Diplomatiyada bəzən açıq təhqir olmur. Amma elə gedişlər var ki, nəticəsi təhqirdən də ağırdır. İranın son ABŞ–İran danışıqları prosesində Türkiyəni kənarda saxlaması məhz belə bir haldır. Səssiz, soyuq və hesablanmış şəkildə Ankara masadan silindi.
Rəcəb Tayyib Ərdoğan açıq demişdi: Türkiyə ABŞ ilə İran arasında vasitəçi olmağa hazırdır. Hərbi müdaxiləyə qarşı çıxmışdı. İranın yanında olduqlarını vurğulamışdı. Ankara regionda sabitlik dili ilə danışdı, müharibəyə yox dedi, diplomatiya təklif etdi. Amma Tehran bu jestləri cavabsız qoydu. Daha doğrusu, cavab verdi. Türkiyəni kənarda qoymaqla.
İranın seçimi təsadüfi deyildi. Tehran danışıqları yalnız ABŞ-la, yalnız nüvə mövzusunda və yalnız özünün güvəndiyi məkanda aparmaq istədi. Nəticə etibarilə danışıqlar Omanda planlaşdırıldı. Türkiyə yoxdur. Ankara yoxdur. Masada yalnız Vaşinqton və Tehran var.
Bu, sadəcə texniki qərar deyil. Bu, siyasi mesajdır. Mesaj aydındır. İran Türkiyəni vasitəçi kimi qəbul etmir. Daha da pisi, ona ehtiyac duymur.
Ankara illərdir “regional güc”, “diplomatik mərkəz”, “danışıq platforması” iddiası ilə çıxış edir. Amma real böhran anında masanı quran Tehran oldu. Şərtləri diktə edən Tehran oldu. Oyunun qaydasını yazan da Tehran oldu. Türkiyə isə xoş niyyətli bəyanatlarla kənarda qaldı.
Bu vəziyyət Türkiyə üçün niyə pisdir? Çünki bu, sadəcə bir görüşün itirilməsi deyil. Bu, regional vasitəçilik iddiasına vurulan zərbədir. İran açıq şəkildə göstərdi ki, Ankara artıq onun üçün balanslayıcı aktor deyil. Ən azı bu böhranda.
Daha acı məqam isə ABŞ-ın mövqeyidir. Vaşinqton əvvəl geniş gündəm istəyirdi: raketlər, regional qruplar, insan haqları. Amma sonda İranın şərtlərini qəbul etdi. Türkiyənin təklif etdiyi “yumşaq körpü”yə ehtiyac duymadı. Bu da onu göstərir ki, Ankara ABŞ üçün də vazkeçilməz diplomatik kanal deyil.
İran isə bu gedişlə iki cəbhədə qalib gəldi. Bir tərəfdən danışıqları dar çərçivəyə saldı, təzyiqi azaltdı. Digər tərəfdən Türkiyəni oyundankənar saxlayaraq regionda “kim masanı qurur” sualına cavab verdi.
Bu, Ankara üçün xəbərdarlıq olmalıdır. Regional güc olmaq təkcə səsli bəyanatlar vermək deyil. Masada oturmaqdır. Masanı qurmaqdır. Bu dəfə isə masanı İran qurdu, Türkiyə isə baxan tərəf oldu.
Əgər bu tendensiya davam edərsə, Türkiyənin Yaxın Şərqdə vasitəçi yox, sadəcə mövqeyini bildirən ölkəyə çevrilməsi riski yaranır. Diplomatiyada isə mövqe bildirmək kifayət etmir. Səni masaya çağırmırlarsa, artıq oyunun içində deyilsən. İran bunu yaxşı bilir. Və bu dəfə Ankaranı məhz bu reallıqla üz-üzə qoydu.
Elbəyi Həsənli,
Sürix