Pakıstan və Əfqanıstan arasında gərginlik yenidən silahlı toqquşmalara səbəb olub.
Modern.az "Tolo News"a istinadən xəbər verir ki, Əfqanıstanın şərqində, Nəngərhar vilayətində toqquşma yaşanıb.
Şahidlərin sözlərinə görə, atəş səsləri uzaq məsafədən eşidilib, tərəflər ağır silahlardan istifadə ediblər.
"Associated Press" bildirir ki, Pakıstanın şimal-qərb sərhəd bölgəsində Əfqanıstan silahlı qüvvələri ilə qarşıdurma qeydə alınıb. İslamabad qonşu ölkəni “əsassız silahlı hücumda” ittiham edib. Cavab olaraq, Pakistan artilleriyası Əfqanıstanın bir neçə hərbi postunu və tankını məhv edib. Bu, son bir həftə ərzində iki ölkə arasında ikinci sərhəd insidentidir.
"Daily Pakistan" yazır ki, Pakistan ordusu Hayber Paxtunxva əyalətinin Kurram dairəsindəki hücumdan sonra Əfqanıstan ərazisində yerləşən yaraqlı mövqeləri artilleriya ilə hədəfə alıb. Gərginlik, “Taliban” və “Fetna əl-Xavaric” kimi tanınan “Təhrik-i-Taliban Pakistan” qruplaşmasının Pakistan sərhəd postlarına atəş açmasından sonra daha da artıb.
Məlumata görə, Pakistan Silahlı Qüvvələri 11 oktyabrdan etibarən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Səudiyyə Ərəbistanı və Qətərin vasitəçilik çağırışlarından sonra 12 oktyabrda döyüşlər müvəqqəti dayandırılsa da, sərhəd-keçid məntəqələri hələ də bağlı qalır.
İslamabadın açıqlamasına əsasən, Pakistan ordusu 200-ə yaxın yaraqlını zərərsizləşdirib, Əfqanıstan ərazisində yerləşən 19 terror obyektini məhv edib və hücumlara dəstək verən tank batalyonunun qərargahına zərbə endirib.
Qeyd edək ki, Pakistanla Əfqanıstan arasında 2400 kilometr uzunluğunda sərhəd xətti mövcuddur və onun bəzi hissələri hələ də mübahisəlidir.
13 oktyabrda ABŞ Prezidenti Donald Tramp açıqlama verərək bildirib ki, Əfqanıstan və Pakistan arasındakı hərbi qarşıdurmaya “sülh prosesini yaxşı bildiyi üçün” müdaxilə etməyə hazırdır.