Modern.az

Azərbaycan Qəzzaya sülhməramlılar göndərəcək - AÇIQLAMA

Azərbaycan Qəzzaya sülhməramlılar göndərəcək - AÇIQLAMA

Dünya

13 Oktyabr 2025, 12:28

Bu gün Misirin Şarm əl-Şeyx şəhərində Qəzza ilə bağlı liderlər sammiti keçiriləcək. Sammitdə iştirak edəcək liderlərin siyahısı artıq Misir hökuməti tərəfindən elan edilib. Siyahıda bir çox dövlət və hökumət başçısının, həmçinin Prezident İlham Əliyevin adı var.

Qəzza üçün ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən yeni sülh planı bölgədə uzunmüddətli sabitliyin bərpasını hədəfləyir. Bir çox yeni təkliflərlə yanaşı beynəlxalq sülhməramlı qüvvələrin Qəzzada yerləşdirilməsi müzakirə olunur. Bu qüvvələrin məqsədi atəşkəsin qorunması, humanitar yardımın təhlükəsiz çatdırılması və tərəflər arasında etimadın bərpasına dəstək vermək olacaq.

Sülhməramlı missiyanın tərkibinə əsasən BMT, Misir, Qətər və bir neçə Avropa ölkəsinin nümayəndələrinin daxil ediləcəyi gözlənilir. İsrail bu təşəbbüsə şərti dəstək göstərsə də, təhlükəsizlik nəzarətinin tam şəkildə saxlanmasını tələb edir. Türk ordusunun da Qəzzada iştirakı planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan ordusunun sülhməramlı əməliyyatlarda ciddi təcrübəsi var. Ordumuzun əsgərləri Kosova, İraq, Əfqanıstan və Cənubi Sudanda sülhməramlı kimi iştirak edib.

Modern.az-a açıqlamasında təhlükəsizlik eksperti İlham İsmayıl bildirib ki, Yaxın Şərqdə məsələlərin müzakirəsi Azərbaycansız ötüşmür:

"25 dövlətin, o cümlədən Azərbaycan lideri bu gün Misirin Şarm Əl-Şeyx şəhərində toplaşır. Deməli, Yaxın Şərqdə baş verən proseslərdə hər dəfə Azərbaycanın iştirakı sadə məsələ deyil. Bu, Azərbaycanın beynəlxalq nüfuzuna münasibətdir. Məhz buna avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh müqavləsinin bağlanması ilə əlaqədar keçirilən Vaşinqton sammiti də təsirli olub. Yəni sülhə gedən, sülh müqaviləsini parafalayan dövlət kimi Azərbaycan rəğbət görür. Yenə deyirəm ki, Yaxın Şərqdə bu məsələlər Azərbaycansız müəyyən mənada ötüşmür. Ona görə ki, Azərbaycanın təcrübəsi var. Misal üçün Əfqanıstanda da Azərbaycan sülhməramlıları iştirak etmişdi".

İ.İsmayıl vurğulayıb ki, Azərbaycan əsgərinin Qəzzaya göndərilməsi ehtimalı yüksəkdir və bu onun nüfuzunun göstəricisi olacaq:

"Ora bizim konkret olaraq, əsgər göndərməyimiz mümkündür. Çünki bizim beynəlxalq təcrübəmiz var. Yaxın Şərqdə islam, eyni zamanda İsraillə dostluq faktoru da rol oynayır. Hər iki tərəflə dil tapmaq, danışmaq Azərbaycan ordusunun əsgərinin nüfuzu orada praktiki formada işlək olduğunun göstəricisi olacaq. Digər yandan Azərbaycanın yalnız İsrailin tərəfində olması, Fələstini dəstəkləməməsi kimi ciddi ittihamları aradan qaldıracaq.

Yəni bununla göstərəcəyik ki, biz sülhməramlıyıq, hər iki tərəfə münasibətimiz sülh yanaşmasıdır. Yəni ki, bizim özümüz də bu proseslərdən keçdiyimizə görə, təcrübə və nüfuzumuz olduğundan Azərbaycan dövlət başçısının Şarm Əl-Şeyxdə iştirakı və prespektivdə ora əsgər göndərməyimiz nüfuzumuzun xeyli artdığını göstərir. Biz Əfqanıstan da Türkiyə Silahlı Qüvvələri ilə birgəydik.

Mümkündür ki, indiki variantda da Türkiyə Silahlı Qüvvələri ilə eyni komandanlıq altında fəaliyyət göstərmiş olaq. Yenə deyirəm, bu bizim nüfuzumun göstəricidir. Sadəcə olaraq, biz BMT silahlı qüvvələri deyilik ki, deyək, hər dövlət, o cümlədən Azərbaycan da orada iştirak edir. Yox, bu belə deyil. Söhbət Azərbaycanın təcrübəsindən və nüfuzundan gedir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən Azərbaycana RUSDİLLİ ÖLKƏ damğası