Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın gələcəkdə Qəzza zolağını ziyarət etməyi planlaşdırdığını bildirib.
Modern.az xəbər verir ki, o, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının Rizə vilayətində keçirilən toplantısında çıxışı zamanı danışıb.
Ərdoğan partiya üzvlərinin zalda səsləndirdiyi “biz də gedəcəyik” replikasına cavab olaraq deyib: “Əvvəlcə mən ora gedəcəyəm, sonra siz.”
Prezident qeyd edib ki, atəşkəs razılaşmasından sonra bölgədə döyüşlərə qayıdış olmamalıdır. Onun sözlərinə görə, İsrail tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və regionun sabitliyini, həmçinin öz vətəndaşlarının təhlükəsizliyini təhdid edən aqressiv siyasətdən imtina etməlidir.
Ərdoğan həmçinin vurğulayıb ki, Qəzzaya humanitar yardımın çatdırılması heç bir maneə ilə üzləşməməlidir.
Türkiyə lideri çıxışının sonunda iki dövlətin yaradılmasını Yaxın Şərqdə “daimi sülhün açarı” adlandırıb.
Ərdoğanın Qəzzaya nə vaxt gedəcəyi məlum deyil.