Modern.az

Rusiyada azərbaycanlılara şər atan təxribatçı tutuldu - DETALLAR

Rusiyada azərbaycanlılara şər atan təxribatçı tutuldu - DETALLAR

Diaspor

17 Fevral 2026, 13:46

Rusiya–Azərbaycan münasibətlərində gərginliyin yüksək olduğu 2025-ci ilin yayında Yekaterinburq şəhərində Azərbaycan dilində, lakin səhvlərlə yazılmış 13 təhqiramiz qraffiti peyda olmuşdu. Həmin yazılar sosial şəbəkələrdə və bəzi radikal kanallarda “azərbaycanlı miqrantların rusofob çağırışları” kimi təqdim edilərək geniş rezonans doğurmuşdu. Maraqlıdır ki, həmin qraffitilərdə Azərbaycan dilindən istifadə edən şəxslərin elementar biliklərinin olmadığı "ruslara ölüm" yerinə "ruslara örüm" yazmalarından bəlli idi.

Modern.az xəbər verir ki, araşdırmalar zamanı həmin millətçi qrafiitiləri azərbaycanlıların deyil, rus milliyətindən olan 2 nəfərin –  22 yaşlı Daniil Nuryev və onun dostu Qleb tərəfindən yazıldığı aydınlaşıb. Onlar barəsində məhkəmə prosesi başlayıb. Yerli KİV-lərin məlumatına görə, istintaq onların qraffitini naməlum şəxslərin sifarişi ilə çəkdiyini iddia edir. Bildirilir ki, sifariş zəncirvari şəkildə ötürülüb və araşdırma davam edir.

Məhkəmə iclasları zamanı təqsirləndirilən şəxslərə qarşı Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsi – ekstremist fəaliyyətə açıq çağırışlar, etnik nifrət zəminində xuliqanlıq və vandalizm maddələri üzrə ittihamlar irəli sürülüb.

Bu arada Rusiyada terrorçu kimi tanınan neonasist NS/WP qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürdüyünü iddia edib. Qrupun nümayəndələri sosial şəbəkələrdə əvvəllər yayımlanmamış qraffiti fotolarını paylaşaraq bunu qəsdən etdiklərini bildiriblər. Onların sözlərinə görə, məqsəd millətlərarası qarşıdurmanı qızışdırmaq olub.

Radikal qrupun nümayəndəsi kimi təqdim olunan şəxs yazıb ki, “millətlərarası nifrət nə qədər çox olarsa, irqlərarası müharibə bir o qədər yaxınlaşar”.

Qeyd edək ki, hadisədən dərhal sonra bəzi ifrat sağçı media resursları və Telegram kanalları qraffitiləri Azərbaycan icmasının üzərinə ataraq təxribat xarakterli məlumatlar yaymışdı. İndi isə məsuliyyətin neonasist qrup tərəfindən üstlənilməsi həmişə qərəzlə çalışan, Azərbaycan diasporuna qarşı repressiyalar aparan Yekaterinburq vilayətinin güc strukturları ilə bağlı əlavə suallar doğurur. Araşdırmalar davam edir.

Kərim RUTULLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar