Qəzza zolağında atəşkəs razılaşması qüvvəyə minib.
Modern.az xəbər verir ki, məlumatı Misirin “Al Qahera News” telekanalı yayıb.
İsrail Baş naziri Benyamin Netanyahunun ofisi isə açıqlayıb ki, atəşkəs razılaşması yalnız bu axşam İsrail hökuməti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.
Baş nazirin ofisindən bildirilib ki, sənədin təsdiqi üçün bu gün saat 17:00-da (Bakı vaxtı ilə 20:00) Təhlükəsizlik Kabinetinin iclası keçiriləcək. Kabinetə ölkənin müdafiə, təhlükəsizlik və xarici siyasət məsələlərində qərar qəbul edən əsas nazirlər daxildir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə İsrail və HƏMAS arasında atəşkəs razılaşması imzalanıb.
Tramp bəyan edib ki, “bütün girovlar çox yaxın zamanda azad ediləcək” və İsrail qüvvələri razılaşdırılmış xəttə qədər geri çəkiləcək.
Qəzza atəşkəsi ABŞ, Qətər, Misir və Türkiyənin birgə diplomatik səylərinin nəticəsi kimi qiymətləndirilir.