Modern.az

Şərq cəbhəsində yeni bir şey yoxdur!

Şərq cəbhəsində yeni bir şey yoxdur!

Analitika

Bu gün, 22:15

Araz Aslanlı

Rusiya-Ukrayna müharibəsi ilə bağlı bir tərəf "3 günə Rusiya Kiyevi tutacaq", digər tərəf isə "3 günə ABŞ (Qərb) Rusiyanı diz çökdürəcək" təbliğatı aparırdı. İndi hər ikisi gündəlik olaraq qarşı tərəfin itkilərinin statistikasını paylaşmaqla məşğuldur. 

İsrail+ABŞ - İran müharibəsi ilə bağlı bir tərəf "3 günə rejimin devriləcəyini", "qısa vaxtda İranın yox olacağını", digər tərəf isə 3 günə olmasa da qısa vaxtda "İranın İsraili xəritədən siləcəyini" iddia edirdi. İndi bunlar da gündəlik olaraq qarşı tərəfin itkilərinin (dağıntıların) statistikasını paylaşmaqla məşğuldur. Ümumiyyətlə isə ABŞ+İsrail - İran müharibəsində region və dünya dəhşətli ssenarilərə doğru gedir.

Hər iki müharibənin uzun çəkəcəyi barədə bizim kimi düşünənlərin fikirləri təbii olaraq digər populist fikirlər qədər cazibədar olmadı. 

Təbii ki, "3 günlük müharibə" söhbəti edənlərin hamısı eyni düşüncədə deyil. Bir hissəsi bunu ucuz populizm naminə, bir hissəsi inandıqları üçün, amma bir hissəsi da müharibə lobbilərinin maraqlarına xidmət etmək üçün (onlardan maddi asılılqları olduğu üçün) bu təbliğatı aparırlar.

Bu populistlərin içində təhsilsizlər də var, təhsilin bütün pillələrini "keçmiş" olanlar da. Məhəlləsindən kənara çıxmamış olanlar da var, "dünyanın yarısını" fiziki olaraq gəzmiş olanlar da. 


Amma bu da ayrı bir gerçəklikdir ki, populizm hər zaman daha cazibədardır.

Digər tərəfdən əksər müharibələr də belə başlayır. Heç kim illər boyunca müharibə etmək üçün başlamır (bu, təbii ki, başqalarını müharibəyə təhrik edənlərə aid deyil; onlar digərləri arasındakı mühribələrin uzun sürməsindən faydalanırlar).

1-ci dünya müharibəsi başlayanda Fransız əsgərlərini cəbhəyə daşıyan qatarın üstündə "növbəti dayanacaq Berlindir" yazısı yazırmış.

Alman zabitləri isə əsgərlərinə "ağaclar yarpaqlarını töküb qurtarmadan" (Payız fəsli bitmədən) qələbə ilə Berlinə qayıdacaqlarını deyirmiş.

Amma müharibə 4 ildən artıq davam etdi və sadəcə bu iki ölkə arasındakı cəbhələrdə milyonlarla insan öldü (həm də demək olar ki, heç biri irəliləmədən).

Vətəni düşməndən qorumadığın ya da işğal edilmiş vətən torpaqlarını azad etmədiyin müddətcə müharibə lazımsız, amma eyni zamanda hər zaman acımasızdır.

Qazananlar ilk növbədə silah şirkətləri və onların ortaqlarıdır. Sonra isə bu müharibələr vasitəsilə regional və qlobal maraqlarını reallaşdırmağa çalışanlar.

Məhz buna görə Azərbaycanın 1994-cü ildə atəşkəsə nail olması, 2016-cı ilin aprel döyüşlərini vaxtında dayandırılması (4 gün), 2020-ci ilin iyulunda Ermənistanın təxribatlarına cavabın vaxtında dayandırılması, 2020-ci ildəki 44 günlük müharibə, xüsusilə 10 noyabrda dayanmaq qərarı, 2023-cü ilin sentyabr ayına qədərki mərhələdə görülən tədbirlər, keçirilən qısamüddətli əməliyyatlar və 2023-cü ilin sentyabr ayındakı anti-terror əməliyyatı nümunə olmalıdır. Hətta işğal edilmiş vətən torpaqlarını azad edərkən belə acıların minimum olmasına diqqət etmək, qələbədən sonra regionda daimi sülh və əməkdaşlıq imkanlarının qalmasına çalışmaq, bəzən başqalarının sizi ittiham etməsinə baxmayaraq çətin qərarları qəbul etmək (1994-cü ildə, 2016-cı ildə, 2020-ci ilin iyul döyüşlərində, 2020-ci ilin 10 noyabrında dayanmaq qərarını vermək) həm uzaqgörənlik (strateji baxış), həm cəsarət tələb edir.

Dünyanı da, bölgəmizi də çətin günlər gözləyir. Ümid edək ki, sülh mümkün qədər tez gəlsin. Amma həm mövcud müharibələrin miqyasının genişləməsi, həm yeni münaqişələrin başlaması ehtimalı qalır. Türk dövlətləri bu müharibələrdən uzaq qalmaq, başqalarını onları münaqişəyə zorla cəlb etməkdən çəkindirmək üçün öz aralarında hərbi əməkdaşlığı dərinləşdirməlidirlər (müharibə etmək üçün yox, məhz müharibələrdən uzaq durmaq, ciddi çəkindirmə potensialına malik olmaq üçün).

Dahi Hüseyin Cavidin də dediyi kimi

Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü!

...

Turana qılıncdan daha kəskin, ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədənyiyət!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı