"Henley & Partners" konsaltinq şirkəti 2025-ci il üçün yeni pasport reytinqini açıqlayıb. Reytinqdə ölkələr vətəndaşlarının vizasız səfər edə bildiyi istiqamətlərin sayına görə sıralanıb.
Modern.az xəbər verir ki, siyahıya Asiya ölkələri başçılıq edir.
Sinqapur pasportu dünyada ən güclü hesab olunub – bu ölkənin vətəndaşları 227 ölkə və ərazidən 193-nə vizasız səfər edə bilir. İkinci yerdə Cənubi Koreya (190 ölkə), üçüncü yerdə isə Yaponiya (189 ölkə) qərarlaşıb.
Şirkət qeyd edir ki, indeksin 20 illik tarixi ərzində ilk dəfə ABŞ pasportu dünyanın ən nüfuzlu on pasportu sırasına daxil olmayıb. 2014-cü ildə birinci olan ABŞ pasportu indi 12-ci yerdədir və bu mövqeyi Malayziya ilə bölüşür (180 ölkə). Şirkət bu enişi son bir ildə baş verən beynəlxalq dəyişikliklərlə izah edib.
Əhəmiyyətli geriləmə Böyük Britaniya pasportunda da müşahidə olunub, ötən il 6-cı yerdə olan britaniyalılar indi 8-ci sıraya düşüblər. 2015-ci ildə isə Böyük Britaniya siyahıya liderlik edirdi.
İlk onluqda əsasən Avropa ölkələri yer alıb:
4-cü yer: Almaniya, İtaliya, Lüksemburq, İspaniya, İsveçrə – 188 ölkə
5-ci yer: Avstriya, Belçika, Danimarka, Finlandiya, Fransa, İrlandiya, Niderland – 187 ölkə
6-cı yer: Yunanıstan, Macarıstan, Yeni Zelandiya, Norveç, Portuqaliya, İsveç – 186 ölkə
7-ci yer: Avstraliya, Çexiya, Malta, Polşa – 185 ölkə
8-ci yer: Xorvatiya, Estoniya, Slovakiya, Sloveniya, BƏƏ, Böyük Britaniya – 184 ölkə
9-cu yer: Kanada – 183 ölkə
10-cu yer: Latviya və Lixtenşteyn – 182 ölkə.
Reytinq dünya üzrə sərbəst hərəkət imkanlarını və beynəlxalq əlaqələrin gücünü əks etdirən ən nüfuzlu göstəricilərdən biri sayılır.