Modern.az

Bura Azərbaycandır

Bura Azərbaycandır

Analitika

Bu gün, 11:30

Uzun illər müxtəlif xarici təsirlərin və siyasi proseslərin içində yaşamış Azərbaycan cəmiyyəti indi yeni mərhələyə qədəm qoyub. Tarixə nəzər saldıqda aydın görünür ki, Azərbaycan xalqı həmin dövrlərdə öz taleyini müstəqil şəkildə müəyyən etmək imkanından məhrum olub. Əvvəlcə imperiya siyasətinin, daha sonra isə 70 il davam edən sovet idarəçiliyinin təsiri altında yaşayan ölkə yalnız XX əsrin sonlarında öz dövlət müstəqilliyini bərpa edə bildi. Lakin müstəqilliyin ilk illəri də asan olmadı. Siyasi, iqtisadi və hərbi çətinliklər ölkənin qarşısında ciddi problemlər yaratdı. Xarici təsir mərkəzləri isə bu vəziyyətdən istifadə edərək Azərbaycanda öz maraqlarını gücləndirməyə çalışdılar.

Sovet İttifaqının dağılmasından sonra Azərbaycan faktiki olaraq yeni bir siyasi mühitlə üz-üzə qaldı. Ölkə müstəqil olsa da, regionda böyük güclərin təsir dairəsində qalmaq təhlükəsi ilə qarşılaşdı. Xüsusilə enerji resurslarına görə strateji əhəmiyyət daşıyan Azərbaycan müxtəlif dövlətlərin maraq dairəsinə daxil oldu. Neft ölkəsi kimi Azərbaycanın iqtisadi və siyasi proseslərinə təsir etmək istəyən qüvvələr müxtəlif vasitələrdən istifadə etdilər. Müxtəlif fondlar, təşkilatlar, layihələr və institutlar bu maraqların həyata keçirilməsi aləti idi.

Bütün bunlar cəmiyyətdə müəyyən stereotiplərin formalaşmasına gətirib çıxarmışdı. İnsanların düşüncəsinə yeridirdilər ki, bu ölkədə hər şey mümkündür və qayda-qanun heç vaxt işləməyəcək. “Bura Azərbaycandır, burada hər şey mümkündür” ifadəsi illər keçdikcə sanki gündəlik həyatın bir parçasına çevrilmişdi. Ən maraqlısı isə odur ki, bu fikri ən çox işlədənlər sovet dövrünü yaşamış və o dövrün idarəetmə sisteminə öyrəşmiş insanlardır.

Əslində isə bu ifadə bir reallıqdan çox stereotipdir və uzun illər formalaşmış düşüncə tərzinin nəticəsidir. İnsanlar uzun müddət qaydaların işləmədiyini, qanunların bəzən formal xarakter daşıdığını gördükləri üçün belə düşünürlər. Lakin zaman dəyişir və dövlətlər də dəyişir. Azərbaycan da dəyişən ölkələrdən biridir.

Bu gün bir sual vermək lazımdır, Azərbaycanda rüşvət varmı? Bəziləri bu sualı eşidəndə avtomatik olaraq “var” deyə cavab verə bilər. Fakt varmı, bu sual cavabsız qalacaq.

Gəlin konkret sahələr üzrə baxaq. Təhsildə kim pul verib universitetə qəbul ola bilir, imtahan yazdıra bilir? Universitetlərdə qiymət almaq üçün pul verən tələbə varmı? Xəstəxanalarda kim həkimə pul verərək növbədən kənar xidmət ala bilir? Kim pul verərək saxta təqaüdə çıxır? Hansı icra başçısı pul verib vəzifə tutub? Hansı nazir pul verib nazir olub? Hansı deputat pul verib deputat mandatı əldə edib?

Bu sualların cavabı əslində çox şeyi izah edir. Bir vaxtlar belə halların baş verdiyini iddia edənlər çox idi. Lakin bu gün tam başqa sistemdir. Dövlət idarəçiliyində aparılan islahatlar, elektron xidmətlərin tətbiqi və şəffaflığın artırılması bu kimi halların qarşısını ciddi şəkildə alıb.

Azərbaycanda yeni bir dövr başlayıb. Bu dövrün ən mühüm dönüş nöqtələrindən biri 44 günlük Vətən müharibəsi oldu. 2020-ci ildə əldə edilən qələbə siyasi və psixoloji dönüş nöqtəsi idi. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ölkədə tamamilə yeni bir mərhələnin başlanğıcı oldu.

Bu qələbə Azərbaycan cəmiyyətində özünəinamı artırdı. İnsanlar gördülər ki, dövlət güclüdür və milli maraqları qorumaq gücündədir. Bu qələbə eyni zamanda illərlə davam edən bəzi xarici təsir mexanizmlərinin də zəifləməsinə səbəb oldu. Azərbaycan artıq öz qərarlarını daha müstəqil şəkildə verən bir dövlət kimi formalaşmağa başladı.

Bu gün Azərbaycanda yeni bir siyasi və ictimai mühit formalaşır. Dövlət idarəçiliyində milli maraqlar ön plandadır. Xarici təsirlərdən asılılığın sıfırlanması ölkənin daxili siyasətində daha müstəqil qərarların qəbul edilməsinə imkan yaradır.

Bununla belə, cəmiyyət daxilində hələ də köhnə düşüncə tərzinin qalıqları qalır. Xüsusilə yaşlı nəsil bəzən yeni reallıqları qəbul etməkdə çətinlik çəkir. Bu isə təbii prosesdir. Çünki onlar illərlə fərqli bir sistemdə yaşayıblar. Sovet dövrünün idarəetmə modeli və düşüncə tərzi onların həyatının atyrılmaz hissəsi olub.

Bu insanlar Amerikadan və ya başqa ölkələrdən gəlməyiblər. Onlar atalarımız, babalarımızdır. Sadəcə onların formalaşdığı mühit fərqli olub. Onlar bir sistemə öyrəşiblər və həmin sistemin qaydaları ilə düşünməyə davam edirlər.

Yeni nəsil isə tam fərqli düşünür. Bu gün gənclər daha açıq dünyada yaşayırlar. Onlar internet vasitəsilə qlobal informasiya məkanına qoşulurlar. Yeni texnologiyalar, yeni ideyalar və yeni yanaşmalar gənclərin düşüncə tərzini dəyişir.

Bu gün universitetdə oxumadan qiymət almaq mümkün olmadığını hamı bilir. Buna baxmayaraq bəzi insanlar hələ də köhnə yolları axtarırlar. Kiməsə zəng etmək, kimdənsə xahiş etmək, hansısa “tanışlıqdan” istifadə etmək kimi üsulların işlədiyini düşünürlər. Belə yollar tapılmayanda dərhal şikayət etməyə başlayırlar. “Adamım yoxdur”, “başqaları edir” kimi ifadələr yenə də səslənir. Əslində isə bu ifadələr daha çox psixoloji rahatlıq yaratmaq üçün istifadə olunur.

Xəstəxanalarda da bənzər vəziyyət müşahidə olunur. Bu gün tibbi sığorta sistemi tətbiq edilir və xidmətlər müəyyən qaydalar əsasında həyata keçirilir. Növbə sistemi var və hər kəs öz növbəsini gözləməlidir. Lakin bəzi insanlar yenə də növbədənkənar xidmət almağa çalışırlar. Əgər buna nail ola bilmirlərsə, yenə eyni ifadə işlədilir: “Adamım yoxdur”. Halbuki məsələ çox sadədir. Sistem artıq fərqli işləyir və köhnə üsullar keçərli deyil.

Bu vəziyyət özünü yalnız təhsil və səhiyyə sahəsində göstərmir, digər sahələrdə də müşahidə olunur. İnsanlar bəzən dəyişən reallığı qəbul etmək istəmirlər. Onlar keçmişdə yaşadıqları təcrübəni bu gün də tətbiq etməyə çalışırlar.

Zaman dəyişib, keçmiş keçmişdə qalıb. Bu gün dünən deyil. Azərbaycan yeni bir mərhələyə qədəm qoyub. Bu gün ölkədə milli maraqlara əsaslanan idarəetmə modeli formalaşır. Dövlətin əsas prioritetlərindən biri vətəndaşların rifahının artırılmasıdır. İqtisadi inkişaf, sosial layihələr və infrastruktur proqramları bu məqsədə xidmət edir.

Eyni zamanda gənclərin inkişafı üçün yeni imkanlar yaradılır. Təhsil sahəsində beynəlxalq proqramlar genişlənir. Startap ekosistemi formalaşır. Rəqəmsal iqtisadiyyat inkişaf edir.

Azərbaycan gəncləri bu proseslərin aktiv iştirakçılarıdır. Onlar daha çevik, daha təşəbbüskar və daha yaradıcıdırlar. Gənclər yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da uğurlar əldə edirlər.

Bu gənclər üçün Vətən sevgisi xüsusi əhəmiyyət daşıyır. 44 günlük müharibə zamanı bunu bütün dünya gördü. Minlərlə gənc Vətən uğrunda mübarizəyə qalxdı və tarix yazdı.

Bu gün həmin gənclər ölkənin gələcəyini qurur. Onlar yeni ideyalar irəli sürür, yeni layihələr həyata keçirir və Azərbaycanı daha güclü dövlətə çevirmək üçün çalışırlar.

Azərbaycan regionun mühüm siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilir. Nəqliyyat dəhlizləri, enerji layihələri və beynəlxalq əməkdaşlıq proqramları ölkənin strateji əhəmiyyətini daha da artırır.

Bütün bunlar göstərir ki, Azərbaycan yeni mərhələdədir. Bu mərhələ milli dövlətçilik mərhələsidir, burada ölkənin inkişafı iqtisadi göstəricilərlə bərabər milli şüurun güclənməsi ilə ölçülür.

İnsanlar “bura Azərbaycandır, burada hər şey mümkündür” kimi ifadələrdən imtina etməlidirlər. Çünki bu fikir reallığı əks etdirmir. Azərbaycanda hər şey qaydalar əsasında həyata keçirilir. Qanunlar işləyir, institutlar fəaliyyət göstərir və dövlət idarəçiliyi daha şəffaf olur.

Bu dəyişiklikləri görmək və qəbul etmək vacibdir. Çünki inkişaf fiziki infrastrukturla yanaşı düşüncə tərzinə daha çox bağlıdır.

Bəli, bura Azərbaycandır. Öz ərazi bütövlüyünü bərpa edən, tarixinin ən mühüm qələbəsini qazanan, milli kimliyini və adət-ənənələrini qoruyan Azərbaycandır.

Biz yeni mərhələyə qədəm qoymuşuq, bu mərhələ müasir, güclü və müstəqil Azərbaycan mərhələsidir. Azərbaycan heç bir ölkədən geri qalmır, öz potensialı ilə regionun aparıcı dövlətlərindən birinə çevrilir.

Bu Azərbaycanın gəncləri vətənini sevən, çalışqan və məsuliyyətli gənclərdir. Onlar ölkənin gələcəyinə inanır və bu gələcəyi qurmaq üçün çalışırlar. Azərbaycan dəyişir və inkişaf edir. Bu dəyişiklikləri görmək, dəyərləndirmək və qorumaq hər bir vətəndaşın borcudur.

Bəli, bura Azərbaycandır, tamamilə yeni Azərbaycan...

Elnur ƏMİROV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ərdoğan generalını Naxçıvana göndərdi - İrana belə cavab veriləcək!