İranın Ekspertlər Şurası yeni Ali Rəhbəri elan edib. Səsvermə nəticəsində Ayətullah Müctəba Xamenei İran İslam Respublikasının üçüncü Ali Lideri olub.
Ali Rəhbərin seçilməsi müəyyən yeniliklər üçün bəzi İrandaxili qüvvələrdə ümid yaratsa da, ABŞ və İsrail onun seçilməsini qəbul etmirlər. Hətta ABŞ Prezidenti Donald Tramp yeni Ali Rəhbərin məhz onun təsdiqi ilə seçilə biləcəyini bildirib. Bu isə müəyyən suallar doğurur.
Yəni yeni rəhbər yeniliklər edə biləcəkmi, yoxsa tezliklə o da ABŞ və İsrail qüvvələri tərəfindən öldürüləcək?
Orta Doğu Araşdıma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan mövzunu Modern.az-a şərh edib.
Onun sözlərinə görə, Mücətba Xameneindən müəyyən yeniliklər gözlənilir:
“Müctəba Xameneinin Ali Rəhbər seçilməsi çoxları üçün müəyyən yeniliklər anlamına gəlir. Hesab olunur ki, Müctəba Xamenei İranda islahat xətti tutacaq, Qərblə danışıqlara gedərək, regionda müharibənin qarşısının alınması üçün addımlar atacaq. Lakin Müctəba Xamenei indiyə kimi ictimaiyyət arasına çıxmayıb və ya hansısa böyük bir tədbirlərdə çıxış etməyib, bu baxımdan onun səsini indiyə kimi heç kim eşitməyib. Müctəba Xameneinin fəaliyyəti onun mühafizəkar xəttin, daha çox SEPAH-ın təmsilçisi olduğunu təsdiqləyir.
Onun heç bir rəsmi dövlət qurumunda adı hallanmasa da, SEPAH-ın yarımhərbi təşkilatı sayılan Bəsic-in formalaşmasında və güclənməsində əsas rol oynayıb. Yəni o, Bəsic-in qeyri-rəsmi lideri olub. Digər tərəfdən, 2015-ci ildə atası Əli Xamenei əməliyyat olunduqdan sonra belə xəbərlər yayılırdı ki, ölkəni qeyri-rəsmi formada Müctəba Xamenei idarə edir. Bir sözlə, ötən 10-11 ildə onun ölkəni idarə etdiyi deyilirdi.
Eyni zamanda haradasa, 20 ildir ki, Müctəba Xamenei varis olaraq təqdim olunur, deməli, rəsmi və qeyri-rəsmi ölkənin daxili və xarici siyasətinin formalaşmasında müyyən rola malik olub.
Müctəba Xameneinin xarici siyasi kursda hansı addımlar atacağına gəldikdə, onun İranın keçmiş xarici işlər naziri, Ali Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin təsiri altında olduğu deyilir. Əli Əkbər Vilayəti isə mühafizəkar xətt tərəfdarıdır. Hətta o, Zəngəzur dəhlizinə qarşı ən sərt çıxış edən İran rəsmillərindən olub. Eləcə də region məsələlərində mühafizəkar xətt tərəfdarlarındandır.
Bütün bunlara baxmayaraq, İranın regionda dəstəklədiyi "Hizbullah", HƏMAS kimi proksi qüvvələr ya sıradan çıxarılıb, ya da zəifləyib. Hesab edirəm ki, Müctəbanın İranın regionda ənənəvi, yəni atasından qalma aktiv, təcavüzkar, işğalçı siyasət yürütməsi üçün gücü də azdır".
S.Soltan Müctəba Xamenei ilə Prezident Məsud Pezeşkian arasındakı münasibətlərin hansı məcrada formalaşacağından da danışıb:
"Məsud Pezeşkianın Prezident olması Ayətullah Əli Xameneinin xeyir-duası ilə baş verib. Bu baxımdan Müctəba Xamenei də həmin prosesi bilməmiş deyil. Pezeşkianla Xamenei arasında elə ciddi ziddiyyət olmayıb. Hətta ötən payız keçirilən hökumət toplantısında Xamenei Pezeşkiana gördüyü işlərə görə təşəkkürünü də bildirimişdi. Ona görə də, yaxın dövrdə Müctəba Xamenei ilə Məsud Pezeşkian arasında müharibə gedişatında ziddiyyətli toqquşmanın olma ehtimalı azdır. Həm Müctəba Xamenei, həm də Məsud Pezeşkian indiki hakimiyyətin, İslam Respublikasının qalması, onun hazırkı müharibədən sağ çıxması uğrunda fəaliyyət göstərir. Əgər dinc dövr olsaydı, onun tərəfləri bəlli olardı. Amma Məsud Pezeşkianın əlində Ali Rəhbərin əlində olan, arxasında dayanan qədər güc yoxdur. Ona görə də, Pezeşkian Müctəba Xameneinin tapşırıqlarını yerinə yetirməyə məcbur olacaq, ya da istefa verəcək".
ABŞ və İsrail tərəfindən yeni rəhbərin də sıradan çıxarılma ehtimalına gəlincə, müsahibimiz bunları deyib:
"Əgər ABŞ HƏMAS-a, "Hizbullah"a qarşı olduğu kimi, İran hakimiyyəti ilə davranarsa, bəli, Müctəba Xameneini də aradan götürə bilərlər. HƏMAS rəhbəri İsmail Haniyənin öldürülməsinin ardından təşkilatın digər liderlərini də sıradan çıxardılar. Eləcə də "Hizbullah"da Həsən Nəsrullahdan sonra hakimiyyətə gəlmiş yeni qüvvələri aradan götürdülər. İndiki rəhbəri saxlayıblar, çünki o heç bir işə yaramayan liderdir.
Bir daha deyirəm ki, Müctəba Xamenei atasının sərt xəttini sürdürərsə, onun da sıradan çıxarılma ehtimalı böyükdür. Çünki Tramp İranın növbəti Ali Rəhbərinin onun iştirakı ilə təyin edilcəyini bəyan etmişdi. Müctəba Xameneinin təyinatı isə ABŞ və ya Trampın iştirakı ilə olmadı. Deməli, təhlükə hələ də qalır. Nə qədər ki, ABŞ və İsrail İranda hərbi əməliyyatlar aparırsa, bu təhlükə qalır".
Qeyd edək ki, Müctəba Xamenei İranın fevralın 28-də öldürülən mərhum rəhbəri Ayətullah Əli Xameneinin ikinci oğludur. Əli Xamenei 1989–2026-cı illər arasında İranın ikinci Ali Lideri olub.