Xəbər verdiyimiz kimi, Rusiya ordusuna məxsus "İlyuşin İl-76" hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Modern.az-ın məlumatına görə, hadisə barədə Rusiya və Ukrayna mətbuatı fərqli iddialar səsləndirir.
Rusiyanın "RIA Novosti" informasiya agentliyi bildirir ki, təyyarə Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 ukraynalı hərbi əsirin, 6 ekipaj üzvünün və daha 3 nəfərin olduğu iddia edilir.
"Pilot yanan İl-76-nı Yablonovo kəndinin evlərindən uzaqlaşdıra bilib, təyyarə əkin sahəsinə düşüb", - Müdafiə Nazirliyi bəyan edib.
Rusiya hakimiyyətinə yaxın teleqram kanallarında təyyarənin alovlar içərisində yerə çırpıldığı görünən videolar yayılıb. Teleqram kanallarında təyyarədə olan hər kəsin öldüyünü bildirir.
Ukrayna tərəfi isə rəsmi açıqlama verməyib. "RBC Ukraine" agentliyi Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazır ki, təyyarə Ukrayna ordusu tərəfindən vurulub. Agentlik təyyarədə Xarkova zərbələr endirmək üçün istifadə edilən S-300 raketlərinin olduğunu bildirir. Məlumata görə, Ukrayna və Rusiya arasında əsir mübadiləsi nəzərdə tutulmayıb.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov təfərrüatları açıqlamadan Koroçanski rayonunda "hadisə yerinə" getdiyini bildirib. “Koroçanski rayonunda insident. Hazırda hadisə yerində əməliyyat-istintaq qrupu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir. İş qrafikimi dəyişib əraziyə getdim", - o yazıb.
Daha əvvəl bölgədə raket xəbərdarlığı elan olunub. Rusiya Müdafiə Nazirliyi bölgə səmasında pilotsuz təyyarənin vurulduğunu açıqlayıb.
Yerli teleqram kanalları bildirir ki, Ukrayna Müdafiə Nazirliyi hazırda İl-76 hərbi nəqliyyat təyyarəsinin Ukrayna Müdafiə Qüvvələri tərəfindən vurulduğunu təsdiq edə bilmir. Onlar hələ də məlumatı dəqiqləşdirirlər.
Rusiya parlamentinin deputatı Andrey Kartapolov Dövlət Dumasının tribunasından bildirib ki, məhbusların olduğu təyyarə Ukraynanın hava hücumundan müdafiəsi tərəfindən vurulub. “İl-76 üç "Patriot" və ya "İris-T" raketləri ilə vurulub”, - deyə Kartopolov bildirib. Spiker Vyaçeslav Volodin isə deyib ki, Dövlət Duması İl-76 təyyarəsinin qəzaya uğraması ilə bağlı ABŞ və Almaniyaya müraciət hazırlayacaq.
İl-76 qoşunları, yükləri, hərbi texnika və silahları hava ilə daşımaq üçün nəzərdə tutulmuş hərbi nəqliyyat təyyarəsidir. Təyyarə 90-dan çox sərnişin daşımaq qabiliyyətinə malikdir.