Modern.az

İranda “qaça-qaç” başladı, yerli əhali ŞOKDA

İranda “qaça-qaç” başladı, yerli əhali ŞOKDA

Analitika

Bu gün, 00:23

İran hazırda Yaxın Şərqdə ən təhlükəli region hesab edilir. Bütün dünyada hər şeyin bu gün sabahlıq olduğu barədə fikir formalaşıb. Regiondan gələn xəbərlər göstərir ki, Tehranda və digər böyük şəhərlərdə diplomatik missiyaların fəaliyyəti təcili şəkildə ya ciddi məhdudlaşdırılır, ya da tam dayandırılır. Bəzi ölkələr isə artıq öz diplomatlarını və vətəndaşlarını ölkədən çıxarmağa başlayıblar, prosesi başa çatdıranlar da var. Beynəlxalq mediada yayılan məlumatlar İranda faktiki olaraq “qaça-qaç” atmosferinin yarandığını göstərir. Diplomatik korpusların təxliyəsi, xarici vətəndaşlara edilən çağırışlar və təhlükəsizlik xəbərdarlıqları regionda yeni bir böhranın qaçılmaz olduğunu göstərir.

Bu cür addımlar yalnız böyük təhlükə ehtimalı yarandıqda atılır və beynəlxalq münasibətlərdə çox ciddi siqnal hesab olunur.

Artıq ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Avstraliya, İtaliya, Niderland və onlarla digər ölkə İranda fəaliyyət göstərən diplomatik personalının bir hissəsini geri çağırmaq və ya müvəqqəti çıxarmaq barədə qərarlar veriblər. Diplomatik terminologiyada bu addım böhran vəziyyətlərində tətbiq olunur.

Əksər ölkələr öz vətəndaşlarına İrana qətiyyən səfər etməmək barədə xəbərdarlıq ediblər. ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Kanada, Avstraliya, Yaponiya, Cənubi Koreya və İtaliya kimi ölkələr rəsmi saytlarında və səfirlik kanallarında vətəndaşlarına müraciət edərək mümkün qədər tez İranı tərk etməyi tövsiyə ediblər.

Analitiklər hesab edir ki, bölgədə gərginliyin yenidən artması bir neçə faktorla bağlıdır.

Birincisi, İranın nüvə proqramı ətrafında Qərb ölkələri ilə münasibətlər yenidən kəskinləşib. Vaşinqton və Avropa paytaxtları Tehranın nüvə fəaliyyətinin sürətləndiyini iddia edir. İran isə bu ittihamları rədd edir və proqramın yalnız sülh məqsədli olduğunu bildirir.

İkinci mühüm faktor Yaxın Şərqdə artan hərbi gərginlikdir. Son aylarda İran və İsrail arasında dolayı qarşıdurma daha açıq mərhələyə keçib. Regionda proksi qüvvələr vasitəsilə həyata keçirilən hücumlar, raket zərbələri və hərbi bəyanatlar vəziyyəti daha da mürəkkəbləşdirib.

Vəziyyət çox təhlükəlidir və tarix də göstərir ki, diplomatik heyətin təxliyəsi böyük müharibələr və ya genişmiqyaslı hərbi əməliyyatlar başlamazdan əvvəl baş verir.

Bu prosesdə ABŞ-ın rolu xüsusi diqqət çəkir. Vaşinqton uzun müddətdir ki, İranın regiondakı təsirini məhdudlaşdırmaq strategiyasını həyata keçirir. ABŞ administrasiyası İranın nüvə proqramını təhlükə hesab edir və Tehranı yeni razılaşmaya məcbur etməyə çalışır. Vaşinqton həm iqtisadi sanksiyalar, həm də siyasi təzyiq vasitəsilə İranı daha sərt seçim qarşısında qoymaq niyyətindədir.

Digər tərəfdən, bəzi ekspertlər ABŞ-ın hərbi ssenarini istisna etmədiyini düşünür. Xüsusilə İsrailin İranın nüvə obyektlərinə mümkün zərbə planları ilə bağlı müzakirələr regionda narahatlığı artırır. Bu cür hücum baş verərsə, İranın cavab addımları bütün Yaxın Şərqi geniş münaqişəyə sürükləyə bilər.

Belə bir ssenaridə Fars körfəzi, Hörmüz boğazı və regiondakı enerji infrastrukturu əsas risk zonalarına çevriləcəyi qaçılmazdır. Bu, həm də qlobal enerji bazarına ciddi təsir edəcək. Dünya neft tədarükünün mühüm hissəsi məhz bu regiondan keçir.

Amerikanın uzun zamandır ki, ciddi hərbi kontingentini İran ətrafına toplaması heç bir halda siyasi manevr hesab edilə bilməz. Hər bir halda, diplomatik korpusların kütləvi şəkildə ölkədən çıxarılması təsadüfi hadisə hesab edilmir.

İranda yaranan “qaça-qaç” atmosferi həm region ölkələri, həm də qlobal güclər üçün yeni risklər yaradır. Diplomatik missiyaların boşaldılması, vətəndaşlara edilən təxliyə çağırışları və artan hərbi ritorika Yaxın Şərqin yenidən böyük qarşıdurmanın addımında olduğunu göstərir.

Hazırda bütün gözlər Tehranın, Vaşinqtonun və regionun digər əsas oyunçularının atacağı növbəti addımlara yönəlib. Qarşıdakı həftələrdə veriləcək qərarlar yalnız İranın deyil, bütövlükdə Yaxın Şərqin gələcək təhlükəsizlik arxitekturasını müəyyən edəcək.

Diplomatik gərginlik hərbi müstəviyə keçdiyi an bütün dünya üçün son illərin ən böyük böhranı yaşanacaq.

İndi iranlıların durumu da ciddi müzakirə mövzusudur. İmkanı olan İran vətəndaşlarının ölkəni tərk etməsi gələn xəbərlər içərisindədir. Hətta Amerikanın psixoloji basqısı o mərhələyə gəlib ki, indi İranda ali dini liderin Venesuela prezidenti kimi aqibət yaşaması ən arzuolunan varianta çevrilib.

Hər bir halda İranda başlayan diplomatik “qaça-qaç”, böyük müharibə anonsu bütün dünya üçün təhlükə vəd edir. Bunun region üçün daha ciddi fəsadlar törədəcəyi isə aksiomadır.

Elnur ƏMİROV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İslam dövlətinin NÜVƏ OBYEKTİ VURULDU - Yüzlərlə ölü var