2026-cı ilin mart ayı üçün qlobal nüvə balansı kritik bir nöqtəyə çatıb. Dünyanın əsas nüvə gücləri hələ də minlərlə döyüş başlığına malikdir, silah nəzarət müqavilələrinin müddəti isə başa çatıb.
Bu fonda İranda ABŞ və İsrailin birgə başlatdığı hərbi kampaniya ölkənin uranı zənginləşdirməsi və nüvə silahına sahib olmağa çalışması ittihamı üzərindən aparılır.
Modern.az xatırladır ki, İranın nüvə proqramı ilə bağlı inkişaf edən hərbi-siyasi böhran fonunda Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, regionda hər hansı bir ölkə nüvə silahı əldə edərsə, Ankara da nüvə silahlanması yarışına qoşulacaq. Paralel olaraq, Polşa prezidenti Karol Navrotski də ölkəsinin nüvə potensialı üzərində hərbi gücünü artırması barədə açıqlama verib. Rusiyanın Ukraynaya hücumundan sonra bir müddət Volodimir Zelenski də ölkəsinin Sovet İttifaqının dağılması səbəbilə könüllü imtina etdiyi nüvə potensialını bərpa etmək barədə açıqlamalar vermişdi.
Beləliklə, uzun illər nüvə ölkəsi olmaq perspektivindən imtina edən ölkələr dünyanın dəyişən və qeyri-stabil geosiyasi vəziyyətinə uyğunlaşmaq üçün bu addım barədə düşünməyə başlayır.

Hazırda nüvə dövləti olmasa da, faktiki olaraq ərazisində digər ölkənin nüvə başlığı yerləşdirilən ölkələr var. Bu siyahıya yeni qoşulan Belarusda Rusiya öz nüvə başlıqlarını yerləşdirib. ABŞ-ın nüvə silahları isə bir sıra NATO ölkələrində yerləşdirilir. Məsələn, Türkiyədənin özündə - İncirlik hava bazasında, eləcə də Britaniya, İtaliya, Almaniya, Hollandiya və Belçikada bu silahlar saxlanılır. Ümumilikdə 6 ölkədə təxminən 150 nüvə bombası var. Onu da qeyd etmək lazımdır ki, 2016-cı ildə Türkiyədən bir sıra nüvə bombaları Rumıniyaya köçürülüb və onların daşıyıcıları - B-52 və B-1B Lancer strateji bombardmançı təyyarələri vaxtaşırı yerləşdirilir.
Bu siyahıdakı Avropa ölkələri və Türkiyə əvvəllər ABŞ ilə nüvə silahlarının paylaşılmasına dair müqavilə imzalayıblar. Bu o deməkdir ki, Amerika arsenalı onların ərazisində saxlanıla bilər, lakin həmin nüvə silahından yalnız Vaşinqtonun icazəsi ilə istifadə edilə bilər.
Hazırda Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya, Hindistan, Pakistan, Şimali Koreya və İsrailin nüvə silahına sahib olduğu məlumdur. Onlardan İsrail və Şimali Koreya beynəlxalq müqavilədən yayınaraq faktiki nüvə ölkəsinə çevriliblər.
Qeyd olunmalıdır ki, nüvə klubunun genişlənməsi hazırda həm böyük dövlətlərin təzyiqi, həm də bu mövzuda keçmiş dövrdən qalan azsaylı müqavilələrdən biri olan Nüvə Silahının Yayılmaması Müqaviləsi ilə məhdudlaşır.

Amma mövcud siyahını nəzərdən keçirsək, bəzi ölkələrin nüvə silahlarını kifayət qədər tez əldə edə biləcəyi aydındır. Bu, ilk növbədə inkişaf etmiş nüvə enerjisi, öz nüvə tədqiqatları, inkişaf etmiş sənayesi və raket elmləri olan dövlətlərə aiddir. Məsələn, bəzi hesablamalara görə, Yaponiya və Cənubi Koreya bir neçə il ərzində nüvə silahları inkişaf etdirmək qabiliyyətinə malikdirlər. Braziliya 2025-ci ilin payızında "nüvə texnologiyasının istifadəsi planlarını, o cümlədən müdafiə məqsədləri üçün nəzərdən keçirmək" və tədqiqat və inkişaf üçün maliyyələşdirməni artırmaq niyyətində olduğunu açıqladı. Yazının girişində barəsində bəhs etdiyimiz İranın da artıq inkişaf etmiş raket və nüvə sənayesi, eləcə də xeyli miqdarda zənginləşdirilmiş uranı var.
Səudiyyə Ərəbistanın öz nüvə elektrik stansiyaları və inkişaf etmiş raket proqramı olmadığı üçün Türkiyə və Səudiyyə Ərəbistanı bu baxımdan daha çətin bir dövrlə qarşılaşacaqlar. Bu arada, Ankaranın ballistik raket proqramı hazırda qlobal liderlərdən geri qalsa da, ölkənin hərbi sənayesinin sürətli inkişafı bu perspektivi yaxın edir. Nüvə silahı olan Pakistanın da hərbi müttəfiqi kimi Türkiyə və Səudiyyə Ərəbistanı ilə nüvə texnologiyalarını bölüşmək imkanı var.
Eyni məsələ Almaniyaya da aiddir. Hazırda Almaniya asanlıqla nüvə silahı əldə etmək potensialına malikdir.

Rusiya hazırda əsas nüvə gücü olaraq qalır və onun arsenalında 6200 ilə 6300 arasında nüvə başlığı olduğunu təxmin edir.
ABŞ-nin isə bu sahədə bir qədər az - 5500 civarında nüvə başlığının olduğu bildirilir.
Çin həmçinin ən sürətlə böyüyən nüvə gücünə çevrilir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, Pekinin nüvə arsenalı 2026-cı ilin əvvəlinə qədər təxminən 600 döyüş başlığına çatacaq ki, bu da cəmi on il əvvəlki bir neçə yüzdən çoxdur.
Aparıcı güclərdən başqa, bir sıra ölkələr daha kiçik, lakin strateji cəhətdən əhəmiyyətli nüvə qüvvələrinə malikdir. Fransanın təxminən 290, Böyük Britaniyanın isə təxminən 225 döyüş başlığı var. Pakistan (təxminən 180 döyüş başlığı) və Hindistan (təxminən 170) davam edən regional gərginliklər fonunda arsenallarını tədricən artırmağa davam edirlər.
Rəsmi olaraq nüvə silahına sahib olduğunu etiraf etməyən İsrailin təxminən 90 döyüş başlığı var. Şimali Koreyanın isə təxminən 50 döyüş başlığı olduğu düşünülür və ölkə raketlər və nüvə başlıqları inkişaf etdirməyə davam edir.
Dünyanı bürüyən qeyri-stabillik, ən ali səviyyələrdə belə etiraf edilən "beynəlxalq hüququn işləməməsi" fikri və nəzarətdən çıxan münaqişələr dünyanın yeni və daha dağıdıcı nüvə müharibəsi ilə üzləşəcəyi ehtimalını artırır. Bu dəfəki münaqişə nə 1945-ci ildə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılan nüvə bombaları, nə də 1962-ci ildə dünyanı nüvə müharibəsinin bir addımlığına gətirən "Karib Böhranı" ilə müqayisə oluna bilməyəcək. Bu dəfə yaşananlar daha kəskin, daha ciddi, daha dağıdıcı olacaq.
Kərim RUTULLU