Modern.az

Dünyada müntəzəm məktəb atışmaları - Azərbaycanda istisna hadisə

Dünyada müntəzəm məktəb atışmaları - Azərbaycanda istisna hadisə

Analitika

6 Fevral 2026, 15:24

Son illər dünyada təhsil müəssisələrində təhlükəsizlik məsələsi getdikcə daha ciddi müzakirə mövzusuna çevrilir. Xüsusilə orta məktəb və liseylərdə baş verən silahlı insidentlər cəmiyyətlərdə ciddi narahatlıq doğurur. Ötən il, yəni 2025-ci il də bu baxımdan istisna olmayıb. Beynəlxalq monitorinq və media hesabatlarına əsasən, 2025-ci ildə dünya üzrə orta məktəb və liseylərdə ən azı 15-20 silahlı insident qeydə alınıb. Bu göstərici əvvəlki illərlə müqayisədə nisbətən azalsa da, hadisələrin ölüm və ağır xəsarətlərlə nəticələnməsi təhlükənin miqyasını dəyişmir. Ekspertlər hesab edir ki, silahlı insidentlərin əsas səbəbləri arasında: qanunsuz silah dövriyyəsi, psixoloji problemlər, məktəblərdə təhlükəsizlik nəzarətinin zəifliyi, sosial və ailə münaqişələri xüsusi yer tutur.  

Modern.az 2025-ci il ərzində məktəb və liseylərdə baş verən silahlı insidentləri araşdırıb.

Avropada faciəli hadisələr

Ötən ilin fevral ayında İsveçin Örebro şəhərində yerləşən Campus Risbergska təhsil müəssisəsində silahlı insident yaşanıb. Hadisə nəticəsində 10 nəfər həyatını itirib, 6 nəfər yaralanıb. Qeyd edək ki, bu təhsil mərkəzi orta təhsil səviyyəsinə yaxın strukturda fəaliyyət göstərir.

Növbəti belə bir hadisə 2025-ci ilin iyun ayında Avstriyanın Qraz şəhərində yerləşən “Dreierschützengasse” liseyində baş verib. Liseydə baş verən silahlı hücum Avropada son illərin ən qanlı məktəb hadisələrindən biri kimi qeydə alınıb. Keçmiş şagird tərəfindən törədilən hücum nəticəsində 10 nəfər ölüb, 10-dan çox şəxs yaralanıb. Hücum edən şəxs hadisədən sonra intihar edib.

ABŞ yenə ilk sıradadır

ABŞ-da isə məktəblərdə silahlı insidentlər 2025-ci ildə də davam edib. Yanvarda Tennesi ştatında yerləşən Antiox liseyində şagird tərəfindən açılan atəş nəticəsində 1 şagird ölüb, 1 nəfər yaralanıb. Sentyabr ayında Kolorado ştatında Evergreen High School-da baş verən silahlı hücumda 2 şagird ağır yaralanıb. ABŞ-da məktəb atışmalarının böyük əksəriyyəti məhz orta məktəb və lisey yaş qrupuna aid şagirdlər tərəfindən törədilir ki, bu da məsələni daha da təhlükəli edir.

Yeri gəlmişkən dünyanın super gücü olan ABŞ-də 1999-cu ildən etibarən məktəblərdə təxminən 417 silahlı atışma halı qeydə alınıb.

Bu atışmalarda təxminən 203 nəfər öldürülüb və əlavə olaraq məkana bağlı yaralanmalar da çox olub.

Azərbaycan

Bu gün Bakıda yerləşən “İdrak” liseyində silahlı insident baş verib. Hadisə zamanı liseyin 10-cu sinif şagirdi müəlliminə ov tüfəngi ilə atəş açıb. Atəş nəticəsində 29 yaşlı qadın müəllimə xəsarət alıb. Qeyd etmək lazımdır ki, bu, Azərbaycanda baş verən tək belə insidentdir. Üstəlik, bu hadisədə ölüm faktı da qeydə alınmayıb.

Bu isə Azərbaycanda bütün sahələrdə olduğu kimi təhsil sahəsində də təhlükəsizliyin yüksək səviyyədə təşkil olunmasından xəbər verir. Çünki ümumilikdə Azərbaycanda təhlükəsizlik mühiti elə qurulub ki, bu cür hallara nadirən rast gəlmək mümkündür. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinin generalı GÜLLƏLƏNDİ - Rusiyada ara qarışır