Türkiyənin İstanbul şəhərindəki İsrail konsulluğuna silahlı hücum edilib. 3 nəfər terrorçunun zərərsizləşdirildiyi hücum zamanı 2 polis əməkdaşı yaralanıb. Hazırda hadisə ilə bağlı polis və prokurorluq tərəfindən araşdırmalar aparılır.
Türkiyə DİN-nin yaydığı məlumata görə, hücumu həyata keçirən şəxslər - Yunus E.S, Onur. Ç və Enes.Ç olub.
Nazirliyin məlumatına görə, ölü olaraq ələ keçirilən Yunus E.S-nin dini istismar edən terror təşkilatı ilə əlaqələrinin olduğu, yaralı halda ələ keçirilən digər iki terrorçu - Onur Ç. və Enes Ç.-nin isə qardaş olduqları və Onur Ç.-nin narkotiklə əlaqədar məhkumluğunun olduğu müəyyən edilib.
Türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar hadisəni Modern.az-a şərh edib.
Ekspert qeyd edib ki, baş verənlərin daha geniş planların tərkib hissəsi olması da istisna edilmir:
"Hücumda iştirak edən şəxslərin kriminal fəaliyyətlə yanaşı, dini motivləri istismar edən bir təşkilatla əlaqəsi ehtimal olunur. Bu, ideoloji və cinayətkar elementlərin birləşdiyi bir modeldir və belə “hibrid aktorlar” gözlənilməzlik riskini artırır. Hücum zamanı istifadə olunan taktiki geyim və yarı-peşəkar silahlar müəyyən hazırlığın olduğunu göstərsə də, davranışlarda tam peşəkarlıq müşahidə olunmayıb. Bu da peşəkar olmayan, lakin müəyyən istiqamətləndirmə almış bir hücrənin mövcud olduğu ilə bağlı ehtimalı gücləndirir. Belə hücumların əsas məqsədi aşağı maliyyə ilə yüksək və qeyri-mütənasib təsir yaratmaqdır. Bu cür terror aksiyaları eyni zamanda dini və məzhəbi həssaslıqları dərinləşdirməyə, cəmiyyətdəki mövcud “çatlaq xətlərini” hərəkətə gətirməyə yönəlir. Baş verənlərin daha geniş planların tərkib hissəsi olması da istisna edilmir. Ümid edirəm ki, yanılıram, lakin bu, sınaq xarakterli hücum və ya daha böyük bir zəncirin parçası kimi qiymətləndirilə və böyük məqsədlərin ilkin siqnalı ola bilər.”
Ekspert həmçinin regionda artan risklərə də diqqət çəkib:
“Artıq daha dərin qarşıdurmanın kənarındayıq. Türkiyə və Azərbaycan üzərində müxtəlif – o cümlədən xətti və asimmetrik – sınaqların aparıldığını görürük. Bu hücumların məqsədi yalnız zərbə vurmaq deyil, həm də cəmiyyətə və qərar qəbul edənlərə təsir göstərməkdir”.