Modern.az

Səsi cəmi bir dəfə eşidilən İranın yeni lideri: Müctəba Xameneinin siyasi portreti

Səsi cəmi bir dəfə eşidilən İranın yeni lideri: Müctəba Xameneinin siyasi portreti

Analitika

Bu gün, 20:50

İranda hakimiyyət piramidasının zirvəsində 37 ildən sonra dəyişiklik baş verib. Ölkənin ali dini lideri vəzifəsinə ABŞ-İsrail hücumu nəticəsində öldürülən Əli Xameninin oğlu Müctəba Xamenei gətirilib. Onun təyinatı həm regionda, həm də Qərb dairələrində ciddi müzakirələrə səbəb olub.

Yeni ali dini lider kimi adı çəkilən və siyasi sistem daxilində illərlə pərdəarxası təsirə malik olduğu deyilən Müctəba Xamenei İranın ən qapalı və müəmmalı siyasətçilərindən biri hesab olunur. Maraqlıdır ki, ölkənin ən yüksək siyasi-dini postuna gətirilən bu şəxsin səsi ictimaiyyət tərəfindən cəmi bir dəfə eşidilib və o, demək olar ki, heç vaxt açıq siyasi çıxış etməyib.

Müctəba Xameneinin lider seçilməsindən sonra İranın mühafizəkar mediasında və İran İnqilab Keşikçilərinə (SEPAH) yaxın kanallarda onun İran-İraq müharibəsi illərinə aid arxiv görüntüləri yayılıb. Videolarda xaki rəngli geyimdə olan gənc Müctəbanın SEPAH ilə birlikdə döyüşçülər arasında olduğu, sakit formada silahını təmizlədiyi görünür. Bu görüntülər yeni liderin sonrakı siyasi həyatında mühüm rol oynayan İnqilab Keşikçiləri ilə əlaqələrinin çox erkən formalaşdığını göstərən simvolik detallar hesab edilir.

İranın yeni liderinin keçmişi haqqında başqa az şey məlumdur. 57 yaşlı Müctəba Əli Xameneinin altı övladı arasında ikinci oğludur. O, 1979-cu il İslam İnqilabından 10 il əvvəl İranın Məşhəd şəhərində doğulub. Gənclik illəri İranın ən dramatik dövrlərindən birinə – İran-İraq müharibəsi illərinə təsadüf edib. O, dini təhsilini əvvəlcə atasının yanında alıb, daha sonra isə İranın əsas dini mərkəzi sayılan Qum şəhərində yüksək ruhanilərlə təhsilini davam etdirib, uzun illər burada İslam hüququ üzrə dərslər də verib.



Onun adı ilk dəfə geniş şəkildə 2009-cu il prezident seçkilərindən sonra baş verən kütləvi etirazlar zamanı çəkilmişdi. Reformist siyasətçilər həmin dövrdə onu seçkilərin nəticələrinə təsir göstərməkdə və keçmiş prezident Mahmud Əhmədi-Nejadın yenidən seçilməsində, SEPAH-la birlikdə hakimiyyət daxilində pərdəarxası rol oynamaqda ittiham etmişdilər. Bu iddialar rəsmi dairələr tərəfindən rədd edilsə də, bir çox analitiklər Müctəbanın İran siyasi sistemində qeyri-rəsmi təsirə malik olduğunu hesab edir.

Onun səsi yalnız bir dəfə, 2024-cü ildə yayımlanan qısa bir videoda eşidilib. Həmin videoda Qum şəhərindəki dini təhsilinin dayandırıldığını elan edib. Bazar ertəsi yerli media onun ərəb və ingilis dillərində sərbəst danışdığını bildirib. Müctəbanın qohumu onun İslam Respublikasının texnologiya siyasətinin formalaşmasında aparıcı rol oynadığını bildirib.


Yeni lider müharibənin başlanğıcından bəri ictimaiyyət arasında görünməyib. Dövlət televiziyası onun əlil olduğunu bildirib, lakin bunun nə vaxt baş verdiyini və ya mövcud müharibə ilə əlaqəli olub-olmadığını açıqlamayıb. İran ictimaiyyəti illərdir ki, Müctəbanın ölkənin ən yüksək vəzifəsinə hazırlandığını düşünürdülər və son hadisələr bu düşüncələrin haqlı olduğunu göstərdi. Ailəsinin bir çox üzvünün öldürülməsindən bir neçə sonra onun ölkənin ən ali vəzifəsinə təyin edilməsi İran hakimiyyətinin siyasətinin dəyişməyəcəyi, sərt xəttin davamı kimi şərh edilir. Beynəlxalq Böhran Qrupunun İran üzrə eksperti Əli Vaez bildirib ki, Müctəbanın seçilməsində SEPAH-ın təsirinin olmasına heç bir şübhə yoxdur. “Təsəvvür edə bilərsinizmi ki, atası, anası, arvadı, bacısı, qızı və qardaşı qızı ABŞ və İsrail tərəfindən öldürülən Müctəba ölkəsini Trampa tabe edəcək?”, - ekspert FT nəşrinə deyib.

Bir sıra analitiklər qeyd edir ki, İran konstitusiyasına görə ali liderin yüksək səviyyəli dini hüquq alimi olması tələb edilsə də, Müctəba Xameneinin bu sahədə məlum akademik fəaliyyəti yoxdur. Onun dini mövzularda nə kitabı nəşr olunub, nə də geniş ictimai mühazirələri mövcuddur. İnternetdə yayılan nadir videolarda onun çıxışları bir neçə dəqiqədən uzun deyil.



Müşahidəçilərə görə, Müctəbanın ilk işi İsrail və ABŞ-nin sui-qəsd hədələrindən sağ çıxmaq olacaq. Tramp Müctəbanı “yüngül” və “qəbuledilməz” bir fiqur kimi təsvir edərək, kimin hakimiyyətə gələcəyinin uzun sürməyəcəyi barədə xəbərdarlıq edib. ABŞ prezidenti bazar ertəsi günü “NBC News”a verdiyi müsahibədə deyib: “Bunun davam edib-etməyəcəyini bilmirəm. Düşünürəm ki, onlar səhv ediblər”.

Yeni ali liderin qohumu FT-yə danışarkən bildirib ki, Müctəbanın prioriteti İranda təhlükəsizlik siyasətini davam etdirmək olacaq. Bu siyasətə ballistik raket proqramının həyata keçirilməsi və regional anti-İsrail qruplarının yetişdirilməsi daxildir.

İran konstitusiyasına görə ali dini lideri seçmək səlahiyyəti Ekspertlər Məclisi adlı 88 nəfərlik ruhani quruma məxsusdur. Son illərdə potensial namizədlər arasında bir sıra fiqurların siyasi səhnədən çəkilməsi və ya vəfat etməsi Müctəba Xameneinin adını ön plana çıxaran amillərdən biri kimi göstərilir. Məsələn, bir vaxtlar əsas namizədlərdən sayılan keçmiş prezident İbrahim Rəisi 2024-cü ildə helikopter qəzasında həlak olub.
Müctəba Xameneinin hakimiyyətə gəlməsi İran siyasi sistemində ideoloji mübahisələri də yenidən gündəmə gətirib. Şiə siyasi fəlsəfəsinə görə hakimiyyət irsi şəkildə ötürülməməlidir və dini lider dini bilik və nüfuz əsasında seçilməlidir. İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyni belə öz oğlunun siyasi varis olmasına imkan verməmişdi. Bu səbəbdən bəzi müşahidəçilər Müctəba Xameneinin hakimiyyətə gəlməsini İranın monarxiya modelinə bənzər irsi hakimiyyət sisteminə yaxınlaşması kimi qiymətləndirirlər.


Digər tərəfdən, rejimə yaxın bəzi dairələr onu korrupsiyaya qarşı mübarizə aparacaq və dövlət aparatını yeniləyə biləcək potensial lider kimi təqdim edir. Hətta bəzi siyasətçilər onu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmmd bin Salman ilə müqayisə edərək iqtisadi və sosial sahədə müəyyən modernləşmə addımları ata biləcəyini iddia edirlər. Lakin tənqidçilər hesab edir ki, Müctəba Xameneinin indiyədək siyasi müdaxilələri əsasən sərt xətt tərəfdarlarının mövqelərini gücləndirməyə yönəlib.

Yeni liderin qarşısında duran əsas problemlər isə kifayət qədər ağırdır. İran hazırda iqtisadi böhran, beynəlxalq sanksiyalar, regional qarşıdurmalar və artan ictimai narazılıq fonunda mürəkkəb bir dövrdən keçir. Son onilliklərdə ölkədə 1999, 2009, 2017, 2019 və 2022-ci illərdə baş verən kütləvi etirazlar İran cəmiyyətində siyasi sistemə qarşı narazılığın nə qədər dərin olduğunu göstərib.

Analitiklərin fikrincə, Müctəba Xamenei hakimiyyətə gəldiyi halda onun əsas məqsədi atasının qurduğu siyasi sistemin davamlılığını təmin etmək olacaq. Bu isə o deməkdir ki, İranın xarici siyasət kursunda və daxili siyasi modelində radikal dəyişikliklər gözlənilmir. Bununla belə, yeni liderin ilk addımları və xüsusilə ictimaiyyət qarşısında edəcəyi ilk çıxışlar onun siyasi xəttinin necə formalaşacağını müəyyənləşdirəcək əsas göstəricilərdən biri olacaq.



Elnur ƏMİROV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada