Modern.az

Fəzail Ağamalı - Surət Hüseynov münaqişəsi: onlar arasında nə baş vermişdi…

Fəzail Ağamalı - Surət Hüseynov münaqişəsi: onlar arasında nə baş vermişdi…

Analitika

11 Fevral 2026, 11:28

Sosial şəbəkələrdə sabiq deputat, Ana Vətən Partiyasının (AVP) keçmiş sədri Fəzail Ağamalı ilə bağlı müxtəlif paylaşımlara rast gəlinir. Vaxtilə siyasətdə olmuş ayrı-ayrı adamlar, keçmiş və indiki jurnalistlər 79 yaşında dünyasını dəyişən Fəzail Ağamalının şəxsiyyətinə, siyasi faəliyyətinə müxtəlif prizmalardan yanaşırlar.

Bəzi paylaşımlarda Ana Vətən Partiyasının mərhum eks-sədri ilə keçmiş baş nazir Surət Hüseynov arasında yaşanmış insidentə də üstüörtülü işarələr vurulur, bu yöndəki atmacalar da diqqət çəkir.

Bəs Fəzail Ağamalı ilə Surət Hüseynov arasında nə baş vermişdi?

Modern.az saytı bunu araşdırıb.

Xatırladaq ki, Fəzail Ağamalı 1992-ci ildə sosial təminat nazirinin müavini, 1993-1994-cü illərdə isə əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini və naziri əvəzi olub.

Onun Surət Hüseynovla münaqişəsi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyi dövrə təsadüf edib.

Surət Hüseynovla Fəzail Ağamalı arasında baş vermiş qalmaqal fiziki qarşıdurma deyil, daha çox siyasi və şəxsi mübahisə kontekstində xatırlanır. Vaxtilə Surət Hüseynovun siyasi dairələrdəki qərar və mövqeyi mübahisələr doğurarkən Fəzail Ağamalı ilə də münasibətləri pisləşmişdi. Bəzi şəxslər hətta sabiq baş nazirin onu döydüyünü iddia edirlər. Bu iddia mübahisəli və kontekstdən çıxarılmış formada media və sosial şərhlərdə yer alıb. Lakin buna dair rəsmi məhkəmə, hüquqi qərar və sənədləşdirilmiş faktlar yoxdur.

Mərhum eks-prezident Əbülfəz Elçibəyin yaxın silahdaşı olmuş tarixçi alim Ələsgər Siyablı deyir ki, Fəzail Ağamalını 70-ci illərdən tanıyırdı. Onları Əbülfəz Elçibəy tanış edib:

“1988-ci ildə Elçibəy “Varlıq” cəmiyyətini yaradanda onu da təşkilata üzv qəbul etdi. Təşkilatın bir neçə iclası onun evində keçiriıldi. Milli Azadlıq Hərəkatına cənfəşanlıq göstərərək aktiv şəkildə qoşuldu. Azərbaycan Xalq Cəbhəsinin təsis konfransında iştirak etdi, Nəzarət Təftiş Komissiyasına üzv seçildi. Elçibəy hakimiyyəti dövründə ona yüksək etimad göstərildi, Prezidentin sərəncamı ilə əmək və sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olundu”.

Ə.Siyablının sözlərinə görə, 1993-cü ildə “Surət Hüseynov qiyamı” baş verəndə F.Ağamalıya Elçibəy hakimiyyətinin kadrı kimi fəaliyyətini dondurmaq təklif olunsa da, o bununla razılaşmayıb və siyasi mövqeyini dəyişib. Həmin vaxt F.Ağamalı əmək və əhalinin sosial müdafiəsi naziri əvəzi olub.

Ə.Siyablı deyib ki, Surət Hüseynov baş nazir təyin olunandan bir müddət sonra (1994-cü ildə) F.Ağamalını nazir əvəzi vəzifəsindən nümayişkəranə surətdə azad edib.

Ə.Siyablının sözlərinə görə, Fəzail Ağamalı bir çox müsahibələrində öz keçmiş müəllimi, lideri və prezidenti Elçibəyin şəxsinə və vaxtilə özünün də təmsil olunduğu hakimiyyətinə qarşı olduqca tənqidi və böhtan xarakterli fikirlər səsləndirmişdi. 

Mərhum Fəzail Ağamalının özü də sağlığında Modern.az-a verdiyi müsahibələrinin birində onun nazir əvəzi vəzifəsindən Sürət Hüseynov tərəfindən kənarlaşdırıldığını söyləmişdi. F.Ağamalı Surət Hüseynovun müəyyən siyasi addımlarının onun karyerasına və hökumət postundan ayrılmasına təsir etdiyini vurğulamışdı. 
Onun sözlərinə görə, bunun səbəbi S.Hüseynovun dövlətə qarşı hərəkətlərinə etiraz eləməsi və mövqeyini açıq şəkildə KİV-ə bildirməsi olmuşdu.

“Bəli, nazir postundan getməyimdə Sürət Hüseynov çox ciddi rol oynadı və baxmayaraq ki, ona qarşı rəhmətlik, ulu öndərimiz kifayət qədər sərt mövqeyini ortalığa qoydu. Lakin hadisələrin gedişi o zaman elə idi ki, şəxsən mənim özüm istefaya getməyimlə bağlı Prezidentə müraciətimə ulu öndərimiz anlaşıqlı yanaşdı və məni istefaya göndərdi. Beləliklə, o zaman qurulmuş olan bir ssenarini mən bu istefamla pozmuş oldum. Bununla mən deyərdim ki, qətiyyən peşmançılıq keçirmirəm və bəzilərinin düşündüyü kimi, müxtəlif manevr etməklə və ya Sürət Hüseynova qarşı getməklə, yaxud hətta mənə o zaman milli təhlükəsizlik naziri Nəriman İmranovun dediyi kimi, Sürət Hüseynovdan üzr istəməklə vəzifədə qalmaq kimi təklifləri rədd etdim və vəzifədən getdim. Əlbəttə sonra ailəm, özüm də xeyli əziyyət çəkdik. Hətta evimizdə çörək almağa belə bir neçə il pulumuz olmadı. Ancaq mən bütün bunları çox təmkinlə qarşıladım, iradə ilə bütün bunların qarşısında dayandım və sonralar 1996-cı ildə seçkilərə qatıldım və parlamentə seçildim”.

F.Ağamalı sözügedən müsahibəsində Sürət Hüseynovla toqquşmasının nədən qaynaqlandığına belə aydınlıq gətirmişdi:

“Sürət Hüseynov “Gəncə qiyamı”ndan sonra artıq müəyyən qüvvə ilə Bakının ətrafına gəlmişdi. Özü də hərbi, siyası, iqtisadı, bütün sahələrdə böhran hökm sürürdü və yaranmış situasiyadan istifadə edən Sürət Hüseynov hakimiyyətə gəlmək istəyirdi. Onun hakimiyyətə gəlməsində Rusiyanın böyük maraqları var idi və etiraf olunmalıdır ki, Sürət Hüseynov Rusiyanın xüsusi xidmət orqanlarının təhriki ilə və onun hazırladığı plan ilə hərəkətə keçmişdi.

Belə vəziyyətdə Heydər Əliyevin hakimiyyətə gəlməsi Moskvanın planlarını alt-üst etdi. O zaman Heydər Əliyev çox müdriklik göstərərək Sürət Hüseynovu neytrallaşdırmağa üz tutdu, onu baş nazir vəzifəsinə gətirdi. Sürət Hüseynov baş nazir postunda Heydər Əliyevin siyasətinə qarşı çıxmaq cəsarətini özündə nümayiş etdirdi.
1994-cü il ikinci yarısından - mart, aprel ayından başlayaraq neft müqaviləsinin bağlanması, Azərbaycanın xarici neft şirkətlərinin rəhbərliyi ilə danışıqlar aparmasının intensiv vaxtları idi. Sürət Hüseynov da qəzetlər vasitəsilə - o zaman Yun zavodunun qəzeti, eyni zamanda Sosial-Demokrat Partiyasının qəzeti var idi və o qəzet də tam Sürət Hüseynovun nəzarəti altında idi - başqa yöndə iş aparırdı. Bu qəzetlərin vasitəsilə Heydər Əliyevin siyasətinə qarşı, eyni zamanda Rusiya qəzetləri vasitəsilə çox ciddi müqavimət göstərirdi, onun əleyhinə gedirdi.
Belə bir vaxtda mənim “Millət” qəzetində “Baş nazir istefaya getməlidir” başlığı ilə böyük müsahibəm çıxdı. Orada Sürət Hüseynovun aparmış olduğu xəttin mahiyyəti üzərində dayandım, onun antimilli mahiyyətini ortalığa qoydum və eyni zamanda Heydər Əliyevin siyasətinin vacibliyini və bunun ümummilli maraqlara tam cavab verdiyini müsahibəmdə ifadə etdim. Demək olar ki, Sürət Hüseynov mənim müşahibəmdə tamamilə, birmənalı şəkildə ifşa olunurdu. Sürət Hüseynovun fəaliyyətinin anatomiyası tənqid yox, ifşa olunurdu.

O zaman onun köməkçisi vardı, Şamil adlı, o məni Nazirlər Kabinetinə çağırdı və həmin müsahibənin altında qırmızı xətlərlə işarələr qoyulmuş hissəni mənə göstərdi. Qəzetin həmin səhifəsi demək olar ki, başdan-başa qırmızılanmışdı. Soruşdu ki, “bunlar sənin fikrindir?”. Dedim “bəli”. Dedi “bilirsən, sən artıq hansı hərəkət etmisən və bu sənə qarşı hansı təsir edə bilər?”. Dedim “bunların hamısını mən nəzərdə tutmuşam”.
Əlbəttə, Sürət Hüseynovun o vaxtı sözünün dalının, qabağının kəsən vaxtı idi. O ikinci bir qüvvə idi, ətrafında kifayət qədər hərbi dəstələr var idi. Reytinqi müəyyən qüvvələr içərisində, cəmiyyətdə görünürdü. Bütün bunların hamısı mənim tərəfimdən nəzərə alınmışdı.

Beləliklə, bu yazıdan sonra Surətin kimliyi haqqında cəmiyyətdə çox mənfi rəy yarandı. Çünki Sürət Hüseynov özü var idi, ancaq o təriflənilirdi, qəhraman kimi təqdim olunurdu. Qarabağ uğrunda döyüşlərdə az-çox xidmətləri var idi. Bu da etiraf olunmalıdır. Sürət Hüseynov mənə güzəştə getmədi və özünün imkanları daxilində mənə təzyiqlər etdi və nəticə etibarı ilə mən istefaya getməli oldum...

Bu hadisələrdən sonra 1994-cu ilin sentyabr hadisələri başladı. Sürət Hüseynovun yenidən qiyam etmək və hakimiyyəti ələ almaq cəhdləri oldu. Heydər Əliyevin iradəsi, xalqla birliyi Sürət Hüseynovun bütün bu planlarını alt-üst etdi və beləliklə, Sürət Hüseynov oktyabr ayında artıq hakimiyyətlə vidalaşamalı oldu. Həbs olundu, sonra ölkədən qaçdı və s.”

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Raketlər İrana tuşlandı - Hücum başlayır - Xəbəriniz Var?