Modern.az

İran Ermənistandan çox narazıdır - TƏHLİL

İran Ermənistandan çox narazıdır - TƏHLİL

Analitika

5 Fevral 2026, 12:20

Cənubi Qafqazda uzun illər “sabit və problemsiz” kimi təqdim olunan İran-Ermənistan münasibətləri artıq əvvəlki xətt üzrə davam etmir. Son aylar baş verən proseslər göstərir ki, tərəflər arasında dərinləşən etimadsızlıq var və bu soyuqlaşma təkcə diplomatik ritorika ilə məhdudlaşmır.

Modern.az İran-Ermənistan münasibətlərindəki son durumu analiz edib.

İrandakı kütləvi aksiyalarda Ermənistan rəsmilərinə etiraz

İranın Ermənistandakı səfiri Xəlil Şirqulaminin yanvarın 14-də  “Sputnik Armenia” saytına müsahibəsində İrandakı etirazlarla bağlı mübahisəli açıqlaması yayılıb. O bildirib ki, Tehranda Ermənistanın İrana düşmən qüvvələr üçün mərkəzə çevrildiyi barədə təsəvvür formalaşır.

Səfirin sözlərinə görə, İranda davam edən etirazlar uğur qazanacağı təqdirdə, zərər görən tərəflərdən biri də Ermənistan olacaq. O, bu fikirləri ilə etirazların regional nəticələr doğura biləcəyini iddia edib.

Xəlil Şirqulami, habelə, Ermənistandakı İran səfirliyinin qarşısında keçirilən etiraz aksiyalarından, səsləndirilən “hörmətsiz və təhqiramiz şüarlardan” narahatlığını dilə gətirib.

Səfir bu cür addımların İran cəmiyyətinin yaddaşında qalacağını vurğulayıb və Tehranın çətin dövrlərdə Ermənistanın yanında olduğunu xatırladıb.

Qeyd etmək lazımdır ki, Ermənistanın Diaspor Komissarlığının yaydığı məlumata görə, İranda kütləvi etirazlar və iğtişaşlar nəticəsində 2 erməni öldürülüb.

İrandan Ermənistana uçuşların ləğvi 

İran hər zaman Ermənistanla münasibətlərin strateji xarakter daşıdığını açıq şəkildə bəyan edib. Lakin son zamanlar Ermənistanla bağlı verilən açıqlamalar iki ölkə arasında münasibətlərin kövrəkləşdiyini deməyə əsas verə bilər.

Zəngəzur dəhlizi və TRIPP marşrutu ətrafında yaranan ciddi fikir ayrılıqları, İrəvanda İran səfirliyi qarşısında keçirilən etiraz aksiyaları, eləcə də İranın Ermənistandakı səfirinin bu ölkə ilə bağlı sərt və qeyri-adi açıqlamaları münasibətlərdə etimadsızlığın artdığını açıq şəkildə göstərir.

Bu kontekstdə Tehran-İrəvan aviareyslərinin ləğvini sadəcə texniki və ya kommersiya qərarı kimi yox, bəlkə də, eyni zamanda diplomatik müstəvidə verilən səssiz, lakin diqqətçəkən mesaj kimi qiymətləndirmək olar.

Sonda qeyd etmək lazımdır ki, Ermənistan Qərblə ciddi şəkildə əməkdaşlığını tutub və bu heç də İranın xoşuna gəlmir. Avropa Müşahidə Missiyasının Ermənistanda yerləşməsi, ABŞ ilə müdafiə sahəsində əməkdaşlıq və mümkün hərbi təlimlərin keçirilmə ehtimalları İranı qıcıqlandırır. Beləliklə də, İranın strateji tərəfdaşı kimi gördüyü Ermənistandan məyus qaldığı açıq görünür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!