Yaxın Şərqdə sürətlə dəyişən geosiyasi vəziyyət fonunda İranın siyasi sistemində ən mühüm hadisələrdən biri baş verdi: ölkənin dini-siyasi elitasını təmsil edən Ekspertlər Şurası ölkənin yeni ali lideri kimi Müctəba Xameneini seçdi. Bu qərar həm regionda davam edən hərbi qarşıdurma, həm də İranın daxilindəki siyasi böhran fonunda qəbul edilib.
Modern.az xatırladır ki, yeni liderin seçilməsi yalnız hakimiyyət dəyişikliyi deyil. Bu, İranın gələcək xarici siyasət kursunun və ABŞ-İsrail qarşıdurmasında hansı xətti seçəcəyinin göstəricisidir.
56 yaşlı Müctəba Xamenei uzun illər atasının – İranın əvvəlki ali lideri Əli Xameneinin kölgəsində qalsa da, ölkənin siyasi-təhlükəsizlik sistemində mühüm fiqur hesab olunur. Onun xüsusilə İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə sıx əlaqələri olduğu bildirilir.
Onu uzun müddət “kölgə lideri” adlandırırdılar. O, atasının ofisində qərarların qəbuluna təsir edən əsas şəxslərdən biri hesab olunurdu və İranın təhlükəsizlik aparatında ciddi nüfuza malidir.
Lakin onun seçilməsi həm də İran İslam Respublikasının tarixində paradoksal hadisə sayılır. Çünki 1979-cu il inqilabının əsas ideyalarından biri monarxiyanın ləğvi idi, amma indi faktiki olaraq hakimiyyət ailə daxilində ötürülmüş oldu.

İran yeni liderin hakimiyyətə gəldiyi anda tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayır.
Ölkə bir neçə paralel böhranla üz-üzədir: ABŞ və İsraillə hərbi qarşıdurma, ağır iqtisadi sanksiyalar, yüksək inflyasiya və valyutanın ucuzlaşması və sosial narazılıq, etiraz dalğaları
Müharibə başlamazdan əvvəl də İran iqtisadi baxımdan ciddi böhran yaşayırdı və bu vəziyyət yeni hakimiyyət üçün ciddi risklər yaradır.
Belə bir şəraitdə Tehran üçün əsas dilemma ortaya çıxır: ideoloji müqaviməti davam etdirmək, yoxsa dövlətin dağılmaması üçün taktiki kompromislər axtarmaq.
Tehran ideoloji baxımdan “müqavimət” siyasətini davam etdirdiyini göstərsə də, real siyasət baxımından İranın tammiqyaslı və uzunmüddətli müharibəni davam etdirməsi çox çətin görünür.
Bunun bir neçə əsas səbəbi var.
1. İqtisadi dözümlülük məhduddur. Sanksiyalar və müharibə İran iqtisadiyyatını zəiflədir. Enerji ixracı və maliyyə sistemi üzərində təzyiq artdıqca ölkənin daxili sabitliyi risk altına düşür.
2. Regional müttəfiqlərin zəifləməsi. İranın regional təsir aləti olan proksi qüvvələr – xüsusilə Livandakı və Suriyadakı strukturlar – davamlı zərbələr alır. Bu isə Tehranın regional strategiyasını çətinləşdirir.
3.Hərbi imkanların məhdudluğu. İran texnoloji baxımdan istər ABŞ, istərsə də İsraildən çox geri qalır. Onun Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri faktiki olaraq məhv edilib. Yeganə real təhlekə mənbəyi – ballistic raket və dron ehtiyatları isə azalmağa doğru gedir.
4. Rejim üçün əsas prioritet hakimiyyətin qorunmasıdır. İran siyasi sistemi üçün ideologiyadan daha vacib olan məsələ hakimiyyətin davamlılığıdır. Rejim mövcudluğunu təhlükə altında hiss edərsə, daha praqmatik siyasətə keçə bilər.
Müctəba Xamenei sərt mövqeli fiqur kimi tanınsa da, bu onun mütləq şəkildə kompromisdən imtina edəcəyi anlamına gəlmir.

Tarix göstərir ki, İran hakimiyyəti kritik məqamlarda taktiki geri addımlar ata bilir. Bunun ən məşhur nümunəsi 2015-ci ildə imzalanmış nüvə sazişi idi.
Bu səbəbdən Tehran rəsmi ritorikada müqavimət nümayiş etdirsə də, arxa planda diplomatik kanalları açıq saxlaya bilər. Bu isə ABŞ və İsraillə mümkün kompromis anlamına gəlir.
Bu rasional xəttin ilk əlamətləri artıq görünməyə başlayır. Məsələn, fevralın 28-də İranın ali lideri Əli Xamenei öldürülsə də, Tehran ən radikal addımlardan birinə - dünya enerji bazarı üçün həyati əhəmiyyət daşıyan Hörmüz Boğazını bağlanmadı. Halbuki İranın hərbi doktrinasında belə bir addım müharibə vəziyyətində ən sərt cavab vasitələrindən biri kimi təqdim olunurdu.
Bununla yanaşı, son günlərdə İranın regiona yönəlik dron və raket hücumlarının intensivliyi də nəzərəçarpacaq dərəcədə azalıb. Tehran anlayır ki, qarşıdurmanın daha da genişlənməsi yalnız ABŞ və İsraillə deyil, həm də regiondakı qonşu dövlətlərlə münasibətləri daha da gərginləşdirə bilər. Artıq bir sıra regional paytaxtlarda, o cümlədən Bakı və Ankarada İranın qeyri-rasional və təcavüzkar addımlarından açıq narazılıq hiss olunur.

Digər mühüm amil isə İranın əsas güc strukturu olan İslam İnqilabının Keşikçiləri Korpusunun mövqeyidir. SEPAH ideoloji baxımdan sərt xətt tərəfdarı kimi təqdim olunsa da, onun rəhbərliyi də mövcud sistemin və öz mövqelərinin qorunmasında maraqlıdır. Yəni bu struktur da faktiki olaraq “yaşamaq və sistemi saxlamaq” strategiyasına üstünlük verir.
Məhz bu səbəbdən hesab etmək olar ki, yeni ali lider kimi göstərilən Müctəba Xamenei SEPAH-la qarşılıqlı maraqlara əsaslanan balans qurmağa çalışacaq. Bu balansın mahiyyəti sadədir: təhlükəsizlik elitası sistemi qoruyur, siyasi rəhbərlik isə onu beynəlxalq təzyiqdən çıxarmağa çalışır.
Müctəba Xameneinin hakimiyyətinin ilk mərhələsində üç əsas xətt gözlənilir: Daxildə daha sərt nəzarət və repressiya, regionda güc nümayişi və simvolik hərbi cavablar və paralel olaraq diplomatik kanallarla gərginliyin azaldılması.
Bu model İranın həm ideoloji mövqeyini qorumağa, həm də dövlətin çökməsinin qarşısını almağa xidmət edə bilər.
İranın yeni ali liderinin seçilməsi region üçün yeni mərhələnin başlanğıcıdır. Müctəba Xamenei sərt xətt tərəfdarı kimi tanınsa da, Tehran reallıqla hesablaşmağa məcburdur.
İran ideoloji olaraq müqavimət nümayiş etdirəcək, lakin dövlətin dağılması riskini görərək tammiqyaslı və uzunmüddətli müharibəyə getməməyə çalışacaq.
Çünki Tehran yaxşı bilir: bu müharibədə yalnız hərbi deyil, həm də siyasi və iqtisadi məğlubiyyət ehtimalı var. Və məhz buna görə İran sonadək döyüşməyəcək – nələri itirəcəyinin fərqindədir.
Modern Təhlil və Araşdırma Qrupu