Ötən gün İranın yeni Ali Lideri Müctəba Xameneinin xalqa müraciəti yayılıb. Bir sıra mesajlar verən Ali Lider intiqam almaqdan çəkinməyəcəklərini söyləyib.
“Hər kəsə zəmanət verirəm ki, şəhidlərinizin qanının intiqamını almaqdan çəkinməyəcəyik”, - Ali Lider deyib.
Müctəba Xameneinin hədələrinə rəğmən, bir sıra mənbələr artıq İranın hərbi baxımdan ehtiyatlarının tükəndiyini bildirirlər.
Müctəba Xameneinin xalqa müraciəti müzakirələrə səbəb olub.
Maraqlıdır Ali Lider nəyə güvənir?
Modern.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiri Nəsib Nəsibli bildirib ki, Müctəba Xameneinin adından dərc edilən müraciətin özü tərəfindən yazıldığı şübhə doğurur:
“Yeni elan olunmuş Ali Liderin adından oxunan müraciətin müəllifinin kim olduğu şübhəlidir. Müctəba Xamenei yaralıdır, onun yarası nə qədər ciddidir, o da mübahisəlidir. Hətta bəziləri onun komada olduğunu deyirlər. Demək ki, bu müraciət ölkə idarəsinin başında duran SEPAH tərəfindən yazılıb. SEPAH da başqa xüsusiyyətləri bir qırağa, özünün irrasional ideoloji xarakteri ilə fərqlənir. Artıq iki həftəyə yaxındır ki, savaş davam edir. Savaş da İranın birtərəfli qaydada yerlə bir edilməsi ilə davam edir. Əlbəttə, İran da raketlərlə körfəz ölkələrini, İsraildəki şəhərləri vurur. Mən niyə bu hücumu birtərəfli dedim, çünki ən çox ziyan İrana dəyir. İran aviasiyası, hərbi dəniz donanması yoxdur. İran raketlərini buraxan 400-dən çox platformadan yalnız 120-si qalıb, o da yox kimidir. Bununla yanaşı, infrasturuktur vurulub. Güc strukturlarının yerli şöbələri darmadağın edilir. Artıq polis şöbələrini də vururlar. Belə bir şəraitdə "biz dirəniş, müqavimət göstərəcəyik" kimi çıxışların edilməsi, növbəti irrasional addımdır. Bunun müharibənin gedişinə təsiri olmayacaq, bu ancaq reallıq hissini itrimiş bir təşkilatın, yəni SEPAH-ın ağılsız addımlarından biridir”.

N.Nəsibli İrandan Türkiyəyə növbəti raket hücumu ilə bağlı da danışıb:
“Bu hücum, SEPAH-ın irrasional addımı yox, reallıq hissini itirmiş bir dəlinin hərəkətidir. Rəhmətlik Cavad Heyət sağ olsaydı, deyəcəkdi ki, bu, İran pişiyinin cırmaqlamasıdır. O, bayraqdakı şirə pişik deyirdi. Cırmaqlamaqla bir şey olmur axı. Savaş nəticəsində İsrailin hədsiz güclənməsi, ABŞ-nin burada nüfuzunun artması Türkiyə hökumətini ehtiyatlandırır. Azərbaycanla Türkiyənin İrana, bu müharibəyə münasibəti fərqlidir və belə olması da təbii haldır. Ən yaxın müttəfiqlərin belə maraqları fərqlənə bilər. Türkiyə İsrail və ABŞ-nin burada çəkisinin, nüfuzunun artmasından ehtiyat edir.
Digər vacib məsələlərdən biri də odur ki, Türkiyədəki hakimiyyətin ideoloji əsasları ilə İrandakı hakimiyyətin əsasları üst-üstə düşür. Bu da çox mühüm rol oynayır. Ona görə də müsəlman qardaşlığını qorumaq devizi ilə məsələyə yanaşırlar. O gün bir dostumla danışdım, Tehranda yaşayırdı, indi oradan köçüb, Mazandarana gedib. O deyir ki, Tehranı darmadağın ediblər, şəhər qalmayıb.
İkinci hücumdan sonra Türkiyənin sərt bəyanatları olmuşdu. Son hücumdan sonra da Türkiyə öz adekvat cavabını verəcək”.