Oktyabrın 6-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları Rusiya tərəfindən ilhaq edilən Krımın Feodosiya şəhərində yerləşən iri neft terminalına zərbə endirib.
Modern.az-ın məlumatına görə, hədəf Krım ərazisindəki ən böyük yanacaq anbarlarından biri olan Feodosiya neft terminalı olub.
Hücum nəticəsində böyük yanacaq çənləri alışaraq güclü partlayışlar baş verib. Yerli sakinlərin sözlərinə görə, yanğın onlarla kilometr uzaqdan görünüb. Sosial şəbəkələrdə paylaşılan videolarda terminal ərazisindən alov qalxdığı görünür.
Məlumata görə, dronlar əsasən yanacaq-sürtkü materiallarının saxlandığı iri çənlərə düşüb. Rusiya tərəfi rəsmi açıqlama verməsə də, yerli teleqram kanalları və videomateriallar Feodosiyada gecə boyu yanğının davam etdiyini təsdiqləyib.
Hadisə şahidləri bildiriblər ki, terminal ərazisində bir neçə partlayış dalğası qeydə alınıb. Qeyd olunur ki, daha əvvəlki hücumlar nəticəsində bazada olan 34 çəndən yalnız 22-si salamat qalmışdı, bu dəfə isə zərbə məhz həmin hissələrə endirilib.
Ekspertlərin fikrincə, yanğının tam söndürülməsi yaxın vaxtlarda mümkün görünmür, çünki terminalın infrastrukturuna ciddi zərər dəyib.
Feodosiya neft terminalı artıq bir neçə dəfə Ukraynanın hədəfinə çevrilib. Bu obyekt vasitəsilə Rusiya Krım və cənub cəbhəsindəki hərbi hissələrinə yanacaq təchizatı həyata keçirirdi.