Britaniyanın “The Guardian” qəzeti İranda gedən müharubəyə dair təhlil yazısı ilə çıxış edib.
Modern.az-ın məlumatına görə, qəzet bildirib ki, İranla müharibə Vaşinqtonda İsrailin “qızıl dövrünün” sonunu gətirəcək.
“The Guardian” yazır ki, hazırkı müharibə sadəcə hərbi qarşıdurma deyil, həm də Benyamin Netanyahu tərəfindən Donald Tramp administrasiyasına verilmiş yanlış hesablamaların və şişirdilmiş vədlərin nəticəsidir.
Məqalə müəllifi vurğulayır ki, hətta ABŞ-ın yüksək siyasi dairələrində belə, Netanyahunun bu müharibədə qələbənin asanlığı və İranda rejim dəyişikliyi ehtimalı barədə Vaşinqtona qeyri-real təsəvvür təqdim etdiyi fikri formalaşıb.
“The Guardian” bu iddianı izah edərkən “Axios” saytına istinad edir və yazır ki, “Bibi” ləqəbi ilə tanınan baş nazir Netanyahu müharibə başlamazdan əvvəl İranda rejim dəyişikliyi ideyasını Donald Trampa çox ehtimal olunan və “asan” bir məqsəd kimi təqdim etmişdi. Lakin müəllif qeyd edir ki, real vəziyyət hətta vitse-prezident Cey Di Vensin də bu iddialara ciddi şübhə ilə yanaşmasına səbəb olub və o, Netanyahunun hesablamalarını kəskin müzakirələrdə şübhə altına alıb.
Təhlilin başqa bir hissəsində “The Guardian” Donald Trampın rolunu araşdırır. Daniel Kurtzer və Aaron Devid Miller kimi bəzi analitiklər hesab edirlər ki, Tramp Venesuelada Maduro hökumətinin devrilməsindən doğan qürur səbəbindən bu müharibəyə həvəsli tərəfdaş olub. Lakin “The Guardian” bildirir ki, münaqişənin vaxtının müəyyən edilməsində əsas rol Netanyahunun olub. İndi müharibənin ikinci ayına daxil olması və Hörmüz boğazının bağlanması səbəbindən qlobal iqtisadiyyatın iflic olması ilə “asan müharibə” vədlərinin təhlükəli nəticələri regiondan kənara da yayılıb.
Məqalədə təhlükəsizlik üzrə tanınmış ekspertlər Riçard Bets və Stiven Bidlə istinad edilərək, bu müharibənin ABŞ üçün strateji xərclərinin çox ağır olduğu vurğulanır.
Qəzet qeyd edir ki, bu müharibə Ukraynaya hərbi dəstəyin azalmasına, ABŞ-ın qabaqcıl silah ehtiyatlarının tükənməsinə və NATO müttəfiqlərinin təhlükəli təzyiq altında qalmasına səbəb olub. Müəllif əlavə edir ki, Netanyahunun İrana “10 zərbə” endirilməsi ilə bağlı qələbə iddialarına baxmayaraq, İran və “Hizbullah” raketlərinin İsrailə düşməsi bu ölkə vətəndaşlarının təhlükəsizliyini hətta sığınacaqlarda belə ciddi şəkildə sarsıdıb.
“The Guardian” həmçinin İsrailin diplomatik təcridini qeyd edir və bildirir ki, bu müharibə “İbrahim sazişləri”nin dağılmasına səbəb ola bilər, çünki körfəz ölkələri özlərini seçmədikləri bir müharibənin ortasında görürlər.
Fransa prezidenti Emmanuel Makrona istinadən vurğulanır ki, hərbi hücumlar və ya Hörmüz boğazının açılması cəhdləri “realist deyil” və yalnız texniki və diplomatik danışıqlar uzunmüddətli sabitlik gətirə bilər.
Sonda məqalə ABŞ daxilində bu müharibənin sosial və siyasi təsirlərinə toxunur. Təhlilə görə, ABŞ-da müxtəlif siyasi qruplar, xüsusilə də gənc nəsil arasında İsrailə dəstək ciddi şəkildə azalıb. “The Guardian” Gallup sorğusuna istinadən bildirir ki, son 25 ildə ilk dəfə olaraq amerikalıların fələstinlilərə simpatiyası israillilərdən daha çoxdur. Məqalə Ram Emanuelin sözləri ilə yekunlaşır: bu müharibə böyük ehtimalla İsrailin Vaşinqtondakı “qızıl dövrünün” sonu olacaq və bundan sonra İsrail artıq istisna tərəfdaş deyil, digər ölkələr kimi ABŞ vergiödəyicilərindən silah və maliyyə almaq üçün daha sərt məhdudiyyət və nəzarətlə üzləşəcək.