Modern.az

Rusiya qırıcıları paytaxta yaxınlaşdı - NATO hərəkətə keçdi

Rusiya qırıcıları paytaxta yaxınlaşdı - NATO hərəkətə keçdi

Dünya

19 Sentyabr 2025, 18:55

Rusiya Hərbi Hava Qüvvələrinin üç MiQ-31 qırıcısı Estoniya hava məkanına daxil olaraq paytaxt Tallinə cəmi 9 km məsafəyə qədər yaxınlaşıb və təxminən 12 dəqiqə orada qalıb. 

Modern.az xəbər verir ki, "Politico"nun məlumatına görə, Şimal Atlantika Alyansı bu təxribatı dayandırmaq üçün İtaliyaya məxsus F-35 qırıcılarını havaya qaldırıb.

MiQ-31-lər Rusiya ordusunun “Kinjal” hipersəs raketləri daşıya bilən ağır təyyarələridir və bu hadisə NATO-nun şərq sərhədində ciddi eskalasiya kimi dəyərləndirilir.

Estoniya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının müvəqqəti işlər vəkilini çağıraraq hava sahəsinin pozuntusuna görə rəsmi etiraz notası təqdim edib.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib ki, bu il artıq dördüncü dəfə Rusiya Estoniya hava məkanını pozur:

“Bu gün baş verən hava məkanı pozuntusu misilsiz dərəcədə cəsarətli idi. Artan təzyiqlərə qarşı siyasi və iqtisadi cavablar daha da gücləndirilməlidir.”

Hadisə fonunda Estoniya Müdafiə Qüvvələri hava sərhədlərinin pozulması ssenarilərini məşq etmək üçün fövqəladə təlimlərə başlayıb.

Latviya Seymi Rusiyadan və Belarusdan gələn risklər səbəbindən sərhədlərin tam bağlanması qərarını qəbul edib. Polşa da Belarusla sərhəddə eyni addımı atıb.

Mütəxəssislər baş verənləri NATO-Rusiya münasibətlərində yeni gərginlik mərhələsinin başlanğıcı kimi qiymətləndirirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?