İran Yaxın Şərqdə strateji əhəmiyyətə malik olsa da, ABŞ və İsraillə apardığı müharibə hərbi və iqtisadi mövqeyinə ciddi təsir göstərir. Əvvəlki beynəlxalq sanksiyalar, iqtisadi məhdudiyyətlər və texnoloji imkanlardakı fərqlər ölkənin strateji planlarını çətinləşdirir. Analitiklər bildirirlər ki, ABŞ və NATO ilə qarşıdurma və ya regional münaqişələrdə İranın hərbi gücü digər dövlətlərin üstünlüyü ilə müqayisədə zəif qalır.
Hərbi ekspert Şair Ramaldanov Modern.az-a açıqlamasında bildirib ki, İran məğlubiyyətə məhkumdur.
"ABŞ hərbi potensialının İrandan daha çox olması danılmaz faktordur. İran xaotik raket atmaqla qonşu dövlətlərin, demək olar ki, hamısı ilə münasibəti pozulub. Eyni zamanda Hörmüz boğazının İran tərəfindən tutulması, tankerlərin vurulması dünya iqtisadiyyatına mənfi təsir etdi. Nəticədə İrana qarşı potensial düşmən formalaşdırdı".
Ekspert deyib ki, hazırda İranda infrastruktur geniş miqyasda dağıdılmaqda davam edir.
"Qarşıdurma qeyri-müəyyən müddətə qədər davam etdirilərsə, bərabər olmayan güc şəraitində heç nə əldə edə bilməyəcək. Optimal addım danışıq masasına əyləşməkdir. Təbii ardıcıllıq da bunu diqtə edir ki, danışıqdan sonra Yaxın Şərqdə ABŞ hegemonluğu dövrü başlanacaq. Tramp da növbəti seçkilər üçün performans qazanmış olacaq. İranın Hava Hücumundan Müdafiə qurğuları çox zəifdir və müasir standartlara cavab vermir. Belə olduqda müasir təyyarələrə və raketlərə sahib olan ABŞ-İsrail birliyi rahatlıqla İran səmasında əməliyyat apara bilərlər".
Şair Ramaldanov qeyd edib ki, kürd faktoru da nəzərdən qaçırılmamalıdır:
"İran əhalisinin 10%-i, 8-12 milyon nəfər kürd var. Onların hərəkətə keçməsi İran hakimiyyətinə qarşı real təhlükədir. İranın atdığı raketlərin enmə dinamikası realdır və heç bir strategiya deyil. Bu, sonsuz resurs deyil, tükənə bilər. Nəzərə alaq ki, müdafiə sənayesi strukturu da ziyan görüb. İran strategiyasına gələndə, ola bilər İran düşünür ki, müharibənin müddətini uzatmaqla ABŞ-ni zəiflədə biləcək. Yanlış yanaşmadır. İran ümid edir ki, ABŞ-yə məxsus hərbi texnika bir aydan sonra yeniləri ilə əvəzlənməlidir. ABŞ 13 min km məsəfədən texnika gətirməli olacaq. Milyonlarla dollara başa gələn əməliyyatı təkrar etmək lazım olacaq. Lakin nəzərə almır ki, o müddətə İranın infrastrukturu tamamilə məhv ediləcək".