Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə AZAL təyyarəsinin qəzaya uğramasına səbəb olan bir sıra halları açıqlayıb.
Modern.az xəbər verir ki, dövlət başçısı deyib: “Birincisi ondan ibarətdir ki, səmada məhz Ukraynaya məxsus pilotsuz uçuş aparatı olub. Biz faciə baş verən gecə Rusiya Federasiyasının sərhədini keçən üç pilotsuz təyyarəni idarə edirdik. İkinci səbəb isə Rusiyanın hava hücumundan müdafiə sisteminin özündə texniki nasazlıqlardır”.
Onun sözlərinə görə, buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib - əgər bu baş versəydi, təyyarə elə yerindəcə məhv olardı.
Putin vurğulayıb ki, zərbə məhvedici döyüş elementləri ilə vurulmayıb, yəqin ki, raketlərin özlərinin parçaları ilə dəyib.
Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.