ABŞ prezidenti Donald Tramp "TruthSocial" sosial media platformasında etdiyi paylaşımla vitse-prezidenti Cey Di Vensin fevral ayında Azərbaycan və Ermənistana səfər edəcəyini bildirib.
O, ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığını gücləndirmək və Bakıya zirehli geyimlər və qayıqlar da daxil olmaqla Amerika müdafiə məhsulları satmaq niyyətində olduğunu bildirib.
Tramp həmçinin, Ermənistanla mülki nüvə enerjisi əməkdaşlığı və Amerika yarımkeçirici şirkətləri üçün müqavilələr barədə razılaşmadan da bəhs edib.
Modern.az-a açıqlamasında politoloq Aqşin Kərimov bildirib ki, hazırki mərhələdə Azərbaycanla ABŞ arasında təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlıq xüsusi diqqət cəlb edir:
“Azərbaycanla Amerika Birləşmiş Ştatları münasibətləri Donald Tramp ikinci dəfə Ağ Ev administrasiyası rəhbərliyi edəndən bu yana kardinal bir dəyişikliyə məruz qalır. Düzdür, ikitərəfli münasibətlərin bazası var idi və bu baza bir neçə istiqaməti əhatə edirdi: enerji təhlükəsizliyi, Xəzər dənizində təhlükəsizlik, sərhədlərin təhlükəsizliyi və s. Lakin bu məsələlər Donald Tramp administrasiyası dövründə yenilənir. Donald Tramp administrasiyası daha geniş bir strategiya izləyir.
Bu strategiya ondan ibarətdir ki, Ağ Evin nəzərində Cənubi Qafqaz regionu Mərkəzi Asiya ilə əlaqəli geosiyasi məkan kimi başa düşülür. Digər tərəfdən isə Azərbaycanın güclü liderlik mövqeyi Amerika Birləşmiş Ştatlarının xüsusi olaraq nəzərindədir. Çünki Azərbaycanın eksklüziv imkanları, o cümlədən yeni reallıqlar yarada bilmək qabiliyyəti Birləşmiş Ştatlar üçün münasibətlərdə əsas nöqtələrdən biridir.
Əvvəlki administrasiya bu reallıqları qəbul etmək istəmirdi, yaxud da onu məhdudlaşdırmaqdan ötrü bir sıra fəaliyyətlər, hərəkətlər həyata keçirirdi. Donald Tramp isə bir qədər bu siyasəti dəyişərək daha yeni və unikal fürsətlərin yaranmasına şərait yaradır. Burada Azərbaycanla Birləşmiş Ştatların münasibətləri daha spesifik bir mərhələyə qədəm qoyur, təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlıq da xüsusi diqqət cəlb edir.
Nəzərə alanda ki, son zamanlar İranla bağlı münasibətlərin kəskinləşməsi beynəlxalq arenada yeni dünya nizamına hazırlıq üçün qarmaqarışıqların daha da çoxalması, Azərbaycan-Birləşmiş Ştatları münasibətlərini daha da strateji səviyyəyə yüksəltməsinə bir imkan yaradır. Bu imkanı Azərbaycan da, Amerika Birləşmiş Ştatları da nəzərdən keçirərək bir sıra layihə və strateji yanaşmaları müştərək hazırlayırlar. Bunun nəticəsidir ki, Birləşmiş Ştatlar vitse-prezidenti Azərbaycana səfər edəcək”.
Politoloq qeyd edib ki, Vensin Azərbaycana səfəri geniş spektrli əlaqələrin dinamikasına baxmağa imkan verəcək:
“Eyni zamanda Azərbaycanın Yaxın Şərqdəki quruculuq işlərində iştirakı, təhlükəsizliyə verdiyi töhfələr də Birləşmiş Ştatlar üçün xüsusi əhəmiyyət kəsb edəcək və bunun müşaiyətində Azərbaycanla Birləşmiş Ştatlar Yaxın Şərq dinamikasında yeni bir razılıq əldə edə bilərlər.
Bu təkcə Qəzzə ilə bağlı Sülh Şurasına Azərbaycan üzvlüyü məsələsini əhatə etməyəcək. Məsələnin fövqünə çıxacaq proseslərin başlanğıcı olacaq yeni hadisələrin şahidi ola bilərik. Ona görə də vitse-prezidentin səfəri daha çox Birləşmiş Ştatlar - Azərbaycan əlaqələrindəki formal xarakterli, formal məzmunlu hüquq müqavilə bazasına istinad etməyəcək. Bu, daha geniş strateji spektri və ölçüləri qeyd etməyə imkan verəcək”.

A.Kərimovun fikrincə, bu, Azərbaycan üçün unikal bir şansdır:
“Prezidenti İlham Əliyevin vaxtında və düzgün yeritdiyi siyasətin nəticəsində dağılan dünya nizamında Azərbaycanın mövqelərini yeni bir mərhələ üçün əlverişli edir. Prezident İlham Əliyevin xarici siyasəti bu məsələdə xüsusilə diqqətə layiqdir. Yeri gəlmişkən, “Rusiya-Azərbaycan münasibətləri burada hansı nöqtədə dayanır?” sualına da, məncə, cavab axtarmalıyıq.
Ümumiyyətlə, Rusiya Ukraynada müharibə aparandan bu yana onun geosiyasi mövqeyləri bir qədər zəifləyib. Və Azərbaycan bu mərhələdə Rusiya ilə əməkdaşlığı davam etdirməklə öz xarici siyasətinin çərçivələrini məhdudlaşdırmış olardı. Əslində, bəli, əməkdaşlıq var. Sadəcə olaraq, Rusiyanın özünün belə təhlükəli vəziyyətə düşməsi, üstəlik Azərbaycanla münasibətlərdə sərt xətt seçməsi Azərbaycanın da bir sıra gedişlərinə səbəb oldu və bu gedişlər haqlıdır. Ona görə də Birləşmiş Ştatlarla münasibətlər, həm də Rusiyanın Qafqazdakı ambisiyalarına qarşı balans yaradan bir hadisədir.
Bu hadisələrin nəticəsində Amerika Birləşmiş Ştatlarının TRİPP marşrutu üzrə layihə həyata keçirməsi xüsusilə diqqətə layiqdir. Ancaq onu da qeyd etmək lazımdır ki, Rusiya ilə Birləşmiş Ştatlar da razılaşmalara və sövdələşmələrə yaxınlaşırlar. Bu fonda Azərbaycan TRİPP marşrutunda Rusiyanın iştirakını Birləşmiş Ştatlarla müzakirələr fonunda nəzərdən keçirə bilər. Və Azərbaycan burada əsas qərarverici bir aktor olaraq öz sözünü deyəcək.
Ona görə də Vensin səfəri geniş bir plandan xəbər verir. Bu geniş ölçülü, böyük miqyaslı müzakirələrin və onların nəticələrinin indeksləşdirilməsinə kömək edəcək”.