Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana telefon zəngi etməsi son günlər regionda baş verən hadisələrin fonunda xüsusi siyasi məna daşıyır.
İranla ABŞ arasında 2 həftəlik atəşkəsin elan olunması yalnız hərbi-siyasi gərginliyin azalması deyil, həm də region dövlətləri üçün yeni diplomatik imkanların yaranması kimi qiymətləndirilir. Bu kontekstdə Azərbaycanın dövlət başçısının İran Prezidentinə zəng edərək təbriklərini çatdırması Bakı ilə Tehran arasında münasibətlərin mahiyyətini bir daha ortaya qoyur.
Son aylarda regionda yaşanan gərginlik İran üçün olduqca çətin bir mərhələ kimi yadda qaldı. Xarici təzyiqlərin artdığı, təhlükəsizlik risklərinin çoxaldığı bir vaxtda Azərbaycan öz davranışı ilə qonşuluq və dostluq prinsipinə sadiq qaldığını nümayiş etdirdi. Bu dövrdə Azərbaycan-İran sərhədi İran üçün ən təhlükəsiz məkanlardan biri kimi qaldı. Müxtəlif dairələr tərəfindən səsləndirilən iddialara, Azərbaycandan İrana qarşı təhlükə yaradılması ilə bağlı yayılan əsassız fikirlərə baxmayaraq, real vəziyyət tam fərqli oldu. Azərbaycan ərazisindən İrana qarşı hər hansı təhlükənin yaranmaması faktı iki ölkə arasında mövcud olan qarşılıqlı etimadın mühüm göstəricisi kimi dəyərləndirilə bilər.
Bu mərhələdə diqqət çəkən mühüm məqamlardan biri də İranın Ali Dini Lideri Əli Xameneinin vəfatı ilə bağlı baş verən hadisələr oldu. Həmin həssas günlərdə İran xalqına ilk başsağlığı verən dövlət başçılarından biri məhz Azərbaycan Prezidenti oldu. Dövlət başçısının İran səfirliyinə gedərək başsağlığı verməsi diplomatik protokol çərçivəsindən kənara çıxan, daha çox siyasi və mənəvi məna daşıyan addım kimi qiymətləndirilir. Bu, iki xalq arasında tarixi, dini və mədəni bağların dərinliyini bir daha nümayiş etdirdi.
Azərbaycanın İran üçün çətin günlərdə göstərdiyi dəstək yalnız siyasi jestlərlə məhdudlaşmadı. Bakı humanitar sahədə də operativ və prinsipial addımlar atdı. Azərbaycanın hamıdan əvvəl iki dəfə İrana humanitar yardım göndərməsi, böhranlı şəraitdə qonşu dövlətə real dəstək göstərməsi beynəlxalq humanitar əməkdaşlıq baxımından mühüm hadisə oldu. Bu addımlar Azərbaycanın regionda məsuliyyətli tərəfdaş kimi çıxış etdiyini, humanitar məsələlərdə siyasi maraqlardan üstün davranmağa hazır olduğunu göstərdi.
Atəşkəs elan olunduqdan sonra İranı təbrik edən ilk liderin də məhz Azərbaycan Prezidenti olması təsadüfi deyil. Bu addım diplomatik münasibətlərin aktivliyinin göstəricisi olmaqla yanaşı, Bakı ilə Tehran arasında dialoqun davamlı xarakter daşıdığını təsdiqləyir. Azərbaycanın bu cür operativ reaksiyası regionda sülh və sabitliyin bərqərar olunmasına verdiyi önəmin göstəricisi kimi də şərh edilə bilər.
Bütün bu təşəbbüslər Azərbaycanın İrana dost münasibətinin konkret və real təzahürləri kimi qiymətləndirilə bilər. Azərbaycan yalnız bəyanat səviyyəsində deyil, praktiki addımlarla da qonşu dövlətə dəstəyini nümayiş etdirdi. Bu isə beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicinin formalaşmasında mühüm rol oynayır. Regionda mürəkkəb geosiyasi proseslərin getdiyi bir vaxtda belə münasibətlərin qorunması və inkişaf etdirilməsi strateji əhəmiyyət daşıyır.
Xüsusilə qeyd olunmalıdır ki, İranda zaman-zaman Azərbaycanı təhlükə kimi təqdim etməyə çalışan müəyyən dairələr mövcuddur. Bu dairələr informasiya məkanında Azərbaycandan düşmən obrazı yaratmağa cəhd göstərsələr də, son hadisələr onların arqumentlərinin reallıqdan uzaq olduğunu açıq şəkildə nümayiş etdirdi. Azərbaycanın davranışı göstərdi ki, Bakı regionda sabitliyin qorunmasında maraqlı olan məsuliyyətli aktordur və qonşu dövlətlərə qarşı düşmənçilik siyasəti yürütmür.
Mövcud reallıqlar fonunda ümid etmək olar ki, İranda Azərbaycanla bağlı yanlış təsəvvür formalaşdırmağa çalışan qüvvələrin təsir imkanları azalacaq. Azərbaycan tərəfinin ardıcıl və prinsipial siyasəti Tehran daxilində də obyektiv yanaşmaların güclənməsinə təkan verə bilər. Bu isə iki ölkə arasında qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edəcək.
Nəticə etibarilə, Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkiana telefon zəngi etməsi təkcə diplomatik nəzakət addımı deyil, həm də strateji mesaj kimi qiymətləndirilməlidir. Bu mesaj regionda sabitliyin qorunmasına, qonşuluq münasibətlərinin möhkəmləndirilməsinə və qarşılıqlı etimadın artırılmasına yönəlib. Azərbaycan son hadisələr fonunda göstərdi ki, çətin anlarda dostluq sözlə deyil, əməli addımlarla sübut olunur. Bu isə gələcəkdə Azərbaycan-İran münasibətlərinin daha sağlam və sabit əsaslar üzərində inkişaf edəcəyinə dair nikbin gözləntilər yaradır.