib.
Rəsmi Tehranın bu mövqeyi faktiki olaraq uzun illər “səssiz və problemsiz” kimi təqdim olunan Ermənistan-İran münasibətlərində açıq gərginliyin yarandığını göstərir. İran diplomatik kanallarla İrəvana xəbərdarlıq edib və Ermənistanın bu proseslərdə daha məsuliyyətli davranmasını tələb edib.
Ermənistanın balans siyasəti: dostluq və azadlıqlar arasında
Ermənistan hakimiyyəti isə mürəkkəb balans siyasəti yürütməyə çalışır. Baş nazir Nikol Paşinyan hökuməti bir tərəfdən İranla “tarixi dostluq və mehriban qonşuluq münasibətlərinə” sadiq olduqlarını bəyan edir, digər tərəfdən isə ölkədə söz və toplaşma azadlığının məhdudlaşdırılmayacağını bildirir.
Rəsmi İrəvanın mesajı ondan ibarətdir ki, Ermənistan ərazisində baş verən etirazlar dövlət siyasəti deyil, vətəndaşların fərdi mövqeyidir. Bununla belə, Ermənistan hüquq-mühafizə orqanları diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunacağını və mümkün eskalasiyaya yol verilməyəcəyini açıqlayıb.
İctimai faktor və diaspora məsələsi
İranda baş verən hadisələr Ermənistan cəmiyyətinə də birbaşa təsir göstərib. İran ərazisində yaşayan ermənilərlə bağlı təhlükəsizlik və kommunikasiya problemləri gündəmə gəlib, bəzi erməni icmasının üzvlərinin etirazlar zamanı həlak olduğu barədə məlumatlar yayılıb.
İqtisadi və geosiyasi reallıqlar
Ermənistan-İran münasibətləri artıq qırılma nöqtəsinə təhlükəli dərəcədə yaxınlaşıb. İran hələ də Ermənistan üçün mühüm enerji və tranzit tərəfdaşı olaraq qalsa da, artan qarşılıqlı narazılıqlar bu əməkdaşlığın davamlılığını sual altına alır. Siyasi məsləhətləşmələrin davam etməsi və diplomatik kanalların açıq saxlanılması tərəflərin münasibətləri nəzarətdə saxlamaq cəhdindən xəbər verir. Lakin mövcud proseslər göstərir ki, gərginlik azalmadığı təqdirdə bu dialoq mexanizmləri də effektivliyini itirə və əlaqələr daha dərin böhran mərhələsinə keçə bilər.
Sonda deyə bilərik ki, İranda baş verən son etirazları Ermənistan-İran münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar. Əgər əvvəllər bu əlaqələr əsasən regional izolyasiya və qarşılıqlı maraqlar üzərində qurulurdusa, indi etimad, təhlükəsizlik və siyasi məsuliyyət məsələləri ön plana çıxır.
Mövcud proseslər göstərir ki, İran böhranı dərinləşdikcə Ermənistan üçün də manevr imkanları daralacaq və İrəvan daha aydın mövqe seçimi qarşısında qala bilər. Bu seçim isə təkcə diplomatik deyil, eyni zamanda daxili siyasi və beynəlxalq nəticələr doğura bilər.