Modern.az

Atəşkəs daha pozulmur: Azərbaycan 180 gündür sülhə öyrəşir 

Atəşkəs daha pozulmur: Azərbaycan 180 gündür sülhə öyrəşir 

Analitika

5 Fevral 2026, 16:22

2025-ci ilin 8 avqust tarixində Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən Vaşinqtonda sülh sazişinin paraflanmasının iki gün sonra 6 ayı tamam olur.

Modern.az 8 avqustda sülh mətnin paraflanmasından keçən 6 ay ərzində baş verənləri və iki ölkə üçün qazandırdıqlarını analiz edib.

8 avqust sülh sazişinin paraflanması təkcə diplomatik hadisə yox, regionda siyasi davranış modelinin dəyişməsinin başlanğıcıdır

Paraflanmadan sonrakı 6 ayda Azərbaycan–Ermənistan münasibətlərində emosional ritorikadan daha çox rasional yanaşmalar ön plana çıxıb. Tərəflər arasında birbaşa və dolayı təmasların intensivliyi artıb. Prezident İlham Əliyev ötən il oktyabrın 21-də Qazaxıstanda səfərdə olarkən Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan etdikdən sonra, noyabrın 5-də Rusiya buğdası Azərbaycan üzərindən daşınmaqla Ermənistana çatdırılıb. Bundan başqa, Qazaxıstan buğdasını daşıyan qatarlar Azərbaycan ərazisindən keçməklə noyabrın 8-də Ermənistana çatıb. İndinin özündə də  tranzit davam edir. Azərbaycanla Ermənistana arasında işçi qruplarının görüşləri də intensivləşib və daha məhsuldar xarakter kəsb edib. Belə ki, noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə olunan razılığa əsasən dekabrın 19-da Azərbaycan Dövlət Neft Şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib.

22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Böyük Kəsik stansiyasından yola salınıb. Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb.

Bununla yanaşı Ermənistan tərəfi də müəyyən addımlar atmağa başladı. Bu addıma ilk növbədə  “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”la (TRIPP) bağlı sərgilənən  mövqeni misal göstərmək olub. Paşinyan açıq və ya dolayı şəkildə cəmiyyətə çatdırdı ki, Ermənistanın regional blokadadan çıxışı, iqtisadi inkişafı, Qərblə münasibətləri Azərbaycanla sülh olmadan mümkün deyil. Bir sözlə, Ermənistan Baş naziri çıxışları ilə cəmiyyətə sülh sazişinin qaçılmaz olduğunu göstərir. Bu isə psixoloji dönüşün başlanğıcı kimi qiymətləndirilə bilər.  Ümumiyyətlə, hər iki tərəfin rəsmi şəkildə atdığı addımlar, tərəflərin qarşıdurma ritorikasını minimuma endirməyə çalışdığını göstərir.

Azərbaycan üçün dividendlər

Keçən 6 ay ərsində Azərbaycan özünü prosesə rəhbərlik edən və şərtləri müəyyən edən tərəf kimi təsdiqləyib. Rəsmi Bakı sülh gündəliyini təhlükəsizlik, suverenlik və ərazi bütövlüyü prinsipləri üzərində quraraq beynəlxalq ictimaiyyətə aydın mesaj verib ki, sülh yalnız postmünaqişə reallıqlarının tanınması əsasında mümkündür. Eyni zamanda, paraflanma Azərbaycanın Qərb paytaxtları ilə siyasi dialoqunda əlverişli diplomatik mövqe formalaşdırıb və regionda sabitliyin əsas təminatçısı imicini gücləndirib.

Ermənistan üçün nəticələr

Ermənistan üçün bu 6 ay adaptasiya və daxili ziddiyyətlər mərhələsi kimi yadda qalıb. Sülh sazişinin paraflanması İrəvanda vahid siyasi mövqe yaratmayıb, əksinə, hakimiyyətlə müxalifət və diaspor arasında fikir ayrılıqlarını daha da üzə çıxarıb. Bununla belə, rəsmi İrəvan regional təcriddən çıxış yolunun alternativinin olmadığını qəbul etməyə məcbur qalıb və ritorikasında nisbi yumşalma müşahidə olunub. Eyni zamanda, Azərbaycanla razılaşmaqla Ermənistan nisbətən özünü təcriddən çıxarmış, eləcə də taxıl və neft təminatını əldə etmişdir.

Etimad mühiti və real dinamika

Paraflanmadan sonra dərin qarşılıqlı etimadın formalaşdığını demək tezdir. Lakin tərəflərin bəyanatlarında və davranışlarında müharibə ritorikasının azalması, riskli eskalasiyalardan yayınmaq cəhdləri diqqət çəkir. Bu mərhələdə sülh prosesi emosional yaxınlaşmadan çox, hesablanmış siyasi davranış üzərində qurulub. Liderlər səviyyəsində görüşdən sonra XİN başçıları, deputatlar, QHT və jurnalistlər arasında da görüşlər baş tutdu.

Ötən ilin noyabr ayında  ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 23-cü payız sessiyası çərçivəsində Milli Məclisin deputatları Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, üzvlər Azay Quliyev, Pərvin Kərimzadə, Gülşən Paşayeva Ermənistan nümayəndə heyəti ilə görüşüblər.

Söhbət zamanı iki ölkə arasında həyata keçirilən etimadın artırılması tədbirlərində parlamentlərin roluna toxunulub, həmçinin parlament üzvləri arasında beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv dialoqun vacibliyi vurğulanıb.

Oktyabrın 22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin ikitərəfli formatda görüşü keçirilib. Azərbaycan və  Ermənistan QHT nümayəndələrinin birgə təşəbbüsünü hər iki ölkənin rəsmi strukturları da dəstəkləyib. Dəyirmi masada Azərbaycanı Fərhad Məmmədov (Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri), Rusif Hüseynov (Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru), Ramil İskəndərli (Milli QHT Forumu İdarə Heyətinin sədri), Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva (Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri) təmsil ediblər.

Erməni tərəfdən isə müzakirələrdə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanian, Narek Minasyan və Samvel Meliksetyan iştirak ediblər.

Bu formatda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü olan təşəbbüs 8 avqust 2025-ci il tarixində Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannaməsinin ruhuna uyğun olaraq sülh gündəliyinin təşviq edilməsinə yönəldilib.  

Səfər çərçivəsində iştirakçılar həmçinin Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüblər.  

2025-ci ilin 21-22 noyabr tarixlərində isə “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub. Səfər çərçivəsində Təşəbbüsün Ermənistandan olan nümayəndələri Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan Azərbaycandan olan həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayev ilə görüşüblər. Səfər zamanı “Sülh Körpüsü” Təşəbbüsü üzvləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüblər.

Səmimi şəraitdə keçən fikir mübadiləsi zamanı Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan tərəfindən sülh gündəliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə olunub.

8 avqust Vaşinqton razılaşması-Azərbaycan və Ermənistan cəmiyyətləri prizmasından

8 avqust paraflanması Azərbaycan cəmiyyətində “müharibə ehtimalı azalır” hissini gücləndirdi. Xüsusən sərhəd bölgələrində yaşayan insanlar üçün bu sənəd gündəlik qorxu səviyyəsini aşağı salan siqnal oldu. Cəmiyyətdə “biz qalibik, amma indi sabitlik lazımdır” düşüncəsi formalaşdı. Bu, qələbədən sonra yaranan emosional gərginliyin tədricən azalması deməkdir. Məsələnin sosioloji təsirləri də var. Belə ki, müharibə mövzusu gündəlik söhbətlərdə arxa plana keçməyə başladı, diqqət bərpa, qayıdış, sosial rifah və iqtisadi məsələlərə yönəldi. Gənc nəsil üçün sülh artıq ideoloji yox, praktik ehtiyac kimi qəbul olunur.

8 avqust sazişi Ermənistan cəmiyyətində isə rahatlıq yox, qarışıq hisslər yaratdı. Bir tərəfdə “nəhayət müharibə bitir” düşüncəsi, digər tərəfdə isə “itirən tərəf biz olduq” travması var. Bu, klassik post-məğlubiyyət psixologiyasıdır. Cəmiyyətdə dərin parçalanma qalmaqdadır: şəhərli, gənc və praqmatik təbəqə sülhü dəstəkləyir, daha yaşlı və radikal kəsim isə narazıdır. İnsanlar sülhü ideya kimi deyil, iqtisadi çıxış yolu kimi görməyə başlayır. Yəni sülh sevilmir, amma zəruri sayılır. Qarşılıqlı münasibətlərə sadə insanlar üçün sülh sazişi təhlükəsiz sabah, sabit iş, qorxusuz gündəlik həyat deməkdir.

Bu baxımdan Azərbaycan cəmiyyətində səbirli gözlənti, Ermənistan cəmiyyətində isə məcburi qəbul mərhələsi yaşanır. Ən vacib məqam ondan ibarətdir ki, hər iki cəmiyyət bir-birinə tam etimad etməsə də, artıq müharibə istəmədiklərini açıq və ya səssiz şəkildə göstərirlər. Bu, sülh üçün ən real və ən sağlam əsasdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!