Gürcüstanda yaşayan dindar soydaşlarımızın son günlərdəki hərəkətləri diqqət çəkir. Qonşu ölkə vətəndaşları olan bir qrup etnik azərbaycanlı bu günlərdə əllərində İranın mərhum ali lideri Ayətullah Xameneinin fotosu ilə aksiya keçiriblər. Onlar İranın Gürcüstandakı səfirliyi qarşısında İrana dəstək şüarları səsləndiriblər.
Ötən gün isə Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkil etdiyi iftar süfrəsində azərbaycanlı din xadimləri iştirak etməyiblər. Bu barədə Azərbaycanın Gürcüstandakı səlahiyyətli və fövqəladə səfiri Faiq Quliyev bildirib.
“İftar məclisimizə dəvət etdiyimiz bir sıra din xadimləri və ruhani soydaşlarımız bəzi dairələrin onlara tətbiq etdiyi qadağalar səbəbindən aramızda deyillər və iştirak edə bilmirlər",-deyə o narazılığını ifadə edib.
Azərbaycan Milli Məclisininin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, məsələ olduqca ciddidir:
“Mən hələ 2003-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində işləyərkən biz bu məsələ ilə ciddi şəkildə məşğul olurduq. O dövrdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstandakı fəaliyyəti məhdudlaşdırıldı. Orada Gürcüstan Müsəlmanları İdarəsi adında qurum yaradıldı. Məsələ burasındadır ki, uzun illərdir Gürcüstanda yaşayan azərbaycanlılarla heç bir iş aparılmayıb. Dəfələrlə həyəcan təbili çalınsa da, bu istiqamətdə lazımi addım atılmayıb. Zamanla orada yaşayan azərbaycanlılar ciddi təsir altına düşüblər. İran orada daha da güclənib, möhkəmlənib. Sonrakı dövrdə də mən dəfələrlə bu məsələni qaldırdım. Biz İlahiyyat İnstitutunda işlədiyimiz zamanda bu istiqamətdə müəyyən işlər apardıq. Hesab edirəm, bu gün orada belə bir vəziyyətin yaranmasının əsas səbəblərindən biri soydaşlarımızla sıx işin aparılmamasıdır. Yəni eyni problem Türkiyədə yaşayan azərbaycanlılarla da var”.

Ceyhun Məmmədov hesab edir ki, burada əsas məsuliyyət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin üzərinə düşür:
“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və onun tabeli qurumları oradakı azərbaycanlılarla ciddi iş aparmalıdır. Bu məsələdə boşluqlar yaranıb. Həmin boşluqlardan da İran tərəfi çox məharətlə istifadə edib. Mənim bununla bağlı mətbuatda da bir neçə dəfə müsahibəm olub. Həyəcan təbili çalmışam ki, orada bizi narahat edən çoxlu məsələlər var. Təəssüf ki, həyata keçirilən tədbirlər formal xarakterli olub. Yəni səfərlər təşkil edilib, görüşlər keçirilib, amma digər ciddi addımlar atılmayıb. Ona görə də bugünkü problemi yaşayırıq. Düşünürəm ki, aidiyyati qurumlar nəhayət Gürcüstan azərbaycanlıları ilə sıx işləməli, ciddi kommunikasiya qurmalıdırlar.
Bizim səfirlik çalışır, müəyyən addımlar atır. Amma səfirliyimizin gördüyü işlər yetərli deyil. Həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, həm Diasporla İş üzrə Dövlət Komitəsi ciddi fəaliyyətə keçməlidirlər. Koordinasiyalı bir iş aparılmalıdır. Məsələnin mahiyyəti ondadır ki, o bölgələr artıq İranın tam təsiri altındadır və getdikcə bu təsir daha da böyüyür. Biz ölçülüb biçilmiş bir formada prosesə başlamalıyıq ki, bu proseslər növbəti dövrdə Azərbaycana qarşı yönəlməsin. Hazırda vəziyyət heç ürəkaçan deyil”.
Ceyhun Məmmədov öz təkliflərini verib:
“Əvvala oradakı insanları dinləmək lazımdır. Mən Gürcüstanda olmuşam və həmin dairənin adamları ilə, hətta Gürcüstan Müsəlmanları İdarəsinin rəhbər heyətinin bir qismi ilə görüşlərim olub. O insanlaraı dinləmək və lazım olan dəstəyi göstərmək lazımdır. Burada həm mənəvi, həm də maddi dəstəkdən söhbət gedir. Onları yalnız "İrana işləyirsiniz" deyə günahlandırmaqla iş bitmir.
Onların hansı qayğıları, nəyə ehtiyacları var, bizdən nə umurlar, nə gözləyirlər? Bütün bu suallara cavablar tapılmalıdır. Onların bizdən ciddi gözləntiləri var. Məsələn, biz İlahiyyat İnstitutunda olanda orada bir layihə başlamışdıq. Hər il Gürcüstandan 3-4 tələbəni gətirib burada oxudurduq. Sonra həmin layihə o qədər də uğurla davam etdirilmədi. Həmin tələbələrdən 2-3 nəfər qayıdıb orada çalışır. Düşünürəm ki, bizim imkanlarımız tükənməyib, hələ çalışa bilərik. Sadəcə sistemli, ardıcıl, davamlı iş aparılmalıdır”.