Bu gün və sabah Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə Toplantısına ev sahibliyi edəcək.
Modern.az-ın məlumatına görə, sayca 12-ci Zirvə Toplantısı regional sülh və təhlükəsizliyə həsr olunub.
Qeyd edək ki, liderlərin sonuncu rəsmi Zirvə Toplantısı ötən il Bişkekdə keçirilib, bu il isə liderlər Macarıstanda bir araya gəlib. Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşü zamanı birgə bəyannamə imzalanıb.
Prezident İlham Əliyevin dəvəti ilə liderlər bu dəfə Qəbələ şəhərində toplaşacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tezliklə Azərbaycanda olacağı gözlənilir. O, bu il Azərbaycana iki dəfə səfər edib. İlk səfər may ayında baş tutub və liderlər Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər. Daha sonra Pakistan Baş naziri Şahbaz Şərifin də iştirakı ilə üçtərəfli görüş baş tutub.
Ərdoğan növbəti dəfə iyul ayında İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak edib.
Bunlardan başqa Azərbaycan və Türkiyə liderləri 2025-ci ildə Ankarada, Antalyada, Kahramanmaraşda və Budapeştdə bir araya gəliblər.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə bu il ikinci dəfə Azərbaycana gələcək. O, iyul ayında Bakıda və Xankəndidə səfərdə olub. Həmin vaxt Bakıda Özbəkistan parkının təməli qoyulub, səfirliyin açılış mərasimi keçriilib. Mirziyoyev, həmçinin Xankəndidə ECO sammitinə qatılıb.
Qırğızıstan Prezidenti Sadır Japarov da bu il ECO sammitində iştirak etmək üçün Xankəndidə səfərdə olub. Səfər çərçivəsində Japarov Prezident İlham Əliyevlə birlikdə Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin isə il ərzində Azərbaycana ilk səfəri baş tutacaq.
Türk Dövlətləri Təşkilatına (TDT) müşahidə üzv olan Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov il ərzində Azərbaycana ikinci dəfə səfər edəcək liderlər sırasındadır. O, iyul ayında Şuşada olub və bir sıra rəsmi tədbirlərə qatılıb.
Macarıstan Baş naziri Viktor Orban sonuncu dəfə keçən il Azərbaycanda səfərdə olub. Bu ilin may ayında isə Budapeştdə Azərbaycan və Macarıstan liderləri görüşlər keçiriblər.
Şimali Kipr Prezidenti Ersin Tatar iki həftə sonra ölkəsində keçirilən seçkilərdə namizəd kimi iştirak etsə də, onun da toplantıya qatılacağı təsdiqlənib.
Beləliklə, 8 ölkənin lideri Qəbələdə toplaşaraq regional mövzuları və Türk Dövlətləri Təşkilatının (TDT) gücləndirilməsini müzakirə edəcəklər.