BMT Trampın Baş Assambleyada iştirak etdiyi gün eskalatorun qəfil dayanmasının səbəbini açıqlayıb.
Modern.az xəbər verir ki, BMT-nin sözçüsü Stefan Düjarrik hadisənin səbəbinin təhlükəsizlik mexanizminin işə düşməsi olduğunu bildirib.
O qeyd edib ki, Trampın videomüxbiri eskalatorla geriyə hərəkət edərək çəkiliş apararkən üst hissədəki təhlükəsizlik mexanizminə toxunub və nəticədə eskalator avtomatik dayanıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp həmin gün çıxışında hadisəni zarafatla qarşılayaraq deyib: “BMT mənə iki şey verdi - xarab teleprompter və xarab eskalator.” Bu ifadə zalda gülüş doğurub.
Tramp və həyat yoldaşı Melaniya Trampın BMT qərargahına gəlişi zamanı baş verən bu hadisə sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.