Modern.az

Rusiya təyyarə qəzasına görə kompensasiya ödəyəcək, günahkarları CƏZALANDIRACAQ

Rusiya təyyarə qəzasına görə kompensasiya ödəyəcək, günahkarları CƏZALANDIRACAQ

Dünya

9 Oktyabr 2025, 15:50

Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında Düşənbədə keçirilən görüşün əvvəlində əsas mövzu AZAL təyyarəsinin kənar müdaxilə nəticəsində qəzaya uğraması olub.

Modern.az-ın məlumatına görə, Putin görüşə bu məsələ ilə başlamağı təklif edib və bir daha həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

O, ilk günlərdən zəng edərək başsağlığı verdiyini və üzr istədiyini xatırladıb.

Putin deyib ki, Rusiya AZAL təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasına hər cür kömək göstərir.

“Biz, əlbəttə ki, razılaşdırıldığı kimi, istintaqla tam əməkdaşlığı təmin edirik. İstintaq yekunlaşmaq üzrədir”, -deyə o bildirib.

Rusiya lideri qeyd edib ki, Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemindən buraxılan iki raket təyyarəyə birbaşa dəyməyib, partlayış bir neçə metr məsafədə baş verib.

Rusiya Prezidenti həmçinin vurğulayıb ki, hadisə ilə bağlı bütün vəzifəli şəxslərin fəaliyyətinə hüquqi qiymət veriləcək və qəzaya səbəb olan bütün amillər obyektiv şəkildə araşdırılacaq.

“Ən vacibi, bu faciənin əsl səbəbləri müəyyən edilməli və ictimaiyyətə açıq şəkildə təqdim olunmalıdır,” – deyə Putin əlavə edib.

O, kompensasiya ilə bağlı da müvafiq addımların atılacağını diqqətə çatdırıb.

Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Kritik GÖRÜŞ BAŞLADI - Putin bir daha Əliyevdən üzr istədi