Modern.az

ABŞ və İsrail geri çəkilməlidir - AMEA-dan AÇIQLAMA

ABŞ və İsrail geri çəkilməlidir - AMEA-dan AÇIQLAMA

Analitika

Bu gün, 11:10

Martın 9-da Ekspertlər Şurası tərəfindən 56 yaşlı Müctəba Xamenei İranın yeni Ali Lideri seçilib.

Lakin Xameneinin seçilməsi ABŞ və İsraili ciddi şəkildə qıcıqlandırıb. İsrail onun ölümünə fərman verib, ABŞ Prezidenti Donald Tramp isə onun "sakit" yaşaya bilməyəcəyini deyib.

Bütün bunlar Müctəba Xameneinin gələcək taleyinin necə olacağı, eləcə də ABŞ-nin İran daxilində kimi hakimiyyətə gətirmək istədiyi kimi sualları aktuallaşdırır.

Modern.az-a açıqlamasında AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri Elnur Mustafayev bildirib ki, yaxın perspektivdə ABŞ-nin Müctəba Xameneinin əvəzinə İrana yeni ali rəhbər seçməsi bir variant kimi görünmür:

“Əvvəla onu qeyd etmək lazımdır ki, İran və İran ətrafı regionda vəziyyət çox mürəkkəbdir. Dəqiq nəsə proqnoz vermək çox çətindir. ABŞ-nin İrana yeni Ali rəhbər seçməsi yaxın gələcəkdə bir variant kimi görünmür. Çünki İran daxilində Müctəba Xameneiyə alternativ olacaq, onu əvəzləyəcək kimsə yoxdur. Belə bir addım atmaq mümkün olsaydı, ABŞ və İsrail üçün islahatçılarla əməkdaşlıq etmək daha optimal variant kimi nəzərdən keçirilərdi. Çünki islahatçı qanad danışıqlara, dialoqa açıqdır. Mühafizəkarların isə ABŞ-İsrail koalisiyası ilə danışıqlara getməsi mümkün deyil. Çünki onların məsələyə münasibətləri daha sərt və radikaldır. Müctəba Xamenei ABŞ və İsraillə münasibətlərin dialoq çərçivəsində həll olunmasında hansısa güzəştlərə getməyəcək. Hesab edirəm ki, vəziyyət daha da gərginləşəcək. Münaqişənin miqyasının daha da genişlənməsi təhlükəsi də var”.

E. Mustafayev müharibənin daha uzun çəkə biləcəyini vurğulayıb:

“Ekspertlərin rəyinə görə müharibə çox zaman ala bilər. İranın həm insan resursu, həm də silah-sursat ehtiyatları kifayət qədərdir. Bu da müəyyən qədər müharibənin uzanmasına zəmin yarada bilər. Son hadisələr də göstərir ki, İran qonşu dövlətlərə hücum edə bilir. Mülki binalardan birinin də vurulduğu bildirilir. Bu da müharibənin genişlənməsi təhlükəsindən xəbər verir. Hesab edirəm ki, ABŞ və İsrail tərəfi geri çəkilməlidir. Müharibəni uzadıb, havadan hücumlara davam etsələr, müharibənin miqyası daha da genişlənə bilər. Bu da region üçün təhlükəli haldır. Bir çox ekspertlər İranı barıt çəlləyinə bənzədirlər. Barıt çəlləyinin partlaması da region üçün xoşagəlməz haldır”.

Şərqşünas müharibənin Cənubi Qafqaza hansı təsirlərinin olacağından da danışıb:

“Müharibə həm iqtisadi, həm də siyasi problemlərə yol aça bilər. Cənubi Qafqazda aparıcı dövlət olan Azərbaycan bütün ssenarilərə hazırdır. Bütün məsələlər diqqətə alınıb. Hərbi cəhətdən elə bir təhlükə gözləmirəm. Lakin iqtisadi cəhətdən müəyyən problemlərə, xüsusən qiymətlərin artmasına, müəyyən məhsulların məhdudlaşması problemlərinə gətirib çıxara bilər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xamenei ölməyib, KOMADADIR! - Pezeşkianın oğlundan şok açıqlama