Modern.az

Xameneinin oğlu ali lider postuna hazırlanır - İDDİA

Xameneinin oğlu ali lider postuna hazırlanır - İDDİA

Analitika

Bu gün, 13:20

Ayətullah Əli Xamenei öldürüləndən sonra İran İslam Respublikasının ali lider postu boşalıb. İranda  Prezident Məsud Pezeşkian, məhkəmə sisteminin rəhbəri Şeyx Möhsün Ejei və Ayətullah Əlirza Ərafidən ibarət Müvəqqəti Rəhbərlik Şurası yaradılıb.

“Xameneinin yerinə kim gələcək” isə aktual olaraq qalır. 

Modern.az xəbər verir ki, Qətərin “Əl Cəzirə” telekanalı Xamenei sonrası İranda rəhbərliyə gələ biləcəyi ehtimal olunan şəxslərin adlarını açıqlayıb.

Namizədlər sırasında adı qeyd olunan Həsən Xomeyninin (İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin nəvəsi-red.) ali rəhbər seçilmə şansı çox aşağı qiymətləndirilir.
Ekspertlərin fikrincə, o, dövlət vəzifələrində çalışmayıb və bu səbəbdən İranın təhlükəsizlik qüvvələri və ya hakim elitası üzərində az təsirə malikdir. Həsən Xomeyni İranda bir çoxlarından daha az radikal fiqur hesab olunur.

Ali rəhbər postuna ən güclü namizəd kimi Ayətullah Əli Xameneinin ikinci oğlu Müctəba Xameneinin adı hallanır. Qeyd olunur ki, 56 yaşlı Müctəba Xamenei hələ atasının sağlığında əhəmiyyətli təsir rıçaqlarına sahiblənib. Onun İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ona bağlı “Bəsic” yarımhərbi dəstəsilə güclü əlaqələri olduğu bildirilir.

İddialara görə, hazırda İranı SEPAH idarə edir, SEPAH üzərində mütləq nəzarət isə Müctəba Xameneinin əlindədir. Məlumatlara görə, SEPAH daxilində əsas şəbəkə Müctəba Xameneiyə sadiqdi.


Doğrudur, hakimiyyətin atadan oğula ötürülməsi şiə müsəlman ruhaniləri tərəfindən pis qarşılanır, bununla belə SEPAH-da Müctəba Xameneinin ali lider vəzifəsinə gəlməsini istəyənlərin çox olduğu vurğulanır.

Müctəba ilə bağlı bir maneə də var: O, nə rəsmi vəzifə tutur, nə də yüksək vəzifəli ruhanidir. Amma bunun ciddi əhəmiyyət daşımayacağı iddia olunur. Bildirlir ki, SEPAH-ın dəstək verməsilə Müctəba Xameneinin ali rəhbər vəzifəsinə seçilməsi baş tuta bilər.

Yeni ali liderlə bağlı başqa bir variant da istisna olunmur: Müctəba Xamenei ya özü ali rəhbər olacaq ya da onun tövsiyə etdiyi başqa biri simvolik lider seçiləcək, pərdəarxasından sistemi özü idarə edəcək.

İranda yeni ali lideri 88 ruhanidən ibarət Ekspertlər Şurası seçəcək.

Ekspertlər Şurası İran İslam Respublikasının ali rəhbərini seçən, onun hərəkətlərinə nəzarət edən və lazım gələrsə, vəzifəsindən azad edə bilən Konstitusiya orqanıdır. İran konstitusiyasına görə, varis mümkün qədər tez seçilməlidir.
 

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Ərdoğandan ŞOK XƏBƏRDARLIQ - Türkiyə İrandakı müharibəyə qoşulur?