Azərbaycan xalqının onilliklər boyu gözlədiyi o tarixi an gəlib çatdı. Bakı Hərbi Məhkəməsində Xocalı soyqırımından tutmuş, Gəncə və Bərdə terroruna, ekosid və urbisid cinayətlərinə qədər bir çox qanlı hadisələrin əsas icraçıları olan separatçı rejim rəhbərlərinə hökm oxundu. Bu hökm sadəcə hüquqi bir sənəd deyil, həm də Azərbaycanın öz gücü ilə bərpa etdiyi mütləq ədalətin təntənəsidir.
Prezident İlham Əliyev hələ müharibədən əvvəlki çıxışlarında qətiyyətlə bildirmişdi: “Xalqımıza qarşı cinayət törədənlər gec-tez ədalət mühakiməsi qarşısına çıxacaqlar, şəhidlərimizin və günahsız qurbanların qanı yerdə qalmayacaq”. Bu gün Arayik Arutyunyanın və digər canilərin ömürlük məhkum edilməsi dövlət başçısının xalqına verdiyi sözün tam və qəti icrasıdır. Azərbaycan dövləti sübut etdi ki, o, öz vətəndaşını qorumağa və ona qarşı törədilən cinayəti cəzasız qoymamağa qadir olan qüdrətli bir gücdür.
Dünya tarixində münaqişələrin həlli modelləri çoxdur, lakin Azərbaycanın təcrübəsi unikaldır. Biz:
Heç bir kənar yardıma söykənmədən, bütün beynəlxalq təzyiqləri dəf edərək ərazi bütövlüyümüzü bərpa etdik;
Beynəlxalq təşkilatların onilliklər boyu edə bilmədiyini 44 günə və 23 saatlıq antiterror tədbirləri ilə reallaşdırdıq;
Müharibə canilərini döyüş meydanında deyil, hüquq müstəvisində, açıq və şəffaf məhkəmə prosesi ilə mühakimə etdik.
Müqayisə üçün qeyd edək ki, İsrail faşist canilərini tapmaq üçün onilliklər sərf etdi, keçmiş Yuqoslaviya caniləri isə yalnız beynəlxalq birliyin müdaxiləsi ilə mühakimə olundular. Azərbaycan isə bu ağır missiyanın öhdəsindən təkbaşına gəldi.
Məhkəmə prosesi zamanı verilən ifadələr Ermənistanın "müstəqil Dağlıq Qarabağ" mifini tamamilə darmadağın etdi. Levon Mnatsakanyanın etiraf etdiyi kimi, separatçı rejim ordusu müstəqil qüvvə deyil, birbaşa İrəvana tabe olan Ermənistan ordusunun hərbi birləşməsi idi. Təyinatların İrəvanda aparılması və ordunun Ermənistan büdcəsindən maliyyələşməsi faktları Ermənistanın dövlət olaraq bu cinayətlərdə birbaşa məsuliyyət daşıdığını hüquqi cəhətdən təsdiqlədi.
Məhkəmə qərarı ilə sülh və insanlıq əleyhinə cinayətlər törətmiş aşağıdakı şəxslər ən ağır cəzalara məhkum edildilər:
Hərbi xuntanın rəhbərləri - Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, David İşxanyan və David Babayan ömürlük həbs olundular, Arkadi Qukasyan və Bako Saakyan isə 20 il müddətinə azadlıqdan məhrum olunublar.
İnsanlıq əleyhinə və müharibə cinayətləri törətmiş bu şəxslərin dəmir barmaqlıqlar ardına göndərilməsi münaqişələrin ədalətli həlli üçün ən mükəmməl modeldir. Çünki cəzasız qalan hər bir cinayət yenisinə rəvac verir. Azərbaycan bu hökmlə həm də dünyaya mesaj verdi: sülh naminə, ədalət naminə heç bir cinayət cavabsız qalmır.
Xocalıda qətlə yetirilən körpələrin, Gəncədə yuxuda ikən raket atəşinə tutulan günahsız insanların ruhu bu gün şaddır. Azərbaycan öz qürurunu, torpağını və ədalətini bərpa etdi!
Elnur ƏMİROV