Ermənistan hökuməti məcburi hərbi xidmətin müddətini 2 ildən 1,5 ilə endirməyi nəzərdə tutan qanun layihəsini ictimai müzakirəyə çıxarıb.
Modern.az xəbər verir ki, “Hraparak” qəzetinin yazdığına görə, dəyişiklik 2026-cı ilin yay çağırışından etibarən qüvvəyə minəcək.
Layihədə bildirilir ki, son illərdə müqaviləli xidmətin genişləndirilməsi üçün bir sıra addımlar atılıb, “Vətəni Qoruyaq” proqramı, peşəkar çavuş korpusu, hərbçilərin attestasiya sistemi və sərhəd hissələrində uzunmüddətli xidmətə görə pensiya təminatının saxlanılması kimi təşəbbüslər həyata keçirilib.
Məlumata görə, layihə hazırlanmazdan əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında təcrübəli hərbçilər Müdafiə Nazirliyinə xəbərdarlıq ediblər ki, belə bir dəyişiklik ciddi risklər yarada bilər. Onların hesablamalarına görə, xidmət müddətinin azaldılması nəticəsində iki il ərzində ordu sıralarındakı hərbçilərin sayı 4-5 min nəfər azalacaq ki, bu da döyüş növbətçiliyi və postların qorunması baxımından təhlükə yarada bilər.
Qəzet yazır ki, rəsmi qurumların cavabı təxminən belə olub: “Kim işləmək istəmir, ərizə yazıb getsin. Sülh sazişi imzalanır, yeni dövrdə bu hesablama tam əsaslı olacaq”.
Məlumata görə, müxalifət də bu məsələni açıq şəkildə tənqid etməkdə tərəddüd edir. Analitiklər hesab edir ki, hakimiyyət bu populyar layihəni seçkilər ərəfəsində müzakirəyə çıxarmaqla cəmiyyətin bir hissəsinin rəğbətini qazanmağa çalışır.
“Hraparak” yazır ki, bu dəyişiklik yalnız populist xarakter daşımır, həm də ordunun tədricən “hərbsizləşdirilməsi” prosesinə xidmət edir və uzunmüddətli perspektivdə Ermənistan ordusunun mövcudluğunu sual altına qoya bilər.