Modern.az

İlham Əliyevin səfəri Gürcüstandakı azərbaycanlıların rolunu aktuallaşdırır

İlham Əliyevin səfəri Gürcüstandakı azərbaycanlıların rolunu aktuallaşdırır

Analitika

Bu gün, 14:38

Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Gürcüstanda rəsmi səfərdə olub. Prezident İlham Əliyevi gürcü həmkarı Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşb. İki ölkə arasındakı münasibətlər, logistika, regional sabitlik və digər məsələlər müzakirə edilib. 

Prezident İlham Əliyevin səfərinin gələcəkdə hansı nəticələr doğuracağı diqqətçəkən mövzudur.

Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Azərbaycan-Gürcütsan parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev Prezident İlham Əliyevin səfərindən sonra iki ölkə arasında atılacaq addımlardan danışıb:

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Gürcüstan səfəri iki ölkə arasında, artıq mövcud olan strateji tərəfdaşlığı daha da möhkəmləndirməyə yönəlib. Məlumdur ki, enerji, nəqliyyat, regional təhlükəsizlik sahələri ən mühüm istiqamətlərdir. Burada koordinasiyalı şəkildə praktiki layihələrin artması mümkündür və bu istiqamətdə addımlar atılacaq. Səfər zamanı Azərbaycan-Gürcüstan münasibətləri, siyasi, iqtisadi, təhlükəsizlik baxımından mühüm məsələlərin müzakirəsi gündəmdə oldu. Cənubi Qafqzda sabitliyin qorunmasının vacibliyi, Gürcüstanla Azərbaycan arasında regional strateji tərəfdaşlıq, regional layihələrin koordinasiyalarının güclənməsi, xüsusilə enerji və nəqliyyat sahəsində əməkdaşlıq, Orta Dəhlizin inkişafı görüşlərdə müzakirə olundu. Təbii ki, bu görüşlərdən sonra Cənub Qaz Dəhlizi çərçivəsində yeni mərhələlər başlayır, Avropaya qaz ixracının artması üçün koordinasiyalı iş görüləcək. Bakı-Tbilisi-Qars dəmir yolunun imkanları genişləndirilməli, Orta Dəhliz istiqamətində əməkdaşlıq güclənməli, 1 milyard dollar civarında olan qarşılıqlı ticarət dövriyyəmiz daha da artmalıdır. Bununla yanaşı, öz əksini tapmalı olan məsələlərdən biri də birgə sənaye və logistika layihələrinin icrası olacaq”.

Komitə sədri vurğulayıb ki, ən mühüm məsələlərdən biri də müdafiə sahəsindəki əməkdaşlıqdır:

“Təbii ki, hərbi təlimlər və təcrübə mübadiləsi keçiriləcək. NATO standartlarına uyğun əməkdaşlıq davam etdiriləcək. Gürcüstanın NATO ilə sıx əməkdaşlıq etdiyini nəzərə aldıqda bu, Azərbaycan üçün faydalıdır. Xüsusi xidmət orqanları və digər hüquq-mühafizə orqanlarının koordinasiyalı şəkildə işləri var. Sərhəd və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, birgə hərbi təlimlər, müdafiə sənayesində artan əməkdaşlıq imkanları kimi çox mühüm istiqamətlər mövcuddur. Bundan savayı, Gürcüstanda çox sayda azərbaycanlı yaşayır. 5 rayonda Borçalı azərbaycanlıları kimi tanınan icma var. Azərbaycan-Gürcüstan münasibətərində bu, mühüm sosial və siyasi körpü rolunu oynayır. Gürcüstan səfəri kontekstində düşünürəm ki, icmanın rolu daha da aktuallaşır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gürcüstan istiqamətində fəaliyyəti siyasi dialoqu tamamlayan humanitar diplomatiya kimi qeyd edilməlidir. Onun görüşləri və təşəbbüsləri Gürcüstanda Azərbaycan icması ilə əlaqələrin möhkəmələnməsinə, daha da artmasına xidmət edəcək. Mehriban xanımın bu istiqamətdə görüşləri və təşəbbüsləri dövlətlərası münasibətləri yumşaq güc vasitəsilə gücləndirən mühüm faktor hesab oluna bilər”.

A.Nağıyev səfərin parlamentlərarası əlaqələrdə hansı yeniliklərə gətirib çıxaracağından da danışıb:

“Parlament səviyyəsində Azərbyacan-Gürcüstan münasibətləri də İlham Əliyevin səfəri fonunda xüsusi aktuallıq qazanır. Parlamentin spikerləri arasında yaranan münasibət ən yüksək səviyyədədir. Komitələr, deputatlar arasında qarşılıqlı səfərlər həyata keçirilir. Beynəlxalq və regional parlament platformalarında koordinasiya mövcuddur. Bu əməkdaşlıq da daha aktiv fəaliyyət, qanunvericilik təcrübəsi mübadiləsi, müxtəlif layihələrin bazalarının möhkəmləndirilməsi, parlament assembliyalarında ortaq çıxışlar, regional təhlükəszilik məsələsində vahid mövqedən çıxış etmək mühüm məsələ kimi daha da inkişaf edəcək. Səfərdən sonra təbii ki, rəqəmsal qanunvericilik və kibertəhlükəsizlik, enerji təhlükəsizliyi ilə bağlı məsələlər parlamentlərin və komitələrin birgə fəaliyyətində də bu məsələ öz əksini tapacaq. Parlament səviyyəsində əməkdaşlıq, icra hakimiyyəti arasında olan razılaşmanın davamlılığını təmin edir. Məhz buna görə də Prezidentin səfərindən sonra parlament diplomatiyasının aktiv məqsədyönümlü mərhələsinə keçidi gözlənilir. Bir sözlə, cənab İlham Əliyevin Gürcüstan səfəri çox mühüm əhəmiyyət kəsb edir. Bu səfərdən sonra iki ölkə arasında strateji və dostluq daha da inkişaf edəcək”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov isə qeyd edib ki,  Azərbaycanla Gürcüstan arasındakı dostluq  münasibətlərin möhkəmliyi və həmişə bir yerdə olması Bakı-Tiblisi Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı -Tiblisi-Qars kimi çoxlu uğur hekayələri ərsəyə gətirib:

“Azərbaycanla Gürcüstan arasındakı münasibətlər birgə tariximizə əsaslanaraq inkişaf edir və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkələrimiz arasındakı münasibətlərin möhkəmlənməsi ümumən Cənubi Qafqazda sülh və əməkdaşlığı möhkəmləndirir və regionumuzun beynəlxalq əhəmiyyətini artırır. Bu gün dünya iqtisadiyyatı bağlantı dəhlizlərinin təhlükəsizliyinin təmini baxımından əziyyət çəkir. Davam edən münaqişlər və müharibələr nəticəsində ənənəvi bağlantı marşurutlarında məhdudiyyətlər yaranıb və qlobal iqtisadiyyatda böhran risklərini yüksəldib. Amma Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Cənubi Qafqaz beynəlxalq tərəfdaşlar üçün ümid yerinə çevrilib. Azərbaycanla Gürcüstan arasındakı dostluq  münasibətlərin möhkəmliyi və həmişə bir yerdə olmağımız Orta Dəhlizin tərkib hissələri olan Bakı-Tiblisi Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı -Tiblisi-Qars kimi çoxlu uğur hekayələri ərsəyə gətirib. Növbəti dövrdə isə bir yerdə Qara dənizin dibi ilə Yaşıl enerji layihəsinin inşası istiqamətində işlər davam etdirilir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, ölkələrimiz arasındakı münasibətlər tarixə əsaslanır və dəmir xətlər vasitəsilə gün-gündən möhkəmlənərək əbədiləşir”.

A.Badamov vurğulayıb ki, Azərbaycanla Gürcüstan arasında ikitərfli münasibətlərin inkişaf dinamikası müsbətdir:

“Belə ki, 2025-ci ildə ölkələrarası ticarət dövrüyyəsi 800 milyon dollardan çox olsa da, bu il bu rəqəmin 1 milyard dolları keçəcəyi gözlənilir. Azərbaycan Gürcüstan iqtisadiyyatına bu günə qədər 3,5 milyard dollar investisya qoyub. Bu inkişaf  dinamikansını təhlil edəndə ölkələrarası münasibətlərin inkişafının yaxşı perspektivlərinin olduğunu görürük. Həm də bu gün Ermənistanla iqtisadi əməkdaşlığımızın qurulmasında Gürcüstan öz dəstəyini göstərir. Bu, ümumiyyətlə uzun illər münaqişə bölgəsi olan Cənubi Qafqazın yeni reallıqlar üzərində sülh və əməkdaşlıq erasına qovuşması deməkdir. Bu gün baş verən münaqişələr fonunda dünyada sabit və təhlükəsiz regionlar çox məhdud saydadır. Biz Cənubi Qafqaza sülh gətirməklə həm də qitələr arasında bağlantılar yaradaraq regionumuzun təhlükəsilziyini əbədiləşdiririk”.

Parlamentarinin fikrincə, 6 apreldə Prezdinet İlham Əliyevin Gürcüstana rəsmi səfəri ölkələrarası münasibətlərdə yeni bir səhifə açacaq:

“Dövlət başçılarımızın keçirdiyi görüşlər çərçivəsində ölkələrarası siyasi, iqtisadi və humanitar sahələr üzrə münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər. O cümlədən investisyaların genişləndirlməsi, həm də üçüncü ölkələrə birgə investiyaların yatırılması məsələləri danışıqların mövzusu olub. Bəli, bizim dostluğumuz və regionumuzda təmin olunmuş sabitlik dünyaya nümunədir”. 


Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun və Mədəniyyət komitəsinin üzvü Ülviyyə Həmzəyeva bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Gürcüstana səfəri iki ölkə arasındakı münasibətlərin həm də humanitar və mədəni müstəvidə yeni mərhələyə daxil olduğunu göstərir:

“Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gürcüstana dövlət səfəri Azərbaycan–Gürcüstan münasibətlərinin yalnız siyasi və iqtisadi deyil, eyni zamanda humanitar və mədəni müstəvidə də yeni mərhələyə daxil olduğunu göstərən çox mühüm hadisədir. Tbilisidə keçirilən yüksək səviyyəli görüşlərdə Prezident İlham Əliyev bu səfərin iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcəyini bildirdi, Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Bu yanaşma onu göstərir ki, Bakı ilə Tbilisi arasında münasibətlər artıq sadəcə qonşuluq münasibəti deyil, qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli tərəfdaşlığa söykənən sabit siyasi xəttdir. 

Bu səfərin xüsusi önəmi ondadır ki, onun humanitar və mədəni məzmunu da olduqca güclü idi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət etməsi təsadüfi protokol addımı deyil, Gürcüstandakı Azərbaycan mədəni irsinə və soydaşlarımızın mənəvi yaddaşına verilən yüksək dəyərin ifadəsidir. Bu muzeyin tarixi də çox şey deyir: burada 1982-ci ildə ev-muzey yaradılıb, 1996-cı ildən sonra mədəniyyət mərkəzi kimi fəaliyyət genişlənib, 2007-ci ildə muzey statusu verilib, 2013-cü ildə isə Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı şəkildə yenidən qurulub. Prezident İlham Əliyevin 2014-cü ildə bu muzeyi ziyarət etməsi də Azərbaycanın Gürcüstandakı milli-mədəni irsə uzunmüddətli və ardıcıl diqqətinin göstəricisidir.  

Mehriban xanım Əliyevanın Gürcüstan Milli Muzeyində olması da böyük rəmzi və praktik əhəmiyyət daşıyır. Həmin ziyarət zamanı onun adından Gürcüstan Milli Muzeyinə “Azərxalça”nın istehsalı olan beş nadir xalçadan ibarət “Mədəni irsə yeni baxış” kolleksiyasının hədiyyə edilməsi Azərbaycan mədəni diplomatiyasının olduqca zərif və təsirli nümunəsidir. Bu addım yalnız dostluq jesti deyil, eyni zamanda Azərbaycan xalçaçılıq sənətinin Gürcüstanın aparıcı muzey məkanında yeni təqdimat imkanları qazanması, gələcəkdə ortaq sərgilər, kurator əməkdaşlığı, elmi araşdırmalar və mədəni layihələr üçün yeni zəmin formalaşdırması deməkdir.  Ümumilikdə, Azərbaycan–Gürcüstan mədəni əlaqələri bu gün kifayət qədər yüksək səviyyədədir və artıq bu münasibətlər üçün konkret institusional baza formalaşıb. Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi bu gün yalnız tarixi irs məkanı kimi deyil, həm də kitabxana, qalereya, tədbir və konfransların keçirildiyi canlı mədəniyyət platforması kimi fəaliyyət göstərir. Bu isə göstərir ki, Azərbaycan ilə Gürcüstan arasında mədəni münasibətlər epizodik tədbirlərdən ibarət deyil, sistemli əməkdaşlıq xəttinə söykənir”. 

Deputat hesab edir ki, bu səfərdən sonra iki ölkə arasında xüsusilə muzey işi, sərgi mübadiləsi, xalçaçılıq sənətinin beynəlxalq təqdimatı, irs nümunələrinin birgə tədqiqi, diaspor mədəniyyəti, təhsil və humanitar layihələr istiqamətində yeni təşəbbüslər ortaya çıxacaq:

“Çünki Prezident İlham Əliyev Azərbaycan–Gürcüstan münasibətlərində mədəni və humanitar sahəni hər zaman strateji tərəfdaşlığın mənəvi dayaqlarından biri kimi dəyərləndirib. Gürcüstandakı Azərbaycan mədəniyyət ocaqlarına göstərilən dövlət dəstəyi, bu sahədə uzun illər ərzində yaradılmış etimad mühiti, eləcə də bugünkü dövlət səfəri çərçivəsində mədəniyyətə verilən xüsusi diqqət bunu bir daha təsdiqləyir. Mehriban xanım Əliyevanın həm Axundzadə muzeyində, həm də Gürcüstan Milli Muzeyində olması göstərdi ki, Azərbaycan bu münasibətləri yalnız siyasi dialoq səviyyəsində deyil, mədəni yaddaş, ortaq irs və mənəvi yaxınlıq müstəvisində də ardıcıl şəkildə inkişaf etdirir. Məhz buna görə də bu səfər yalnız bugünkü münasibətlərin təsdiqi deyil, həm də gələcəkdə Azərbaycan ilə Gürcüstan arasında mənəvi körpülərin daha da möhkəmlənəcəyinin, ortaq mədəni layihələrin artacağının və humanitar inteqrasiyanın yeni məzmun qazanacağının mühüm göstəricisidir”.


Millət vəkili Ceyhun Məmmədov
deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 6-da Gürcüstana etdiyi dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

"Dövlətimizin başçısı görüş zamanı Gürcüstan rəhbərliyi ilə ikitərəfli münasibətlərin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə etdi. Cənab Prezident mətbuata verdiyi bəyanatda da Azərbaycan-Gürcüstan əməkdaşlığının mühüm aspektlərinə toxundu.

Azərbaycanın Gürcüstanla münasibətləri konstruktiv və gələcəyə yönəlib. Hər iki ölkə bir-birinin mövqeyini daim dəstəkləyir. Azərbaycan daim Gürcüstana dəstək göstərib, Gürcüstan da beynəlxalq platformalarda ölkəmizin haqlı mövqeyini müdafiə edib.

Prezident İlham Əliyevin apardığı düşünülmüş və uzaqgörən siyasət nəticəsində, istər regional, istərsə də qlobal məsələlərdə Azərbaycan və Gürcüstan daim eyni mövqedən çıxış edərək, ikitərəfli əlaqələri daha da dərinləşmişdir.

Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi önəm verir və əməkdaşlığın bütün istiqamətlər üzrə dərinləşdirilməsi və genişləndirilməsində maraqlıdır. İki ölkə arasında yüksək səviyyədə formalaşmış fəal siyasi dialoq, təhlükəsizlik, müdafiə, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrdə əldə olunmuş mühüm nailiyyətlərin əsasını təşkil edir.

Bu gün Azərbaycan–Gürcüstan əlaqələrində əməkdaşlığın müşahidə olunmadığı heç bir sahə mövcud deyil. Xüsusilə enerji və nəqliyyat-logistika sahələrində həyata keçirilən birgə iri layihələr təkcə ikitərəfli münasibətlərin inkişafına yox, həm də regional və qlobal miqyasda enerji təhlükəsizliyinə və qitələrarası nəqliyyat bağlantılarına töhfə verir.

Qarşıda yeni layihələr, əməkdaşlıq istiqamətləri və perspektivlər durur. Münasibətlərin bu səviyyədə olması bizə deməyə əsas verir ki, Azərbaycan ilə Gürcüstan arasında formalaşmış dostluq və əməkdaşlıq münasibətləri gələcəkdə daha da genişlənəcək. Bu da Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəmlənməsinə və bölgədə sülh, əməkdaşlıq mühitinin dərinləşməsinə ciddi töhfə verəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!