Modern.az

Azərbaycanda hər şey dəyişir

Azərbaycanda hər şey dəyişir

Analitika

Bu gün, 00:19

Xocalı soyqırımının 34-cü ildönümdür. 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə Xocalıda azərbaycanlılar milli kimliklərinə görə soyqırıma məruz qaldılar. O zaman Ermənistan bu insanlığa hayqırı əməlləri Rusların 366-cı Motoatıcı alayı ilə birlikdə törətmişdi. Nə yazıq ki, o zaman Azərbaycandakı mövcud sistem bu qətliamın qarşısına almaqda aciz idi.

Həmin müdhiş olayların üstündən 34 il keçir. İndi Azərbaycanda hər şey dəyişib.

Çağdaş Azərbaycan müstəqillik tarixinin ən mühüm mərhələlərindən birini yaşayır. Bu mərhələ siyasi hadisələrlə yanaşı idarəetmə sisteminin keyfiyyətcə yenilənməsi ilə müşayiət olunur. Mövcud dövrü Azərbaycan üçün sistem transformasiyası mərhələsi adlandırmaq daha doğru olar.

Analitiklərin qənaətinə görə, bu mərhələdə post-sovet inertiyasının qırılması, siyasi arxitekturanın yenidən qurulması, milli suverenlik modelinin institusionallaşması kimi dövlətçiliyimiz üçün fundamental əhəmiyyət daşıyan proseslər baş verir. Bütün bunlar köhnə şəbəkə mexanizmlərinin sıradan çıxarılması və yeni kadr fenomeninin formalaşması ilə paralel şəkildə gedir.

Birmənalı şəkildə demək olar ki, bu mərhələ 44 günlük Zəfərin yaratdığı yeni reallıqların siyasi sistemə transferidir.

Müstəqillik və sovet irsinin ağırlığı

Qeyd olunan proseslərin mahiyyətini anlamaq üçün qısa tarixi ekskurs zəruridir. 1990-cı illərdə Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Müstəqillik hüquqi aktla təsbit olunsa da, siyasi sistem sovet mirası ilə yüklü olaraq qalırdı. Ölkədə onillərlə totalitar sovet idarəetmə modeli hökm sürmüşdü. Sovet dövründə təkpartiyalı sistem mövcud idi, Kommunist Partiyası siyasi monopoliyanı əlində saxlayırdı. Azad söz anlayışı formal xarakter daşıyır, azad mətbuat imitasiya funksiyası yerinə yetirirdi. Azad fikir isə daha çox xarici auditoriyaya hesablanmışdı.

Daxildə nəzarət mexanizmləri sərt idi. Dövlət təhlükəsizlik strukturları siyasi həyatın mərkəzində dayanırdı. Həmin dövrdə KQB düşüncə sistemi cəmiyyətin bütün qatlarına sirayət etmişdi və bu psixoloji model müstəqillikdən sonra da müəyyən müddət təsirini saxladı.

Siyasi plüralizm və idarəetmə böhranı

Müstəqillik əldə edildikdən sonra yeni siyasi təşkilatlar yaranmağa başladı və cəmiyyət emosional mərhələyə daxil oldu. Azadlıq eyforiyası siyasi səhnəyə çoxsaylı, cəmiyyətin tanımadığı qüvvələri çıxardı.

O dövrdə ən böyük siyasi mərkəz kimi Azərbaycan Xalq Cəbhəsi formalaşdı və geniş kütlələri öz ətrafında birləşdirdi. Milli dirçəliş ideyası ön plana çıxdı. Paralel olaraq müxtəlif partiyalar təsis olundu. Azərbaycan Xalq Cəbhəsi siyasi səhnədə əsas aktora çevrildi. Yeni Azərbaycan Partiyası isə daha sistemli dövlətçilik modelini təklif etdi. Müsavat Partiyası tarixi siyasi brend kimi yenidən aktivləşdi. Bundan başqa, siysasəti Azərbaycan Demokrat Partiyası, Milli İstiqlal Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası və s kimi digər siyasi qurumlar bəzədi.

Ümumən, bütün partiyaların böyük əksəriyyətinin kadrları sovet sistemində formalaşmış şəxslər idi. Onlar sovet idarəetmə məktəbinin məhsulu idilər və şəbəkə əlaqələri keçmiş strukturlarla bağlı qalırdı. Bu isə müstəqil dövlət quruculuğu prosesində ziddiyyət yaradırdı. Siyasi forma dəyişirdi, lakin düşüncə modeli və idarəetmə refleksləri keçmişdə qalırdı.

1990-cı illər ardıcıl siyasi böhranlarla yadda qalıb. Hakimiyyət böhranları adi hala çevrilmişdi və idarəetmədə vakuum yaranmışdı. Daxili çəkişmələr yeni yaranmaqda olaan dövlətçiliyi zəiflətdi. Yad qüvvələrin pərdəarxası təsirləri ilə ölkənin müxtəlif bölgələrində separatizm meyilləri gücləndi. Ordu quruculuğu sistemsiz aparıldı və nəticədə Azərbaycanın ərazilərinin 20 faizi işğal olundu. Bu prosesdə xarici faktorun rolu açıq şəkildə hiss olunurdu.

Bir sıra siyasi və hərbi fiqurların fəaliyyəti də həmin epoxanın xarakterini göstərirdi. Onların əksəriyyəti sovet düşüncə arxetipinin daşıyıcısı idi və müxtəlif formalarda Rusiyanın təsir orbitində qalırdı.

Diqqət edək, Ayaz Mütəllibov keçid dövrünün mürəkkəbliyini yaşadı. Rusiyaya üz tutdu. Əbdürrəhman Vəzirov sovet irsinin davamçısı kimi çıxış etdi. Rusiyaya sığındı. Surət Hüseynov hərbi-siyasi ambisiya faktoru ilə göründü. Rusiyadan qidalanırdı. Rəhim Qazıyev idarəetmə böhranının simvoluna çevrildi. Rusiyayönlü idi. Vaqif Hüseynov təhlükəsizlik sisteminin sovet davamçısı idi. Rusiyaya qaçdı.

Bu sıranı xeyli genişləndirmək olar. Bu sırada özünü milli, demokratik, xaqlqını guya xoş günlərə aparacaq və s. fərqli şəxslərin hamısı yumşaq desək, Rusiyanın qucağında idilər.

Məsələ ayrı-ayrı şəxslərdən daha çox, bütöv bir epoxanın məhsulu olan düşüncə modelində idi. Bu “rusbaşlılıq” 70 il ərzində formalaşmış idarəetmə və asılılıq psixologiyasının nəticəsi idi. Özünü milli qüvvə adlandıranların bir qismi belə suverenliyi yalnız formal çərçivədə qəbul edirdi.

Həmin dövrdə Rusiya sovetlərin varisi kimi regionda təsirini qorumağa çalışırdı. Müxtəlif ideoloji maskalardan, guya Qərbçi, Amerikayönlü, guya Türkiyəyönlü, İranpərəst, guya milli və s. istifadə olunsa da, strateji xətt dəyişmirdi. Məqsəd Azərbaycanın zəif qalması idi.

Digər dövlətlər də yeni müstəqillik qazanmış Azərbaycanda mövqe tutmağa çalışırdı, lakin bu müstəvidə Rusiya hegemon mövqedə idi.

Dövlətçiliyin bərpası və sistemli kurs

1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev vəziyyəti sistemli şəkildə təhlil etdi. O, sovet təhlükəsizlik mexanizmlərini və şəbəkə strukturlarını dərindən bilirdi. İlk növbədə siyasi balans quruldu. Radikal qarşıdurmadan uzaq durularaq mərhələli neytrallaşdırma strategiyası seçildi. Dövlətçilik prioritet elan edildi, milli maraqlar əsas prinsip kimi müəyyənləşdirildi.

Bu prosesdə kompromislər də oldu, sərt addımlar da atıldı, taktiki manevrlər də edildi. Məqsəd Azərbaycanın parçalanmasının qarşısını almaq, dövlət institutlarını möhkəmləndirmək və idarəetməni sabitləşdirmək idi.

Sonrakı illərdə dövlət institutları gücləndirildi, ordu modernləşdirildi, enerji strategiyası quruldu, beynəlxalq balans siyasəti həyata keçirildi. Bütün bunlar 44 günlük Vətən müharibəsinə aparan yolun sistemli şəkildə hazırlandığını göstərir.

44 günlük Zəfər - geosiyasi və psixoloji dönüş

44 günlük Zəfər hərbi qələbə olmaqla yanaşı, regionun siyasi xəritəsini dəyişən, geosiyasi kodları qıran, psixoloji baryerləri dağıdan hadisə idi. “Azərbaycan bacarmaz” stereotipi tamamilə iflasa uğradı. Rusbaşlı mifologiya dağıldı. Azərbaycan öz gücü ilə suverenliyini təmin edə biləcəyini sübut etdi.

Zəfərdən sonra post-münaqişə dövrü başladı. Regional güc balansı dəyişdi. Azərbaycanın suverenliyi real məzmun qazandı. Diplomatik aktivlik artdı. Bu, Orta Dəhliz konsepsiyasında, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsində və yeni nəqliyyat-logistika layihələrində açıq şəkildə özünü göstərir.

Köhnə siyasi sistemin kompromis, xüsusilə Qarabağ məsələsində güzəşt üzərində qurulmuş modeli bu yeni reallıqlara uyğun deyildi. Ona görə də transformasiya qaçılmaz idi.

Yeni kadr fenomeni və Çağdaş Azərbaycan

Bu mərhələdə yeni kadrlar ön plana çıxır. Onlar sovet psixologiyasının daşıyıcısı deyillər. Qlobal təhsil almış, rəqəmsal idarəetmə bacarıqlarına malik, şəffaflıq və hesabatlılıq prinsiplərini qəbul edən bu kadrlar şəxsi şəbəkələr üzərində deyil, institusional sistem üzərində işləyirlər. Milli maraq onların fəaliyyətinin əsas prioritetidir.

Hazırda struktur yenilənməsi gedir, idarəetmə modeli optimallaşdırılır. Korrupsiyaya qarşı sistemli mübarizə aparılır, kadr siyasətində meritokratiya prinsipi güclənir. Siyasi legitimlik getdikcə performans və nəticə üzərindən formalaşır. Geosiyasi konfiqurasiya dəyişdiyi üçün Azərbaycan taleyini özü müəyyənləşdirən aktora çevrilib.

Bəli, 44 günlük Zəfər siyasi sistemin transformasiyasını sürətləndirdi və köhnə epoxanın qapanmasını qaçılmaz etdi. Bu Zəfər yeni milli elitanın formalaşmasına ciddi impuls verdi.

Nə dünya əvvəlkidir, nə region. Azərbaycan da əvvəlki Azərbaycan deyil. 1990-cı illərin zəif və daxili qarşıdurmalar içində olan dövləti ilə bu gün regional təşəbbüslər irəli sürən, strateji layihələrə liderlik edən Çağdaş Azərbaycan arasında fundamental fərqlər var.

Yeni mərhələ artıq başlayıb. Bu mərhələdə dövlətçi maskası taxmış, pərdə arxasında isə dövlət qənimi olan Ramiz Mehdiyevlərə, milli-demkokratik don geyinmiş, donun içində isə Qarabağın azad edilməsinə qarşı olan Əli Kərimlilərə yer yoxdur. Bu mərhələ milli dövlətçiliyin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi və post-sovet asılılıq psixologiyasının tarixə qovuşması mərhələsidir. Siyasi sistemdə baş verən dəyişikliklər göstərir ki, artıq imitasiya dövrü başa çatır, real dövlətçilik meyarları ön plana keçir.

Bu kontekstdə dövlətçi ritorika ilə çıxış edən, lakin fəaliyyəti ilə sistemin modernləşməsinə mane olan qüvvələr üçün siyasi məkan daralır. Eyni şəkildə, milli-demokratik şüarlarla uzun illər ictimai rəyi manipulyasiya edən çevrələrin də ideoloji dayaq nöqtələri yox olur.

Azərbaycan siyasi səhnəsində can verən bu ünsürlər (dövlətə qarşı xəyanət edənlərə başqa ad vermək olmur – E.Ə) həm yeni kadrları gözdən salmaq üçün uzun zamandır ki, onların yarıtmaz imicini formalaşdırmağa çalışırlar, həm də son çırpıntı kimi xaricdəki söyüşçül tərəfdaşları ilə dövlətə qarşı açıq təxribatlara əl atırlar.

Hadisələrin dərinliyinə vardıqda aydın olur ki, bu qüvvələr 1990-cı illərdən yanlış istiqamətləndirmə, emosional manipulyasiya və reallıqdan uzaq siyasi vədləri on minlərlə insanın gələcəyini məhv edib. Bu isə bütövlükdə cəmiyyətin və dövlətin itkisidir.

Məhz buna görə də yeni mərhələ köhnə siyasi maskaların sıradan çıxması, populist ritorikanın ifşası və real dövlətçilik məsuliyyətinin önə çıxması ilə xarakterizə olunur. Çağdaş Azərbaycan nəticə və performansla ölçülən siyasi müstəviyə keçid edir. Şüarlar dövrü keçmişdə qaldı.

Xocalı soyqırımının 34-cü ildönümüdür. 34 il sonra xalqımıza qarşı soyqırımı tərədənlərin başında duranlar Bakıda mühakimə olunurlar. 34 il sonra xocalılar Xocalıya qayıdrılar. 

Budur dəyişən sistem, budur Çağdaş Azərbaycan!

Elnur ƏMİROV

Whatsapp
Bizə yazın!
Keçid et
Bakı Putindən bunu tələb edir! - Nazirdən kritik açıqlama