Modern.az

Cinayət və cəza: postmüharibə reallığı

Cinayət və cəza: postmüharibə reallığı

Analitika

8 Fevral 2026, 15:36

Vətən müharibəsindən sonra Azərbaycan üçün yeni mərhələ başlandı. Bu mərhələ təkcə siyasi bəyanatlar və diplomatik gedişlərdən ibarət deyil, konkret hüquqi nəticələr üzərində qurulub. Müharibə cinayətlərinə görə məsuliyyət daşıyan erməni silahlı birləşmələrinin və separatçı rejimin əsas fiqurları Bakı Hərbi Məhkəməsində mühakimə olunaraq real cəza alıblar. Bu proses Prezident İlham Əliyevin rəhbərliyi ilə hərbi və siyasi qələbənin hüquqi müstəvidə tamamlanmasının açıq göstəricisidir.


Məhkəmə qərarları ilə keçmiş separatçı qurumun rəhbəri Arayik Harutyunyan, eləcə də Levon Mnatsakanyan, David Babayan, David İşxanyan və David Manukyan ömürlük azadlıqdan məhrum edilib. Digər şəxslərdən Bako Saakyan və Arkadi Qukasyan 20 il, Madat Babayan 19 il, Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, David Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum olunublar. Bu hökmlər konkret cinayət faktlarına, sübutlara və hüquqi prosedurlara əsaslanır.
44 günlük müharibə ilə Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda regionda yeni siyasi reallıq yaratdı. Lakin Prezident İlham Əliyevin strategiyası bununla məhdudlaşmadı. Müharibədən sonrakı dövrdə əsas xətt qisasçılıq yox, ədalətin bərpası oldu. Məhz buna görə də məsələ emosional ritorika səviyyəsində saxlanılmadı, hüquqi müstəviyə keçirildi.


Bu gün “ermənilər üzərində proses” dedikdə, ilk növbədə məhz bu yanaşma nəzərdə tutulur. İllər boyu törədilmiş müharibə cinayətləri, mülki əhalinin məqsədli şəkildə atəşə tutulması, şəhər və kəndlərin dağıdılması, terror və etnik təmizləmə faktları siyasi bəyanat yox, hüquqi sənədlər və məhkəmə qərarları ilə qiymətləndirildi. Bu isə Azərbaycanın beynəlxalq hüquqa söykənən dövlət olduğunu nümayiş etdirdi.
Erməni tərəfinin uzun illər ərzində yaratmağa çalışdığı “öz müqəddəratını təyin etmə” və “məzlumluq” mifləri bu mərhələdə tam iflasa uğradı. Beynəlxalq hüquq işğalı, separatizmi və müharibə cinayətlərini legitimləşdirmir. Prezident İlham Əliyevin ardıcıl şəkildə vurğuladığı əsas məqam da budur: Azərbaycan haqlı olduğu üçün qalib gəlib.


Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan bu prosesi selektiv yanaşma ilə aparmır. Etnik mənsubiyyət deyil, törədilmiş cinayət əsas götürülür. Dövlət başçısı dəfələrlə bəyan edib ki, sülh şəraitində yaşamaq istəyən erməniəsilli vətəndaşların hüquqları qorunacaq, lakin cinayət törətmiş şəxslər qanun qarşısında cavab verməlidir. Bu yanaşma güclü dövlət mövqeyinin göstəricisidir.
Nəticə etibarilə, müharibədən sonra başlayan hüquqi proseslər Azərbaycanın qələbə anlayışını daha geniş məna ilə doldurur. Bu artıq təkcə hərbi üstünlük deyil, hüququn işləkliyinin, dövlət institutlarının gücünün və siyasi iradənin nəticəsidir. Prezident İlham Əliyev hərbi və siyasi qələbəni hüquqi zəfərlə tamamlayaraq ədaləti bərqərar etdi. Bu isə regionda yeni dövrün əsasını qoyan tarixi mərhələdir.

 

Elnur ƏMiROV
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?