Modern.az

Əhalinin fasiləsiz təhsilə münasibəti necədir?

Əhalinin fasiləsiz təhsilə münasibəti necədir?

15 Sentyabr 2009, 18:37

Dövlət Statistika Komitəsi ölkənin bütün ərazisində “Əhalinin fasiləsiz təhsildə iştirakına dair” birdəfəlik seçmə statistik müayinə keçirib. Komitənin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, fasiləsiz təhsil əhalinin ömrü boyu aldığı formal, qeyri-formal, eləcə də informal təhsilini əhatə edir və YUNESKO tərəfindən dünyanın bütün dövlətlərində təhsil sahəsində islahatların keçirilməsi üçün əsas meyar kimi qəbul edilib. “Təhsil haqqında” Qanuna əsasən, formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatır, qeyri-formal təhsil müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır, informal təhsil özünü təhsil forması yolu ilə biliklərə yiyələnmənin formasıdır. Dövlət Statistika Komitəsindən bildirilib ki, “Əhalinin fasiləsiz təhsildə iştirakına dair” müayinə ilə seçməyə düşmüş 18000 ev təsərrüfatı və onlarda yaşayan 33486 nəfər 25-64 yaşlı şəxs əhatə olunub. Sorğu olunanların 55,4 faizini şəhər, 44,6 faizini kənd sakinləri, 49,7 faizini kişilər, 50,3 faizini qadınlar, 39,1 faizini 25-39 yaşda, 29,6 faizini 40-49 yaşda, 31,3 faizini 50-64 yaşda olanlar təşkil edib. Respondentlərin 20,4 faizi ali, 13,5 faizi orta ixtisas, 5,3 faizi ilk peşə - ixtisas, 52,8 faizi tam orta, 6,3 faizi ümumi orta, 1,3 faizi ibtidai təhsilə malikdir, 0,4 faizi isə savadlı olsalar da, tam ibtidai təhsil almayanlardır. Müayinənin nəticələrinə görə, sorğu olunan 25-64 yaşlı əhalinin 86,2 faizi son 12 ay ərzində fasiləsiz təhsildə, o cümlədən 0,3 faizi formal, 14,7 faizi qeyri-formal, 71,2 faizi informal təhsildə iştirak edib. Formal və ya qeyri-formal təhsildə iştirak etməyənlərin 44 faizi təhsil üçün münasib vaxtın olmadığını və ya təhsil aldığı yerin uzaqda yerləşdiyini, 29,1 faizi təhsilin onu maraqlandırmadığını, 18,4 faizi ailə ilə bağlı səbəblərin və ya səhhətinin yol vermədiyini, 7,5 faizi təhsilin çox bahalı olmasını, 1 faizi isə digər səbəblərin olduğunu bildirib. Tələbələrin 15,2 faizi təhsil müəssisələrində təhsilə gün ərzində 3 saat, 33,3 faizi 4 saat, 51,5 faizi isə 5-6 saat vaxt sərf edib. Bu təhsil növündə öz biliklərini zənginləşdirmək üçün sorğu olunanların 82,8 faizi həm kompüterdən, həm də internetdən istifadə etdiklərini bildirib. Təhsil alanların 22,2 faizi işləməyənlərdir. Təhsil aldıqları müddətdə işləyənlərin 6,5 faizi üçün işəgötürənlər tərəfindən təhsil haqqı bütövlükdə və ya qismən ödənilib, 75,3 faizi üçün ödənilməyib, 18,2 faizi üçün isə belə xərclər tələb olunmayıb. İşəgötürənlər tərəfindən rəsmi təhsil üçün ödənilən məbləğin 60 faizi 200 manatdan 300 manatadək, müvafiq olaraq hər biri 20 faiz olmaqla 300 manatdan 500 manatadək və 500 manatdan 1000 manatadək olub. Formal təhsildə iştirak edənlərin hamısı təhsillə bağlı kitablara, dərs ləvazimatlarına və digər köməkçi vasitələrə xərc çəkib və çəkilən xərclərin 11,1 faizi 100 manatadək, 8,1 faizi 100 manatdan 200 manatadək, 22,2 faizi 200 manatdan 300 manatadək, 31,3 faizi 300 manatdan 500 manatadək, 27,3 faizi isə 500 manatdan 1000 manatadək olub. Qeyri-formal təhsildə sorğu olunanların 4917 nəfəri iştirak edib və onların da 51,9 faizi kişi, 48,1 faizi isə qadınlar olub. Qeyri-formal təhsildə iştirak edənlərin 52,3 faizi müxtəlif kurslarda, 33,2 faizi fərdi dərslərdə və mühazirələrdə, 10,1 faizi iş yerlərində, 4,4 faizi seminarlarda təhsilini artırıb və təhsili davam etdirmələrinin əsas səbəbi daha yüksək səviyyəli iş tapmaq (42 faiz), çalışdığı işi itirməmək (36,8 faiz) və şəxsi biznes qurmaq (21,2 faiz) olub. Bu təhsil növündə iştirak edənlər formal təhsildən fərqli olaraq yalnız kompüterdən istifadəyə (73,9 faiz) daha çox üstünlük verirlər. İşəgötürənlər tərəfindən işləyən və eyni zamanda qeyri-formal təhsildə iştirak edənlərin 2,4 faizi üçün təhsil haqqı qismən və ya tamamilə ödənilib. İşəgötürənlər tərəfindən təhsil üçün ödənilən məbləğin 48,2 faizi 100 manatadək, 34,5 faizi 100 manatdan 200 manatadək, 15,5 faizi 200 manatdan 500 manatadək, 1,8 faizi 500 manatdan 1000 manatadək olub. İnformal təhsildə sorğu olunanların 71,2 faizi iştirak edib və bu təhsillə bütün yaş qruplarında olanlar əhatə olunub ki, onların da 42,6 faizi 25-39 yaşda, 28,8 faizi 40-49 yaşda, 28,6 faizi 50-64 yaşda olanlardır. İnformal təhsil alanların 62 faizi kütləvi informasiya vasitələrinin, 23,7 faizi kompüterin köməkliyi ilə, 8,9 faizi ailə üzvləri, dostlar, kolleqalarla biliklərini bölüşdürməklə, 2,8 faizi videomaqnitofon və DVD-nin köməkliyi ilə, 2,6 faizi təhsil mərkəzlərini, kitabxanaları, mədəniyyət ocaqlarını, muzeyləri, milli və təbii qoruqları gəzməklə öz biliklərini zənginləşdirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir