ABŞ Prezidenti Donald Trampın Ağ Evdə açıqladığı 20 maddəlik Qəzza planı Yaxın Şərq diplomatiyasının əsas mövzusuna çevrilib.
Trampın təklifi Qəzzanın gələcək statusunu köklü şəkildə dəyişməyi nəzərdə tutur.
Sənədə görə, bölgə radikalizmdən tam təmizlənməli, beynəlxalq nəzarət altında müvəqqəti idarəetmə strukturu qurulmalı, iqtisadi inkişaf üçün xüsusi proqram qəbul edilməli, həmçinin İsrail və Fələstin arasında yeni siyasi üfüq açılmalıdır.
Planın ilk bəndlərində müharibənin dərhal dayandırılması, İsrail qoşunlarının razılaşdırılmış xətlərə çəkilməsi və bütün girovların azad olunması nəzərdə tutulur.
İsrail tərəfinin 72 saat ərzində sağ və həlak olmuş bütün girovları geri alması müqabilində, 250 ömürlük məhbus və 1700 fələstinli, o cümlədən qadın və uşaqlar azad ediləcək. Bundan sonra Qəzzaya genişmiqyaslı humanitar yardım daxil olmalı, dağıdılmış infrastruktur, xəstəxanalar və sosial obyektlər bərpa edilməlidir.
Modern.az xəbər verir ki, ən diqqətçəkən məqamlardan biri Qəzzanın müvəqqəti olaraq texnokratlardan ibarət, apolitik fələstinli komitə tərəfindən idarə olunmasıdır. Bu qurum beynəlxalq nəzarət altında fəaliyyət göstərəcək, maliyyələşmə isə “Sülh Şurası” adlı yeni mexanizm vasitəsilə həyata keçiriləcək. Tramp özü bu orqana rəhbərlik etməyi planlaşdırır, sabiq Britaniya baş naziri Toni Bleyerin də Şuraya daxil olacağı açıqlanıb.
Paralel olaraq, ABŞ və tərəfdaş ölkələr Qəzzada xüsusi iqtisadi zona yaratmağı, böyük investisiya layihələri hesabına bölgəni Yaxın Şərqin müasir şəhərlərinə bənzər bir məkana çevirməyi hədəfləyir. Sənəd, həmçinin Beynəlxalq Sabitlik Qüvvələrinin yerləşdirilməsini, yeni fələstinli polis qüvvələrinin təlimini və Qəzzanın mərhələli şəkildə demilitarizasiyasını nəzərdə tutur. İsrailin Qəzzanı nə işğal, nə də ilhaq etməyəcəyi də ayrıca vurğulanıb.
Lakin bu iddialı planı həyata keçirmək asan görünmür. HƏMAS hələlik rəsmi cavab verməsə də, israilli ekspertlərin məlumatına görə, təşkilat artıq 20-yə yaxın qarşı tələb hazırlayıb. Onların arasında girovların 72 saat ərzində azad olunması şərtinin ləğvi, İsrail qoşunlarının çıxarılmasına dair dəqiq qrafikin müəyyənləşdirilməsi və Toni Bleyerin gələcək idarəçilik proseslərindən kənarlaşdırılması xüsusi yer tutur. ABŞ administrasiyası isə planın heç bir bəndinin dəyişdirilməyəcəyini açıqlayaraq, HƏMAS-ın tələblərini qətiyyətlə rədd edir.
Maraqlı məqamlardan biri də Ramallahda baş verənlərdir. Məlumatlara görə, Fələstin lideri Mahmud Abbas gözlənilmədən sələfi Yasir Ərəfatın qardaşı oğlu, bir vaxtlar Fələstin Muxtariyyətinin xarici işlər naziri olmuş Nasir əl-Qudva ilə münasibətləri bərpa etməyə çalışır.
Uzun illər Fransada yaşamış, Fələstinin FƏTH hərəkatının keçmiş liderlərindən biri, son 10 ildə Birləşmiş Ərəb Əmirliklərində mühacirətdə olan Məhəmməd Dahlanla yaxınlığı ilə tanınan əl-Qudva indiki mərhələdə kompromis fiqur kimi təqdim edilir. Məqsəd Qəzzada postmüharibə dövründə idarəetməni radikalların əlindən çıxarıb, keçid dövrünü nisbətən neytral və tanınmış siyasətçiyə həvalə etməkdir.
Elnur Əmirov